H ə s r ə t i n i q o x l a d ı m

Bu gecə də gəlib keçdi beləcə…
Nə qələm göz yumdu,nə mən yuxladım.
Gülüm,sənin əvəzinə gör, necə
Doya-sıra həsrətini qoxladım!

Qələm deyil,həsrətindi əlimdə,
Həsrətin də,gülüm,sənin nə şirin!
Yolum-irzim,imanım da,dinim də
Sənin qulun,sənin kölən,əsirin!

Həsrətin də ətirli gül kimidi,
Barı,qoyma saralmağa,solmağa!
Sevməmişdən axı,səni,kim idim?
Alışdırdın Kərəm,Məcnun olmağa.

Sevməmişdən axı,səni,kim idim?
Küçələri səfil gəzən avara!..
İndi mənə həsrətin də bəsimdi,
Ki dil yana,dağa-daşa yalvara.

Həsrətindi indi məni yaşadan,
Həsrətindi hər misram,hər sözüm də.
Həsrətindi sabahıma doğan dan
Həsrətindi başdan-başa özüm də…

…Bu gecə də gəlib-keçdi beləcə,
Nə qələm göz yumdu,nə mən yuxladım.
Gülüm,sənin əvəzinı gör,necə
Doya-sıra həsrətini qoxladım!..


Məzahir İsgəndər
www.kfiye.net