GECƏLƏR

Hərdən deyirəm Allah,
Nə yaxşı gecələr var.
Yuxum kipriklərimə,
Düzülür qatar-qatar.
Hərdən də xəyallarım,
Edib məni tari-mar,
Ruhu candan qoparıb,
Gedib düşür dərbə-dər,
Məni məndən eyləyir,
Bu yuxusuz gecələr.

Yenə yuxum tökülür,
Durmadan əsnəyirəm.
Gözlərimi yumaraq,
Bir az ninni deyirəm.
Qədrimi bilmir gecə,
Ki, ona baş əyirəm.
Əyilirəm önündə,
Bir qara quldan betər
Bəzən qorxudur məni,
Bu qorxusuz gecələr.

Budur qəlbimi yenə,
Yandırıram oduma.
Kipriklərim qovuşub,
Yetməyir imdadıma.
Yenə vətənim mənim,
Gəlib düşüb yadıma
Darıxır xəyallarım,
Hey uzanıb sərbə -sər,
Üşüdərək ruhumu,
Eyləyir buz gecələr.

Hərdən oxşayıb məni,
Sanki verir təsəlli.
Heç bir zaman olmayır,
Nə sağı, solu bəlli.
Yapışır boğazıma,
Hərdən də iki əlli,
Hirsini məndən alıb,
Saatları edir çər,
Qıcayır dişlərini,
Mənə quduz gecələr.

Aha bax bir səs gəlir,
Qulağıma , taq-taraq.
Deyəsən saat mənə,
Gətiribdir bir soraq.
Bezikibdir əlimdən,
Bu gecə də ağ varaq.
Düzülüb üzərinə,
Misralarım təzə-tər,
Uzandıqca uzanır,
Sanki, sonsuz gecələr.

Sanki bu gecə mənim,
Ömrümü kəsib biçir.
Çəkdiyim acılarım,
Gəlib gözümdən keçir.
Gəlməyəcək sabahın,
Deyib mənə and içir.
Bu Tanrı yazısısa,
Yazıq bəndə neyləyər.
Duyğulunu yuxusuz,
Yenə qoyduz gecələr.

Müəllif. Metanet Duyğulu.
26.04.2019
www.kafiye.net