ŞUŞADA UCALDAQ BİR ZƏFƏR TAĞI

O qədər bəhs etdik dağdan, zirvədən,
Kiçicik daşlara zirvə söylədik!
O qədər bəhs etdik sünnət, kirvədən,
Alçaq erməniyə kirvə söylədik!

Bax belə millətik, bax belə xalqıq,
Yoxdu yer üzündə başqa beləsi!
Şadlıqlar eylədik, nəşələr aldıq,
Şəhiddlər tapdıqca yağı gülləsi!

Ailə düşündük, həyət düşündük,
Torpaq düşünmədik, yurd düşünmədik.
Ölümlər içində həyat düşündük,
Nəticə görmədik, ard düşünmədik.

Çaqqal da ayıya pənah apardı,
Çıxdı kirvəlikdən, köpəyə döndü.
Daha nə gördüsə alıb qapardı,
Bu onun güddüyü o həmin gündü!

Quduza dönmüşdü sərhədlər aşdı,
Aldı Qarabağı qətllər etdi.
Sapanddan atılan bir qara daşdı,
Sütüdü, şığıdı getdikcə getdi!

Biz isə doğmanı, yadı götürüb,
Qaçdıqca qaçırdıq Bakıya tərəf,
Qeyrəti, cürəti qorxu bitirib,
Ayaqlar altına düşmüşdü şərəf!

Qruplar düzəldib, dəstə yaradıb,
İqtidar davası döyürdük, hələ!
Bəyliyi xəyalda, röyada dadıb,
Bir az da özünü öyürdük, hələ!

Nəhayət ayılıb, kəndinə gəlib,
Özü-özümüzdə gördük paxırı.
Silkinib, oyanıb, gözləri silib,
Duyduq ki, bu işin yoxdu axırı!

Saxladıq yağını, önündə durub,
Atəşkəs yaratdıq bir qərinədi.
Anladıq, düşünüb siyasət qurub,
Bu hayın xeyrinə, türk şərinədi!

Türkdən də Avropa elə qorxur ki,
Dünyanı önünə almalıyıq biz.
Döyüşə atılıb dədələr təki,
Ya şəhid, ya qazi olmalıyıq biz!

Biziksə Atilla, Mehmet sələfi,
Qoy dünya tanısın yenidən bizi.
Qayıtsın yerinə türkün şərəfi,
Önündə titrəsin dünyanın dizi!

Haydı, döyüşlərə əsgərim mənim,
İşğalda qalmasın vətən torpağı.
Bir sənə inamım, sənə güvənim,
Şuşada ucaldaq biz zəfər tağı!

Təvəkkül Goruslu. 24.12.2018.
www.kafiye.net