ÖTMÜŞ QATAR… 1.

Rəna xanım otaqları bir – bir gəzib nəzarətdən keçirdikdən sonra kabinetinə qayıtdı. Stolun üstündəki qovluğu açdı , vərəqləri səliqə ilə çıxarıb gözdən keçirməyə başladı .Bayram şənliyi üçün hazırlanmış tədbirlər planını diqqətlə oxuyur, bəzi əlavələr edirdi.

Qapının qəfil açılması onu təəccübləndirsə də , təmkinini pozmadı.Eynəyini çıxarıb bir qarşısındakı qocaya , bir də günahkar görkəm almış texniki işçiyə baxdı.

Baxışının sərtliyindən özünü itirmiş texniki işçi dil – dodağı əsə – əsə tələsik vəziyyəti izah etməyə çalışdı :
-Vallah Rəna xanım , mən babanı içəri keçməyə qoymurdum, təkid etdi …Yenə razı olmadım , – başını aşağı saldı , – qapını örtmək istəyirdim ki …ayağını qapının arasına qoydu …gücüm çatmadı , o da bundan istifadə etdi …Qapıdan keçib birbaşa otağınıza gəldi , – başını qaldırıb qocaya baxdı…

Qoca , müdirənin çatılmış qaşlarından vəziyyətin gərginləşdiyini hiss edib qabağa keçdi :
-Müdirə xanım , işçinizin heç bir günahı yoxdur . O , doğru deyir . Amma mənim də başqa çarəm yox idi .Dəfələrlə yanınıza gəlib narazılığımı bildirmək istəmişəm, qapını üzümə bağlayıblar . “Qəbul saatı deyil “ deyiblər. Sizi harda görək? Dərdimizi harda deyək?
Rəna qocanın yüksələn səs tonundan , əllərinin əsməsindən ciddi əsəbilik keçirdiyini aydın hiss edirdi . Gərginliyi aradan qaldırmaq üçün sakit səslə:
-Mən sizi həmişə dinləməyə hazıram , – dedi, – buyurun , əyləşin.
Qoca bir söz deməyib , yaxınlıqdakı stulu çəkdi . Rənanın baxışlarından “ get” işarəsini anlayan texniki işçi cəld otaqdan çıxdı .

Araya qısa bir sükut çökdü . Qoca dərindən nəfəs alıb :
-Məni bağışlayın , xanım , – dedi , – Rənanın üzünə baxmadan , başıaşağı danışmağa başladı , – Orxan mənim sevimli nəvəmdir . Onunla nəfəs alıram , onu görəndə bütün ağrı – acılarımı unuduram , – sözünə ara verdi , – oğlumla gəlinim mənim etirazıma baxmayaraq , uşağı sizin bağçaya yazdırdılar, – birdən səsi sərtləşdi , – indikilər böyük sözünü eşitmək istəmirlər!
-Əsəbiləşməyin, – Rəna bacardığı qədər sakit görünməyə çalışdı ,- burda qeyri – adi bir şey yoxdur . Uşaq bağçası uşaqlar üçün nəzərdə tutulub.Uşağın da uşaq müəssisəsində tərbiyə alması normal haldır , – gülümsədi,- cavanları da qınamayın, yəqin ki, iş – güc adamıdırlar.
-Hə , elədir…Bilirsiz , Orxan son zamanlar tez – tez xəstələnir. Gah öskürəkdən boğulur , gah qızdırmadan yanır …Uşaq zəifləyib əldən düşüb.Mən…Mən belə başa düşürəm ki, …bağçanızda uşaqlara yaxşı baxmırlar . Nə yeyib, nə içdikləri də məlum deyil . İnciməyin, bağçanızın fəaliyyəti çox aşağı səviyyədədir…

Qoca başını yerdən qaldırmadan danışır, Rəna onun üzünə baxsa da , onu dinləmirdi…Qocanın dümağ saçlarına , danışdıqca çatılan qaşlarına , qırışmış üzünə , əllərinə baxırdı.Qoca isə dil – boğaza qoymadan danışırdı…
Rəna onun sözünü kəsmək fikrində deyildi, əksinə …dinlədikcə, dinləmək istəyirdi ; həmin səsi…Dinlədikcə də xəyalən onunla fərqli bir söhbət edirdi : “Həə, həyat nəhayət ki , bizi qarşılaşdırdı…Xoş gördük , Aydın!…Mən səni tanısam da , sən məni tanımadın…heç…heç üzümə də baxmırsan…Həyat səni çox yorub deyəsən…Eynən mənim kimi …Ehh…Biz həyatdan nə gözləyirdik , həyat bizimlə hansı oyunu oynadı…Xoşbəxt insana oxşamırsan , yox , oxşamırsan…Küskünsən…”
-Bağışlayın , bəlkə də əsəbi danışıram , – qocanın səsinə xəyallardan ayıldı , – amma bunları bilməlisiniz . Uşaqlar sizə etibar olunur!
-Bəli , – Rəna özünü ələ aldı , – uşaqlar bizə etibar olunur . Nəzərinizə çatdırım ki , bağçamız şəhərin ən nüfuzlu bağçaları sırasındadır . Dəfələrlə dövlət təşkilatları tərəfindən diplomlarla , fəxri fərmanlarla mükafatlandırılmışıq ., – sözünə ara verdi ,- o ki qaldı nəvənizin tez – tez xəstələnməsinə , bəli , belə hallar olur ; uşaq ev şəraitindən birdən – birə başqa mühitə düşdükdə orqanizmində dəyişiklik baş verir . Mühitə uyğunlaşdıqca , tədricən bunlar keçib gedəcək . Uşaqların qidalanması isə ciddi nəzarət altındadır , mətbəximizə hər gün yeni ərzaq gətirilir , – indi də Rəna hiss edirdi ki …qoca onu dinləmir…sadəcə…üzünə baxır…

O danışdıqca Aydın udqunur , gözlərinin ifadəsi dəyişir , baxışları mülayimləşirdi.
Rəna bu baxışların təsirindən qurtulmaq üçün gah eynəyini silir , gah gözlərini yana çəkir , gah da başını aşağı salırdı.

Nəhayət , söhbəti yekunlaşdırmaq qərarına gəldi :
-Siz heç narahat olmayın. Hər şey yaxşı olacaq . Sizi tam əmin edirəm. Uşaqlar elə bu cür böyüyür. Ümidvaram ki, gələn dəfə bura təşəkkür məqsədilə gələcəksiz.

Aydın ayağa qalxdı . Başı ilə deyilənləri təsdiqləyib qapıya tərəf getdi. Çevrilib bir də Rənaya baxdı . Bir söz demədən otaqdan çıxdı.
Rəna əlləri ilə alnını ovuşdurdu .Üzünə gələn soyuq təri yaylıqla sildi.Daxilindəki təlatümü yatırmağa çalışdı. Əlindəki vərəqləri o tərəf – bu tərəfə çevirsə də , fikrini bir yerə cəmləyə bilmirdi .
Qapının asta tıqqıltısı sakitliyi pozdu . Gələn musiqi müəlliməsi idi :
-Rəna xanım , bir azdan məşqimiz başlayacaq , – dedi . Baxmaq istəyirsizmi?
Rəna heç düşünmədən:
-Hə…Hə…Siz başlayın , mən də gəlirəm , – dedi. 
Güzgünün qarşısına keçib özünə diqqətlə baxdı. Alnındakı qırışlara , dən düşmüş saçlarına baxıb köks ötürdü . Zaman çox şeyi dəyişmişdi …Qəddarcasına dəyişmişdi.

İş gününün sonunda bomboş boşalmış bağçanı bir də gözdən keçirib , gözətçiyə təhvil verdi . 
Dayanacağa tərəf aramla addımlamağa başladı. Arxada addım səsləri eşitsə də , məhəl qoymadan , öz fikirləri , xəyalları ilə başbaşa irəliləyirdi.

Birdən lap yaxında, sakitcə kimsə “ Rəna…” dedi.

Govher Rustamova
www.kafiye.net