Torpaq qoxusu
(hekayə)

Yol yoldaşım qonşum Fəridlə, balaca qızıdı. Yeddi yaşlı Zəhranın məndən xoşu gəlmirdi. Atasına qısqanırdı, gözlərinə baxanda bunu hiss eləmək elə də çətin deyil. Nifrət də yoxdur, sevgi də! Düzünü bilmək istəyirsinizsə, uşaqların kiçik qəlblərində nifrətin olmağına heç vaxt inanmamışam. Ya sevərlər, ya sevməzlər! Fərid də qızının mənə qarşı olan münasibətini görürdü. Gördüyü üçün havada qalan əlimdən tutdu.
“Tutdu” demək səhv olardı, barmaqlarını barmaqlarımın arasından keçirdi. Sarmaşıq güllər özlərinə dayaq bildiyi ağacları qucaqladıqları kimi!… 
Fəriddən belə bir şey gözləmirdim. Bədənimdə qəribə titrəyiş hiss elədim. Bakirə olsan da səhərdən axşamacan düşüncələrində, hisslərində dolaşan kişinin qarşısında ruhun qadındır. Yenə də sevgimizin başladığı günü heç cür xatırlaya bilmədim. Biz nə vaxtdan belə səmimi olmuşduq?
Zəhranın yerində olmaq istəməzdim. Bir-neçə saniyəlik başını önə əyib birləşmiş əllərimizə, həyəcandan enib-qalxan sinəmə, açıq ağzıma, atasının gözlərinə zillənən gözlərimə baxdı, pərtliyini qara gözlərini süzdürməklə gizlətməyə çalışırdı. Atasının gəlişini gözləyən uşaqlar kimi gözləri yol çəkirdi. Bircə sərhədi keçə bilsəydik, neçə il gedə bilmədiyimiz evimizdə ola bilərdik. Ola bilərdik deyəndə ki, bir yerdə getdiyimiz üçün belə fikirləşdim.
Ailəmi qurduq, ya sevgiliyikmi, onu xatırlamıram. Maşınla getməyimizin söhbəti ola bilməzdi. Düşmənə əsir düşmək ehtimalımız vardı. Hərçənd, Fərid düşmənin dilini təmiz danışa bilən kəşfiyyatçıdır. Qəribədir!.. Sərhəddə heç kim yoxdur. Heç kimin olmadığını Zəhra da görürdü, uşaq başıyla başa düşsə də təəccüblənirdi. 
– Ata, bəs, sərhəddə əsgərlər olmalıydı? Burda heç kim yoxdur axı.
Hər şeyi əvvəlcədən bilən Fərid təəccüblənmirdi. Üzündə həyəcandan, qorxudan əsər-əlamət yoxdu.
– Yaxşı ki yoxdur, qızım, – dedi
Amma mən qorxurdum, çox qorxurdum. Yaxşı şeylər haqqında düşünə bilmirdim. Yola çıxdığımızdan bəri gizlətməyə çalışdığım qorxum Fəridin gözündən qaçmamışdı. Qızının əlini buraxdı, üzüm iki ovcunun arasında, təsəlli etməyə çalışırdı: 
– Yanındayam, eşqim. Qorxub eləmə. Yaxşı? 
Eşqim? Düzdür, bir-birimizi çox bəyənirdik. Onda adama güvən verən görkəm vardı. Xəyallarıma uyğun gələn kişi obrazıydı. Biz nə vaxt əhd-peyman bağlamışdıq? Suallarıma cavab tapmağa nə vaxtımız varıydı, nə də artıq sual vermək istəmirdim. 
“Yaxşı, eşqim”, – deyə bildim, gözlərimi yaxınlaşmaqda olduğumuz sərhəddən o tərəfə dikdim
Fərid haqlı idi. Yanındakı xanımın qorxmağı kəşfiyyatçı üçün təhqiriydi.
Özümü birtəhər ələ aldım: 
– Gedəkmi? 
Bu dəfə Zəhranın yorğunluğu onu dilə gətirdi. 
– Uff, ata, getməsək olmaz?
-Olmaz, qızım. Evimiz ordadır. Dədəngilin evi! – Qızının saçlarını üç dəfə oxşadıqdan sonra, dərindən nəfəs aldı, komandir kimi əmr elədi. – Tez olun. Əllərimi də buraxmayın.
Eşqimin barmaqlarına barmaqlarımı daha da sıxdım. Hiss elədim, Fərid də qızının əllərini sıxdı ki, Zəhra atasının gözlərinə baxdı, sonra seyrək, dibləri bir az qaralmış dişlərini ağartdı. Fəridin cəsarətindən sərhədi qorxusuz keçdik. Gözə dəyəcək düşmən görmədik. Bir anlıq elə bildim ki, torpaqlar arasında sərhədlər qoyan dünya liderləri yer üzündən cana doyub, əlbirliyi ilə başqa qalaktikaya uçublar.
Əminəm, Zəhra məndən fərqli düşünürdü. Yəni, üçümüzdən başqa yer üzündə heç kim yoxdur! Uşaq olanda elə bilirdim dünya böyüdüyüm məhlədən ibarətdir. Səkkiz ailə və onların uşaqları!
İkimiz də çəmənliyi görər-görməz çılğın adamlar kimi qaçmağa başladıq. Fərid belindəki çantanı yerə atdı, biz də çox yorulmuşduq. Fərid bizi xəbərdar elədi: 
– Ehtiyyatlı olun! Bu vaxtlar ilan çox olur.
İsti aylarda ilan da insan kimidir, özünü göstərmək istəyir. Bakıda böyümüşdüm, oxumuşdum. İlanlar məni həmişə cəzb eləmişdi. Daha doğrusu, şəkillərdə gözlərinə baxanda, özümü sevgilimin qollarında bihuş olmuş qadın kimi hiss edirdim. Xoşbəxtlikdən az qala uçurdum. 
– Nə ilan, ay Fərid? Dayanma orda, sən də gəl.
Zəhra kəpənəyin arxasınca qaça-qaça: 
– Bax, ata, kəpənək. – dedi. 
Fərid yaşıl otların üstünə uzandı, qollarını arxaya, başının altına yastıq əvəzi qoydu. Yanında uzanmaq istəyirdim, gəldim. Günəşin işığı gözlərimi qamaşdırdı, əlimlə şüaların qarşısını almağa çalışırdım. Barmaqlarımın arasından gözlərimi hədəf alan şüalardan yenə də özümü qoruya bilmirdim. Fərid günəşə gözlərini qıymadan baxırdı. Narahat deyildi. Deyəsən, mən qeyri-adi kişini sevmişdim. Əsl qəhrəmanı!… Belə baxanda, sevdiyimiz kişini qəhrəman kimi görməyimiz qadınların genində var. Asta səslə bu dəfə mən Fəridə xəbərdarlıq elədim. 
– Fərid, günəşə baxma, kor olarsan. 
– Qorxma, eşqim. – Gülümsədi, sonra üzümə baxdı. – Aysel. 
– Hmm! – Şüalardan nə qədər qorunsam da gözlərim yaşarırdı. 
-Mən olmasam, qızıma yaxşı baxarsan? – Vidalaşan adamlar həmişə sözgəlişi vəsiyyətlər edirlər. Birtəhər qorxumu unutmuşdum, canıma təzədən qayıtdı, coşdum.
– Niyə olmayasan yanımızda? Məndən nə gizlədirsən, Fərid? – Ərköyünlük eləməyə haqqım çatdığını düşündüm. Qarşısında diz çökdüm, iki əlimlə əlindən tutdum. Əlləri çox istidir. Belə çıxır ki, mənim əllərim çox soyuqdur?! 
Gülümsədi; – Zarafat edirəm, qorxma! – dodaqlarımdan saniyələrdən ibarət busə götürdükdən sonra davam elədi: – Qalx, getməliyik. Zəhra, gedirik, qızım!…
Mən ilk öpüşümüzün təsirində qalmışdım. Fərid mənə gülümsəyərək səsləndi: 
– Nə oldu? Tərpən, getməliyik.
Zəhra bizə tərəf qaçdı. Kəpənək ovuclarının arasından qaçmaq üçün çabalayırdı: 
– Bax, ata, kəpənəyi tutdum. 
Fərid qızına fikir vermədi, çantanı yerdən götürdü.
İkimərtəbəli binanın qarşısındaydıq. Zəhra yorğunluqdan gedə bilmədiyi üçün yolun yarısında atası onu qucağında gətirmişdi, çantanı da mən! Binaya girdik, axırıncı mərtəbədəki iki qapının ortasındakı qapının qarşısında ikimiz də dərindən nəfəs aldıq. Fərid cibindən açarı çıxardı, qapını açdı. İşığı yandırdım. Mebəllərlə döşənmiş mətbəxĺə bir yerdə iki otaqlı eviydi. Eyvana çıxmaq üçün qapısını açmaq istəyirdim, Fərid icazə vermədi. 
– Eləmə, görən olar. 
Zəhra da yanıma gəldi. 
-Səyləmə, Fərid. O qədər yol gəldik, heç kim görmədi, indimi görəcək? 
Eşitmədim, qapını açdım. Zəhrayla birlikdə eyvandan baxçaya, küçəyə baxırdıq. Heç kim yoxuydu. Həyətdə hasara alınmış, təmizlənməmiş yaşıl otların arasında az qala it-bat olan qəbir diqqətimi çəkdi. Qəbir daşına vurulmuş şəkli yaxşı görməyim üçün gözlərimi qıymalı oldum. Üzü görünmürdü, qaranlıq idi.
Lakin geyimindən ya əsgər, ya da hərbiçi olduğu bəlliydi. Daha əvvəl görmədiyimiz itin hürməyinə mən də, Zəhra da qışqırdıq. Fərid eyvana gəldi, bizi otağa yüngülcə itələdi. 
– Girin içəri. İt varsa, insan da var deməkdir. – Eyvanın qapısını bağladı, pərdələri çəkdi. Sonra: – Burda məni gözləyin! – dedi.
Çantanı götürüb o biri otağa keçdi. Nəfəsimi dərmək üçün divanda oturdum. İmkan olsaydı, sabah günortayacan yatardım. Fikir verdim, Zəhra atasını eşitmək istəmirdi. Haqlıydı!… Maraq olan yerdə kim kimi eşidər? Gözlərimi təzəcə yummuşdum ki, evin qapısının cırıltısından açıldığını eşitdim.
Cəld ayağa qalxdım. 
– Qızım neynirsən? – Zəhranı içəri salmağa çalışırdım. Artıq geciydi. Sağ qapı, qonşunun qapısı açıldı. 40-45 yaşlı bir kişi qapının ağzına çıxdı.
Biz ona, o, isə bizə baxa-baxa qaldıq. Bir addım qabağa gəldi.
– Salam. 
Bizi bizim dilimizdə salamlamışdı, rahatlamışdım. Həmvətənlərimiz çoxdan gəlib çıxmışdı. Həm də təəccüblənmişdim, salam vermək yerinə sual verdim.
– Siz də türksüz?
Adam mənə cavab vermədi, tərs baxa-baxa pilləkanları düşdü. Yəqin salam verməməyimə incimişdi. Ya da uşaqlıqda ata-babalarımızla birlikdə yaşamış ermənilərdəndir, dilimizi unutmayıb, məni yoxladı. Həmin qapı yenidən açıldı. Bu dəfə yaşlı qadınıydı. Qaş-qabağı yer süpürürdü. Hirsli baxışlarından hiss olunurdu, bizi gördüyünə sevinməmişdi. Anlamadığımız dildə, ermənicə danışdı. Cavab vermədiyimizi görüb, nəhayət susdu. Deyəsən, kim olduğumuzu öyrənmək üçün sualları qıqışqıra-qışqıra verirdi. Yazıq Zəhra qorxmuşdu. 
– Aysel bacı.
Zəhranın çiynindən necə tutdum, içəri necə keçdik, qapını necə bağladım, bilmədim, Fəridi hərbi geyimində qarşımızda görəndə ikimiz də ikinci dəfə qorxduq.
Əliylə kənara çəkilməyimizi işarə elədi, çəkildik, qulağını qapıya söykədi.
İfritə qadının səsini hələ də eşidirdik. Deyinə-deyinə evinə girdi. Qapısının çırpılmasıyla səsinin kəsilməsi bir oldu. Fərid bizə bu dəfə yaman əsəbləşmişdi. Anam kimi danlamağa başladı. 
– Siz niyə məni eşitmək istəmirsiz? Başa düşmürsüz, onlar sizin burda olduğunuzu bilməməlidir?!… İndi sizi necə qoyub gedim mən? Gözüm arxadamı qalsın?
Zəhra atasının geyiminə baxırdı.
– Ata, hara gedirsən?
Uşaq ağlıyla Zəhra da bəzi şeyləri başa düşmüşdü. Müharibə uşaqları tez böyüdür. Bəzən böyüklərlə eyni düşünür və həqiqəti olduğu kimi duyur, qəbul edirlər. Gözlərim dolmuşdu. Deməli, vaxtı çatmışdı.
Üç kəlmə; – Nə olar, getmə, – deyə bildim.
Fərid qızının əllərindən öpdü. Qızının gözlərinin içinə diqqətlə baxırdı. Bilirsinizmi, mən bu baxışları həyatım boyu heç bir atada görməmişdim.
Fərid qızına əlvida edənlər kimi baxırdı.
– Atanı çox istəyirsənmi, qızım?
Zəhra başını tərpətdi: – Aha.
Fərid: – Onda Aysel bacını mən olmayanda eşidəcəksən. Yaxşı?
Zəhra mənə baxdı. İkimiz də səssizcə ağlayırdıq. O, uşaqca, mən qadınca.
– Yaxşı, atacan.
Fərid qızının alnından öpüb ayağa qalxdı. Zəhra bu dəfə atasının ayaqlarını qucaqlamağa çalışdı. Qolları iki ayağınacan güclə çatırdı. Fərid gözlərimin içinə baxanda özümü saxlaya bilmədim, səsli ağladım.
– Mən qayıdanacan qızım sənə əmanətdir.
Özümü daxilən sakitləşdirməyə çalışırdım.
– Nə vaxt qayıdacaqsan?
– Səhər tezdən burda olaram.
– Onda niyə belə baxırsan? – dili qayıdacağını, gözləri qayıtmayacağını deyirdi.
– Özünüzə yaxşı baxın. – dedi və gülümsədi.
Daha heç nə demədim. Fəridin boyu məndən çox hündür olduğundan başımı rahatlıqla ürəyinin üstünə qoya bildim. Barmaqlarım kürəyində bir-birinə toxunurdumu, toxunmurdumu, xatırlamıram. Zəhra yanımızda olmasaydı, sabahacan onun bədən qoxusunu içimə çəkmək, burnuma həbs eləmək istəyirdim. Əvəzində hərbi geyimindən torpağın qoxusunu duydum. Torpaq qoxusuyla ilk dəfə yağış damlaları üzərinə düşəndə tanış olmuşdum. Fəriddən bir az aralandım, bu dəfə it kimi burnumu qabağa verib, üstünü iylədim. 
– Üstündən niyə torpağın iyi gəlir? Elə bil torpağın altında yatmısan.

Çox ayıq yatan adamam. Anam otağımın işığını yandıranda gözlərim yuxuda qamaşdı. Anama “Sabahın xeyir” deyib yatağmdan qalxdım. Anam mənə cavab vermədi. Kədərliydi, deyəsən, ağlamışdı da. Gözlərini məndən gizlədirdi. Otağımdan tez çıxıb mətbəxə getdi. Mən də əl-üzümü yumamış danışmağı sevməyən biri… Niyə kefi olmadığını soruşmadım, hamama keçdim. Qapısını örtmək istəyəndə, evin qapısı döyüldü. Anamdan qabaq evin qapısını açdım. Qonşuluqda yaşayan Fəridin qızı Zəhra qarşımda ağlayırdı. 
– Aysel bacı. Aysel bacı, atam aşağıdadı…

Yanımıza gələn anama baxdım. Anam Zəhraya baxıb ağlayırdı. Tez eyvana çıxdım. Aşağıdan qonşu qadınları, ərlik qızları mənə baxırdılar. Hamısının taleyimə yazılmış ayrılıq hissəsinə yazığı gəlirdi. Yuxumda torpaq öz qoxusunu mənə ölənəcən pay vermişdi. İlk dəfə o gün dərk eləmişdim. Neçə qızın qisməti mənim kimi torpağın altında yatır, sonra ümidlərimizi itirmirik, onları gözləyirik. Mən isə heç nəyə ümid eləməyəcəm, eşqimin qoxusunu aprel yağışından sonra, neçə yağış damcılarının altında islanaraq torpaqdan alacam…

Şefaqet Cavanşirzade
www.kafiye.net