ŞALVAR
Not: Azerbaycan Türkçesine çevrilen “PANTOLON” isimli öyküm

Zeynalabdin illər öncə Tuzlucanın dağ kəndlərindən gəlib Tamahkar kəndinə yerləşmişdi. Kənddə demək olar ki, hər kəsin bir ləqəbi vardı. Zeynalabdinin ləqəbidə Dağlı Zeynavdıydı. Kəndinin yararsız torpaqlarını tərkedib, verimli münbit torpaqlara köç etmişdi. Yaşlanmasına baxmayaraq hələ də torpaq sahiblərinə rəncbərlik edirdi. Boyunun ucalığı ortadan bir az artıq idi. Almacıq sümükləri kənara doğru çıxmış, ovurdları son illərdə əməlli-başlı çökmüş, kiçik qara gözləri çuxura düşmüşdü. Üzünün suyu çəkilmiş; kosa sifəti qışın ayazında çatlamış, soyuqdan qovrulmuşdu.

“Bu qoca dünyada payımıza fəqirlik düşdü. Atamda fəqirdi, onun atası da. Yeddi sülaləm də fəqirdi” -deyərdi. Elə bir maddi imkanı yoxdu, amma fəqirliyə bağlı könlü çox zəngindi. Fəqirliyə də alışmışdı, özünə çox dadərd etmirdi. Dərd etsə nə olacaqdı ki? Birisi yarasına məlhəmmi olacaqdı? Olarsa yeyər, olmazsa ac gəzər, heç kimsənin önündə əyilməzdi.

Bütün bunlara baxmayaraq xasiyyətində əhli-keflik də vardı. Davul, zurna səsi, harada olursa olsun, onu özündən alıb aparar,“gup-gup” döyünərdi ürəyi. Qanı qaynar, əzələləri səyriməyə başlar, yerində dura bilməzdi. Əlinə bir dəsmalalıb olduğu yerdə oynamağa başlardı.

Həsrətlə gözlənən baharın gülümsəyən üzü ağaçlarda rəngarəng çiçək olmuş, torpaq yaşılın çalarlarını sərgiləməyə başlamışdı. Leyləklər uzaq diyarlardan yazlıq yuvalarına dönmüş, kəndli dağda, bayırda işə başlamışdı. Günəş aylar sonra göy üzündə pambıq yığınını andıran topa-topa buludların arasından üzünü göstərməyə başlamışdı. Kəndin nəşəsi də yerinə gəlmişdi.

Bitmək bilməyən qış aylarından sonra kənddə ilk dəfə bir toy olacaqdı. Günəş yavaş-yavaş dağların arxasına çəkilməyə hazırlanarkən mahir bir rəssam kimi göy üzünü qızıla boyamışdı. Sanki boğçasından qara ipək örtüsünü çıxarıb səssiz-sədasız, ağır-ağır kəndin üstünü səliqə ilə örtmüşdü. Hava qaralar-qaralmaz kənddə nağara, qarmon səsi duyulmağa başlamışdı.

Qarmon səsi palçıq damlı, kərpiç divarlı, kiçik bacası olan tək otaqlı evdə yandırıb-yaxır, Dağlı Zeynavdının ürəyinin yağını damla-damla əridirdi. Zey-navdı yerində dura bilmirdi, ayağının birini götürüb o birini qoyurdu…

Dağlı Zeynavdı, Qulu bəyin düyündə geyməsi üçün əmanət etdiyi ispan şalvarı səliqə ilə yığdığı yüklükdəki yorğan-döşəyin arasından alıb geydi. Yaxşı aşılanmış kəmərini taxdı. Şalvar əyninə bir az böyük olsa da,amma istifadə edə bilərdi. Gec qaldığını düşündü. Əyninə dətələsik çox sevdiyi sarı köynəyini keçirib, kəl başını şapqası ilə örtdü. Son dəfə yuvarlaq xoruz rəsmli kiçik cib aynasına baxdı; alnının qırışları dərinləşmiş, kosa sifətinin suyu çəkilmiş dərisi qırış-qırışdı.

Toyun uzaqdan axıb gələn sehrli səsi onu məstedir; kiçik qara gözlərində sanki nəğmələrə ritm tuturmuş kimi almasdan parıltılar oynaşırdı. Başını sağa-sola yelləyərək dərin-dərin içini çəkdi, “Sən də bir gün görmədin, yazıq sənə yaşlanırsan Zeynavdı,” deyə söyləndi. Üstünü-başını yoxladı. Əyni-başı yerindəydi, şalvar da jilet kimiydi.

Təzək qoxulu, torpaq yığını olan evindən çıxmağa hazırlaşarkən evin incə bığlı, qoca qulaqlı siçovullarından birisi ilə göz-gözə gəldi. Siçovul incə uzun quyruğunu keçənin üzərinə uzatmış, qısa qabaq ayaqlarını qaldırmışdı; güc-bəla ayaq üstə dururdu. Qara gözləri aclıqdan solmuş, qaytana bənzər bığları qızartısı solmuş burnu üzərində oynaşırdı. Dağlı Zeynavdı, siçovulu görüncə gülümsədi. Əlini siçovula doğru uzadaraq “Nəyinə güvənib yolumu kəsirsən Allahın heyvanı. Söz də dinləmirsən. Neçə dəfə dedim, get qonşum Qulu bəyin evinə. Onun yağlı, qaymaq kimi tulum pendiri var, qovurmalıq qırmızı buğdası, ağ unu var. Məndə nə var? Məndə pendir olsa, dərman deyə gözümə soxacağam. Qurban olduğum Allah məni kasıblıqla, yoxluqla, aclıqla imtahan edir, Qulu bəyidə zənginliklə. Bir az da məni zənginliklə imtahan etsə nə olardu sanki? Qiyamətmi qopardı? Ömrüm tükəndi, bitdi.İmtahan hələ bitmədi. Bitəcəyə də bənzəmir. Gəl, inad etmə. Ən yaxşısı, sən Qulu bəyin evinə get.” deyə

söylənərək evdən gülə-oynaya çıxarkən, siçovul evin pişiyinin hücumuna məruz qalmış, son anda canının qurtarmaq üçün özünü torpaq divarın deşiyinə atmışdı.

Dağlı Zeynavdı, kəndin içindən gələn davul, qarmon səsinin tilsiminə düşmüşdü. Toyun keçiriləcəyi kənd meydanına doğru getməyə başladı. Ürəyi dıp-dıp döyünür, kəndin torpaq yollarını sürətlə ölçürdü. Kəndlilər toya gəlmiş, hər kəsin gözü onu axtarırdı.

Cəfər, Dağlı Zeynavdının gəldiyini görüncə mikrofonu əlinə aldı. Şeyx Şamil şeirini oxumağa başladı. Alqış tufanı və fit səsləri arasında Zurnaçı Narvız, zurnanı avaz-avaz mələdir, davulun göbəyinə toxmaq endirilir, yer-göy inləyirdi. Qarmon isə ən gözəl melodiyaları ilə Dağlı Zeynavdıya xoş gəldin deyirdi.

-Zeynavdı əmi gəlir!

-Hanı mən görmürəm!

-Aha bax gəlir!

-Çəkilin, qardaşlar, bacılar.

-Yol verin, Zeynavdı əmiyə.

-Gup, gup, gup!

Dağlı Zeynavdı, aylarla qursağından ət keçməməsinə baxmayaraq əlindəki çöplə dişlərinin dibindəki ətləri təmizləyirmiş kimi edərək, çöpü fırladıb atdı. Uçuş meydanı olaraq istifadə edilən sahənin ortasına əsəbi şəkildə yaxınlaşdı. Başı dik və məğrur; gözləri irəlidə, qolları çiyninin səviyyəsinə qanadlanmış, ayaq barmaqları ucunda meydanda fırlanırdı. Kəndlilər meydanın ətrafını bütünlüklə əhatə edərək halqa yaratmışdılar. Cəfər alqışlar və fit səsləri altında Şeyx Şamil şeirini oxuyurdu.

“Şamil Qafqaz dağının hürriyyət günəşidir.

Atatürkün özbəöz qardaşıdır.

Şamili bilməyənlər atasını nə bilər…”

Dağlı Zeynavdı, musiqinin ritminə özünü əməlli-başlı kökləmiş, döşəmədə dörd fırlanır, ləzginka rəqsinin bütün figurlarını sərgiləyirdi.

Sağ qıçını Almaniyada fabrikin çarxına salıb itirmiş protez ayaqlı Qulu bəy isə hop oturur hop qalxır, Dağlı Zeynavdını izləyirdi. Gözlərini Zeynavdının toyda geyməsi üçün verdiyi şalvara dikmişdi. Kənardan əmrlər verirdi.

“Uşaqlar, yerə su səpin toz olmasın. Zeynavdı can,yavaş oyna, toz etmə. Aman, dizini yerə vurma. Şalvarım diz verəcək. Hələ mən heç geyməmişəm. Tam iyirmi lirəyə almışım. Amandı yavaş oyna, qurban olum, yavaş oyna. Naze bacının xəbəri olsa məni evə qoymayacaq. Amandı, yavaş oyna, qurban olum yavaş oyna. Dərzi Saloya iki ay sınağa getdim, gəldim. Canım çıxdı. Rəsmin gəlsin mənə, yavaş oyna. Hoplama, zıplama,amandı yavaş oyna …”

Dağlı Zeynavdının, Qulu bəyin bu hərəkəti üzündən diqqəti dağılır, heç cür özünü bütünlüklə oyuna həsr edə bilmirdi. Birdən durdu, Qulu bəyə “Yetərartıq, məni rüsvay etdin.”deyərək bağırdı.

Hər kəs susmuşdu. Bir anda ətrafa bir ölü səssizliyi çökdü. Ağrı dağının böyür-başından bir-birindən gözəl qoxuları toplayıb gətirən rüzgar beləfit çalmağa ara vermiş, dağdan, daşdan səs çıxmaz olmuşdu. Ay olduğu yerdə asılı qalmış, ulduzlar nəfəsini çəkib durmuşdu. Hər kəsin gözü Dağlı Zeynavdının üzərindəydi. Kəmərini çözdü, düyməsini açdı və şalvarını bir hərəkətlə çıxararaq vızıldatdı…

“Al, başına dəysin… Al, gözünə girsin!” Şalvar qanadlanıb Qulu bəyə doğru uçuşa keçmişdi ki, Qulu bəy tez cumaraq, şalvarı yerə düşmədən yaxaladı. Dağlı Zeynavdı başındaki əski, yağlı şapqasını da fırladıb atmış, artıq tam rahatlamışdı.

Uzun mavi naxışlı donunu görən xalq coşmuş, alqış tufanı ərşə çıxmışdı. Davul, qarmon səsi yeri-göyü yenidən inlətməyə başladı.

Dağlı Zeynavdı havaya sıçrayıb, dizləri üzərinə yerə düşüb, yerdə fırlanır, təkrar göy üzünə doğru qanad açırdı…

Mehmet KUM
www.kafiye.net