ƏSKİLİN

Hər il ömrümüzdən bir yarpaq düşür, 
Qarabağ yarpağı, vətən yarpağı! 
Qəlblərdən könülə odlu ah düşür, 
İşğalda inləyir vətən torpağı!

Şuşamız indi də Şuşi olubdu, 
Yağılar şənlənir, bayramlar edir! 
Ölmədik. ..erməni kişi olubdu, 
Gorusdan Şuşaya karvanlar gedir.

Gündə bir etiraz notası yazıb, 
Biz də işimizi bitmiş bilirik. 
” Dünyanın siyasi xətası ” yazıb, 
Özünü arzuya yetmiş bilirik!

Məskən elədikcə erməni yurdu, 
Biz burda köçkünə evlər tikirik. 
Milyardlar xərcləyib, yaradıb ordu, 
Önünə atəşkəs toru çəkirik!

Gör neçə illərdi xülya qurmuşuq, 
erməni könüllü gedəcək yurddan. 
Nəyi gözləyirik, niyə durmuşuq, 
Nə vaxtdan çaqqallar yurd alıb qurddan!

Guya ki, uğurlu siyasət qılıb, 
Dərsini veririk erməni “hayın”.
Düşmənsə işində, torpağı alıb, 
Eşitmir zavallı xalqın ah – vayın .

Şoular, konsertlər verir kanallar, 
” Xəbərlər ” yalnızca reform söyləyir. 
Keyfdə – damaqdadı haqqı dananlar, 
Yalanla millətin ruhun piyləyir!

Riyadan don geyən siyasətçilər, 
Özü danışdığın özü anlamır. 
Bilir ki, ağ yalan mey tək içilər, 
Bu millət heç kimi sormur, danlamır.

Əlqərəz, a millət olmuşuq məğmun, 
Öldürün bir təhər vətən nisgilin! 
Bir az az sevişin, bir az az doğun, 
Torpaq əskilibsə siz də əskilin! !!

Təvəkkül Goruslu. 11.05.2019
www.kafiye.net