HƏSƏD.  roman (72)

Arzu ona tuşlanan baxışlardan yaxa qurtarmaqdan ötrü keçib yerinə əyləşdi.
Hadisələrin gözlənilməz dönüşü onu elə çaşbaş salmışdı ki,diqqətini bir yerə cəmləyə bilmir,ara-sıra şöbənin qızlarına tərəf baxır,nələrisə anlamağa çalışırdı.Gecənin narahatlığı,yuxusuzluğu da öz işini görürdü.
Nahardan sonra Könüllə Çingizin söhbəti çox çəkmədi.Müdir işçisinin şöbəni tərketmə səbəbini də soruşmadı.Ərizəni alıb bir kənara qoydu:
-Yaxın zamanda işlədiyiniz günlərin məvacibini alacaqsınız,-dedi,-işi yeni müavinə təhvil vermədən getməyin.
-Yaxşı,-Könül qəzəbini gizlətməyə çalışdı.Sakitcə qapıya tərəf getdi.
Otaqdan çıxmaq istəyəndə qəflətən dönüb Çingizə baxdı:
-Ehh…Çingiz…Çingiz…Sən..nə qədər qəddar və amansız imişsən Çingiz!
-Anlamadım!-Çingiz ciddi səslə dilləndi,-biz nə vaxtdan “sən”lə danışığa keçmişik?
-Eh,-qız köks ötürdü,-anlamadığın tək o deyil…Çox çalışdım,vuruşdum…amma ürəyimdəkiləri büruzə verib,sənə çatdıra bilmədim.Hisslərim düşüncələrimə qalib gəldi,özümlə bacarmadım.Çox cəhd etdim…bacarmadım,-dodaqları əsdi,-sən məni nə gördün,nə duydun,nə də hiss etdin…Neyləmək olar?Taleyin yazısı beləymiş…Mən…mən həyatda heç kimə…heç kimə həsəd aparmamışam,- yaylığı ilə gözlərini sildi,-heç kimə…çünki buna səbəb olmayıb.Amma indi…birinə çox həsəd aparıram,-hıçqırtı ilə ağlamağa başladı,-bəli,birinə….yetim,kimsəsizin birinə…Çünki…o,xoşbəxtdir…Onun sənin kimi sevəni var.Arxasında dağ kimi dayanıb qoruyanı var.Bir ömür boyu ona xoşbəxtlik bəxş edəcək Çingizi var…
-Sakit olun,-Çingiz astaca dilləndi,-hərə öz bəxtinə,taleyinə yazılanı yaşayır,-nə düşündüsə,-amma hər şeyi taleyin çiyninə yükləməyək,-insan bəzən məkrli düşüncələrinin,davranışlarının da qurbanı ola bilir.
-Nə məkr?,- sanki qızın gözlərində yaş yoxa çıxdı,-mən məkrdən,hiylədən uzaq insanam.
-Nə isə…,-Çingiz yerindən qalxıb otaqda var-gəl etdi,-mən tək sizi deyil,bütün işçiləri xəbərdar etmişəm və edirəm:şirkətin nüfuzuna xələl gətirən bir kimsə burda fəaliyyət göstərə bilməz.Hələ…mənə atılan şər və böhtanlardan danışmıram…
-Mən…səninlə özümə aid bir dünya qurmuşdum…oraya kimsənin daxil olmasına yol verə bilməzdim…məqsədim…səni gözdən salmaq deyildi…bağışla məni…bacarırsansa…bağışla.Mən onsuz da gec-tez şirkəti tərk etməli idim-,köks ötürdü,-onu da deyim ki…seçimin heç də pis deyil.Arzu həqiqətən yaxşı qızdır.Və…sən…onunla xoşbəxt olacaqsan,-gözlərindən süzülən yaşı sildi,-hamının xoşbəxt olmağa haqqı var.Arzunun da…Mən gedim,-yenidən qapıya tərəf getdi,-salamat qal,Çingiz…,-güclə eşidiləcək səslə,-mənim..nakam məhəbbətim…
Söhbət Çingizi möhkəm tutmuşdu.Nə deyəcəyini bilmirdi.Vəziyyətin belə bir şəkil alması onu da incidirdi.Daxilən əzab çəksə də,zahirdə təmkinini pozmurdu.
Yenidən şöbəyə qayıdan Könül sənədləri siyirmədən götürüb sakitcə Arzunun masasına yaxınlaşdı.Astadan:
-Arzu,-dedi,-bunlar şöbənin sənədləridir.Nəyi başa düşməsən,mənimlə əlaqə saxlaya bilərsən.Çingiz müəllim də…sənə kömək edəcək.
-Könül xanım,-Arzu qızın ağlamaqdan qızarıb şişmiş gözlərinə baxdı.
-Belə lazımdır,-Könül acı-acı gülümsədi.
-Axı…
-Dedim ki,belə lazımdır!,-bir qədər ara verdi,-mən…sənə xoşbəxtlik arzulayıram,-udqundu,-sən…sən onunla xoşbəxt olacaqsan.Mütləq olacaqsan,inan mənə.
Arzu başını aşağı saldı.Gözləri doldu.İçindəki təlatüm azmış kimi…bu tərəfdən də…
Qız nə deyəcəyini bilmir,dodaqlarını çeynəyirdi.
-Mən getməliyəm,-Könül qısa aradan sonra dilləndi,-xoşbəxt ol,-gözlənilmədən Arzunu qucaqladı,-mən…ola bilmədim…sən ol!,-üzündən öpdü,-salamat qal,-deyib tələsik şöbədən çıxdı.
Son günlərin sarsıntıları Arzunu yormağa başlamışdı.Qız mənən dincəlməyə ehtiyac duyurdu.
-Arzu xanım,-katibənin səsi onu fikirdən ayırdı,-Çingiz müəllim şöbənin sənədlərini istəyir.Zəhmət olmasa,qovluqla bərabər müdirin yanına gedin.
-Nə?Hə?…-qız özünü itirdi,-Bəli…bu dəqiqə…,-Könülün təhvil verdiyi qovluğu götürüb sakitcə şöbədən çıxdı.
Pəncərənin qarşısında dayanıb çölə baxan Çingiz hələ də Könüllə aralarındakı söhbətin təsiri altında idi.
Arzunun nə zaman otağa gəldiyini də hiss etməmişdi.
-Çingiz..-,Arzunun səsi eşidildi,-müəllim…Dediyiniz sənədlər…
-Hə,gəl,-gülümsədi,-yeni vəzifədə özünü necə hiss edirsən?
-Nə bilim,-qız başını aşağı saldı,-açığını deyim ki…
-Öyrəşəcəksən.Hamı belə başlayır.Mən sənə çox arxayınam.İşin öhdəsindən layiqincə gələcəksən.
Qızın duruxduğunu görüb:
-Yaxşı,-dedi,-get hazırlaş.Bu münasibətlə səni maraqlı bir gəzintiyə aparacağam.
-Axı…-,qız tərəddüd etdi,-mən…iş görkəmində..həm də..evdəkilərdən xəbərsiz…
-Narahat olma,sən hər görkəmdə gözəlsən.Evdəkilərin narahatlığına isə səbəb olacaq bir şey yoxdur.Vaxtında evə çatacaqsan.Mən…sənə bəzi mətləbləri anlatmalıyam.Şirkət isə,münasib yer deyil.Qalx,bir saatdan sonra səni darvazanın qarşısında gözləyəcəyəm.
Arzu bir söz deməyib otaqdan çıxdı.Fikirləri bir-birinə qarışmışdı.
Şöbədə özünə azacıq əl gəzdirdikdən sonra deyilən saatda şirkətdən çıxdı.
Çingiz onu darvazanın yaxınlığında gözləyirdi.
Çox çəkmədi ki,maşın şirkətin həyətindən çıxıb,dənizkənarı bulvara yol aldı.
Hər ikisi susurdu.
Sanki sükutu pozmaqla nəyinsə qəfil dəyişəcəyindən ehtiyatlanırdılar.
Bir müddət beləcə dinməz-söyləməz yola davam etdilər.
-Hə,yaxşı yadıma düşdü,-Arzu Çingizin qəfil danışığından diksindi,-dünənki istirahətiniz necə keçdi?
-Yaxşı,-Arzu könülsüz cavab verdi.
-Razı qaldınmı?,-Çingiz güzgüdə qızın yorğun gözlərinə baxdı.
-Hm…m..hə…bəli…
-Bəs niyə bikefsən?Xətrinə dəyən nəsə olubmu?
-Yox…xeyr.Xavər xanım mələk kimi insandır.Onun yanında özümü o qədər xoşbəxt hiss edirəm ki,-gözləri güldü,-onu anam qədər sevirəm.Bilsəniz,necə böyük ürəyi var…
-Çox gözəl! Bu,məni sevindirir,-yenə güzgüdə qıza baxıb gülümsədi,-elə isə…nə baş verir?Səni nə narahat edir?
Arzu da güzgüdə ona baxdı.Aman Allah!Nə deyəydi?Ürəyindəkiləri ona necə izah edəydi?
Çingiz onu tələsdirmədi.
Dənizkənarı bulvarın yaxınlığında münasib yer tapıb maşını saxladı.
Arxa qapıdan Arzunun düşməsinə kömək edib,avtomobilin pəncərələrini və qapısını bağladı.
Bulvara tərəf yanaşı,qoşa addımlamağa başladılar.

ARDI VAR.

Gövher Rustemova
www.kafiye.net