İNCİMƏ

Gözlərim heyrətdən çaş kimi olub,
Ürəyim həsrətdən daş kimi olub,
Vüqarım qeyrətdən boş kimi olub,
Sən məndən incimə, incimə vətən!

Bu necə döyüşdü biləmmirəmsə,
Yolları tapdayıb gələmmirəmsə,
Ayağın altında öləmmirəmsə,
Sən məndən incimə, incimə vətən!

İllərdi şərqinə yamağam, budam,
Vermirlər silahı, əlimdə tutam,
Vuruşam, çarpışam, döyüşü udam,
Sən məndən incimə, incimə vətən!

Otuz il danışıb yorulmamışıq,
Bütöv olmamışıq, sarılmamışıq,
Uzaqdan şükr elə qırılmamışıq,
Sən məndən incimə, incimə vətən!

Tanrı kömək olsa gələcək o gün,
Bitəcək vətəndən vətənə sürgün,
Daşınıq, boş qalmaz uçulan hörgün,
Sən məndən incimə, incimə vətən!

Təvəkkül Goruslu. 15.05.2019.
www.kafiye.net