QADIN SİRLİ DÜNYADIR…
34-cü bölüm.

Adilə xanım dəstəyi qaldırdı.Gülnarın səsini eitcək şad xəbəri deməyə tələsdi :
– Gözünüz aydin ,cavabları laboratoriyadan elə indicə götürmüşəm.Hər şey gözlədiyimizdən də yaxşıdır , Süsən tam sağlamdır ! Heç bir müalicəyə ehtiyac yoxdur !

Gülnarın sevincdən gözləri yaşardı Məmnun nəzərlərlə Süsənə baxdı , başı ilə ona “Hər şey yaxşıdır !” işarəsini verdi.Süsənin gözlərində sevinc yaşları parıldadı,başını göyə qaldırıb astadan ” Allah, sənə çox şükür! ” dedi.
Gülnarın həkimlə söhbəti xeyli çəkdi.Süsən həsrətlə söhbətin bitəcəyi anı gözləyirdi.Gülnardan hər şeyi təfərrüatı ilə eşitmək istəyirdi.Gözü onun üzündə idi.Amma söhbət uzandıqca Gülnarın üzündəki ifadənin tədricən dəyişməsi onu yenidən narahat etməyə başladı.Ürəyində ” Görəsən həkim ona nə deyir,Gülnarı danışa-danışa düşünməyə vadar edən nədir ?”,-deyə narahat oldu.

Nəhayət , Gülnar :
– Bəli , həkim…Ola bilər…Bəli,bəli…Baş üstə…Mütləq.., -.deyib Adilə xanıma təşəkkür etdi və sağollaşıb dəstəyi asdı.
Bir neçə saniyəlik gözləri yol çəkdi.Süsənin səbri çatmadı:
– Gülnar, hər şeyi olduğu kimi danış ,məni intizarda qoyma.
Gülnar:
-Narahat olma ,əzizim ,-dedi ,- Hər şey yaxşıdır ,sən tam sağlamsan ,heç bir müalicəyə ehtiyac yoxdur.
– Bəs səni narahat edən nədir ?
– Adilə xanım deyir ki,adətən belə hallarda kişi də müayinə olunmalıdır. Kişilər özlərini kənara çəkib , qadını günahlandırırlar.Çox vaxt isə özlərini ,və ya hər iki tərəfi müalicə etmək lazım gəlir…Qəribədir,ay Süsən,heç işin bu tərəfi ağlımıza gəlmirdi…
-Gəl belə edək Gülnar , Muradın adamları gəlib – getsin , mən Elşənlə danışaram.Burda çəkinməli nə var ki? Biz getdiyimiz kimi, o da vaxt tapıb müayinədən keçər.
-Yaxşı bacı,vaxt keçir.Gedək hazırlığımızı görək.Düz deyirsən, hələlik bu söhbət burda qalsın , işlərimizi yoluna qoyaq, ehtiyac olarsa, Elşənlə özün danışarsan.

Bir neçə gündən sonra Zivər özü yaşda ağbirçəklərlə bərabər Muradgilin elçilərini qəbul etdi.Təyin olunan gün Qadir kişi ,Elşən və bir neçə ağsaqqal kişi elçilərə razılıq verib şirin çay içdilər.Yaxın günlərdə Gülnara nişan gələcəkdi.Novruz bayramı ərəfəsində isə toy etmək qərara alınmışdı.Hər iki evdə xeyir işə hazırlıq gedirdı.Süsən Gülnarın ailə quracağına ürəkdən sevinsə də,onun bu evdən köçməsini düşündükcə darıxırdı. Səhər açılandan Elşən gələnə qədər tək-tənha necə qalacaqdı?…Sonra özü -özünə ürək-dirək verirdi :” Allahın köməkliyi ilə bizim də körpələrimiz olar,başım qarışar , təki Gülnar xoşbəxt olsun. Yaxşı ki,uzağa köçməyəcək, bir – birimizdən çox da aralı düşməyəcəyik”…

Gülnara çox təmtəraqlı nişan gəldi.Zövqlə bəzədilmiş xonçaların sayi-hesabı yox idi.Hamı onun bu şad gününə ürəkdən sevinir, üzündən öpüb xeyir-dua verirdi.Ən çox sevinən isə Muradın ata-anası idi. Səbrsizliklə Gülnarın gəlin gələcəyi günü gözləyirdilər.Nigar da yerə-göyə sığmırdı.Hədiyyə aldığı qızıl boyunbağını Gülnarın boynuna taxıb üzündən öpdü,xeyir -dua verib,ona Muradla bərabər xoşbəxt günlər arzuladı.

Qonaqlar gedəndən sonra qızlar xonçaları,hədiyyələri yerbəyer edir,qonşu evlərə şirni paylayırdılar.

Govher Rustamova
www.kafiye.net