BİR QIZ QALIB YADDAŞIMDA

Bir qız qalıb yaddaşımda…
Əlim əlinə dəyməyib.
Nə mən ona,nə o mənə
Sevgisini bildirməyib.

Bir olmayıb yolumuz da,
Ordan-burdan baxışmışıq.
Üzdə olub bumbuz,soyuq,
İçdə yanıb,alışmışıq.

Bir qız qalıb yaddaşımda…
Necə yaşam həvəsliydi?!
Səsi sanki bulaq səsi,
Nəfəsi yaz nəfəsiydi.

Aralanıb qızlardan o,
Məktəbə də getməzdi tək.
Başın salıb aşağıya,
Utancaqdı bənövşətək.

Bir qız qalıb yaddaşımda…
Ürəyimi açammadım.
Alıb onu qanadıma,
Səmalarda uçammadım.

Gizli-gizli baxışsaq da,
Söz tapmadı,dil oldu lal.
İlk məhəbbət,budağından
Silkələndi,töküldü kal.

Bir qız qalıb yaddaşımda…
Sudan abır-həyalıydı.
Ürəyini açammayıb,
Məndən giley-güzarlıydı.

Gəlin köçdü bir payızda,
Qısıldım mən dizimə də.
Gözyaşımı yağış etdim
İlk eşqimin izinə də…

Düşmür gözdən bir çeşməyim,
Qış yurd salıb başımda da.
Mən özümü unutmuşam,
O qız qalıb yaddaşımda.


Məzahir İsgəndər
www.kafiye.net