ÖZÜNÜZÜ, DİLİNİZİ SEVİN VƏ HÖRMƏTLİ TUTUN! 

Salam, əziz soydaşlarım!

Bilirəm ki, indi yazacaqlarımı bir-iki nəfər oxuyacaq.Buna rəğmən içimdə bir yanğı var, yazmaq yanğısı, odur ki, yazacam.
Şüurumuzda əvəz- əvəz prinsipi ən önəmli yerdədi. Sosial şəbəkədə şeir paylaşdım, dəyərindən asılı olmayaraq kimsə bəyəndisə mən də onun şeirin bəyənəcəm, yox bəyənmədisə lap belə poeziya nümunəsi olsa da bəyənməyəcəm. Deməyim odur ki, şəxsi prinsiplər ümumi prinsiplərdən çox öndə gedir. Şəxsi həyətyanı sahəmizdən bir qarış olsun belə bir kimsəyə vermərik, silah götürüb vuruşarıq. Canımızdan , qanımızdan keçərik, amma vermərik!
Erməni şərəfsizlər doğma yurd- yuvamızdan bizi didərgin saldılar, Dağlıq Qarabağdan əlavə yedi rayonu işğal elədilərsə də artıq burda əvəz- əvəz prinsipi rol oynamır. Bir qərinədən çoxdu ki, torpaqlarımız işğal olunub , qaytarmaq üçün heç bir cəhd olunmur!
Bilirsiniz nəyə sevinirik, erməni danışıqların formatını dəyişmək istədi, amma ATƏT bunu qəbul eləmədi, buna bir uğur donu geyindiririk. Utanmasan oynamağa nə var! Erməni işğal olunmuş ərazilərdə məskunlaşma aparır, biz burda sevinirik ki, erməniləri bütün iqtisadi layihələrdən kənarda saxlamışıq! Gülməlidi ya ağlamalı bunu Siz deyin!
Qocalarımızın, körpələrimizin başının skalpı çıxardıldı, başından qapılara mismarlandılar, yandırıldılar, qızlarımızın, qadınlarımızın namusuna toxunuldu, qisas haqqında, əvəz çıxmaq haqqında düşünmürük.
harda qaldı əvəz- əvəz prinsipi!?
Niyə xalq kimi, millət kimi özümüzə, hətta dilimizə hörmət qoymuruq?
Bütün elit müəssisələrdə, hətta özünü elit sayan ailələrdə rus dilindən danışıq dili kimi istifadə edilir.
Ölkəmizdə iki yüzdən çox sırf rus dilli məktəb olması ilə fəxr edirik. Hansı ki, hətta sovet dönəmində Pribaltika respublikalarında , bizim qonşu respublikalarda müəssisələrdə , təşkilatlarda qapı üzərində bir dənə olsun rus dilində sözə rast gəlməzdin. Həmin millətin nümayəndəsindən rus dilində nəsə soruşsan heç cavab da verməzdilər, bizdə isə rus dilində danışmayana “ çuşka” deyirdilər!
Niyə millət kimi özümüzə hörmət qoymuruq?
Yeganə millətik ki, başqa dillərdə də onlar danışan kimi danışmağa çalışırıq, hətta öz xüsusi isimlərimizi tərcümə edəndə o millətin nümayəndəsi kimi ağzımızı əyə- əyə deyirik. Başqa millətlərin heç birində bunu duymadım!
Böyük faciə qarşısındayıq əziz soydaşlarım, özümüz olmaq istəmirik, özgələrə bənzəməklə fəxarət duyuruq!
Özü olmaq istəməyən, başqalarına bənzəmək istəyən bir millətə heç bir başqa millətin nümayəndələri hörmət etməz! Bunu unutmayın!
ÖZÜNÜZÜ, DİLİNİZİ SEVİN VƏ HÖRMƏTLİ TUTUN!
Yazdıqlarımı oxumasanız belə içimdə bir yüngüllük hiss elədim.
Hörmətlə, yurd-yuvasına- Gorusuna həsrət qalan, Təvəkkül Goruslu.

Tevekkül Gorüşlü / 11.03.2019.
www.kafiye.net