QAYIDAQ BİR DƏ.

Bir sən ol,bir də mən,dərd-sər olmasın,
Dolaq misralara,gülək şeirdə.
Demirəm dünyada bəşər olmasın,
Sadəcə olmasın biz olan yerdə.
**
Vüsal qılınc çəkib həsrəti yolsun,
Dolur sinəmizə eşq odu dolsun,
Qoy bütün üstünlük sevgidə olsun,
Heç vaxt üstünlüyü verməyək dərdə..
**
Elə yer seçək ki,yol tapmasın dərd,
Nisgil üzümüzə baxmasın sərt-sərt,
Hicrana namərd de,təmiz eşqə mərd,
Çalış dəyişməyək mərdi namərdə.
**
Dünyanı dərindən gəl eyləyək dərk,
Basaq bağrımıza sevgini bərk-bərk,
Haqqın möhürünü xeyirə versək,
Onda çəkiləcək kənara şər də.
**
Sevincdən yaşarsın gözlərim mənim,
Həsrət sevdamıza olmasın qənim,
Bir də xahişim var ay mənim tənim,
Elə et o yerə qayıdaq bir də.

Nazlı Hacılı
www.kafiye.net