ÜRƏYİM

Bir ovuc köz olub misraya düşən,
Sözlərlə qorlanan, yanan ürəyim!
Şaxtayla, ayazla alovsuz bişən,
Misrada üşüyən, donan ürəyim!

Kədərlə yoğrulan, qəmlə üzülən,
Sözbəsöz misraya daman, süzülən,
Ritm ilə hıçqıran, içdən çözülən,
Baxışdan, duruşdan qanan ürəyim!

Çoxları görməyib yanından keçən,
Qəhəri, nisgili fitriylə seçən,
Bəsirət gözüylə içdikcə -içən,
Dərd edib çırpınan, sınan ürəyim!

Saatla döyünən, hər zaman dəqiq,
Gövhər tək parlayan, sinəmdə əqiq,
Eşq ilə sevdiyi yarına sadiq,
Canından çox sevən canan ürəyim!

Sevincdən pəhrizli, kədəri yeyən,
Yaxşını öydükcə, pisliyi döyən,
Gördüyün söz ilə, nəzm ilə deyən,
Misrayla, şeirlə anan ürəyim!

Təvəkkül Goruslu.19.02.2019.
www.kafiye.net