XAMDI KI

Qəlbimin tavanı nə vaxtdı açıq,
Damdıqca könlümə nisgil damdı ki!
Yurdum ayaq altda, vətən yarımçıq,
Nəyim bütövdü ki, nəyim tamdı ki!

Arzunu, istəyi taledən asdım,
Ümidi qismətin gözünə qısdım,
Bir şey dadmadım da, qusduqca qusdum,
Nəyim qızıldandı, nəyim camdı ki!

Yazdıqca sevdadan, yazdıqca yardan,
Eşq özü haqladı, bilmirəm hardan,
Dəstə bağlayıram indi də xardan,
Bunun nəyi vüsal, nəyi kamdı ki!

Getdikcə haqq adlı divana sarı,
Yurd etdim könlümə isməti, arı,
Görmədim paranı, yığmadım varı,
Baxdılar dedilər , qafil xamdı ki!

Təvəkkül Goruslu. 19.12.2018.
www.kafiye.net