Qəlbim Bankomat kimidir.

Bax ekrana, feyziyab ol, 
İndi hamı şad kimidir,
“Halal”dı tutulan bu yol,
Bizə etimad kimidir.

Efir ruhumuzu yeyir,
Hamı yazır, şeir deyir,
Şou, qalmaqal və sair,
Beynimiz tomat kimidir.

Nə ilə edək iftixar,
Dünya bizə olubdu dar,
Təhsilə hər şərait var,
Millət bisavad kimidir.

“Halal TV”, “halal deyim”,
Halal bədən, halal geyim,
Halal söz tapmıram söyüm,
Mənəviyyat çat kimidir.

Ürək köklənib qəhərə, 
Öz halına qalıb hərə,
Xanım var ki, dönüb ərə,
Ər də var arvad kimidir.

Siçan “yol tapıb” pişıyə,
Ehtiyac yoxdu deşıyə,
At var dönübdü eşşəyə,
Eşşək də var, at kimidir.

Cismim gəzir əldə çəlik,
Ruhum qəmdən dəlik-dəlik,
Amma təbim birdəfəlik,
Qurulmuş saat kimidir.

Lazım deyil dedi-qodu,
Sönməyib köksümün odu,
Kartı sal, daxil et kodu,
Qəlbim Bankomat kimidir.

Çingiz Kürdəmirli.
www.kafiye.net