QINAMIRAM

Tellərimi oxşamadın,
Külək, səni qınamıram.
Gözlərimdə yaş qoymadın,
Ürək, səni qınamıram

Yaz yağışı ümid payım,
Bu ümidə yox harayım.
Qələm yazıb,qələm sayıb
Fələk ,səni qınamıram.

Əlim boş oldu, güldülər
Məni min yerə böldülər,
Şeytanı Tanrı bildilər,
Mələk, səni qınamıram.

Var üstündə qan tökülür,
Kasıb koması sökülür,
Bərəkət ərşə çəkilir,
Çörək ,səni qınamıram

Dünya mərdə məzar olur,
Düz sözə divan tutulur.
Zərbə arxadan vurulur,
Kürək, səni qınamıram

Məndən xərc istəyir ölüm,
Tək canımda neçə zülüm.
Xəlbirlənib elim-günüm,
Ələk ,səni qınamıram.

Bizdən vəfasızlıq gördün,
Tanrım, Yerə bəla verdin.
Sən də bizdən üz döndərdin?
Neynək ,səni qınamıram.

04.05.2018
Tamara Rustamova Tənha Bulud
www.kafiye.net