“Oğul”u götürün.

Tanınmış rəssam oğlu ilə bərabər iri bir malikanədə yaşayırdı.
Hər ikisi incəsənət vurğunu idi.Dünyanın ən tanınmış ölkələrini qarış-qarış gəzər,nadir rəsm əsərlərini əldə edərdilər.Malikanənin iri bir qonaq zalı vardı ki,başdan-başa şedevr əsərlərlə bəzənmişdi.Ən yaxın dostlarını,yaxınlarını qonaq dəvət edən rəssam bu rəsmləri onlara qürurla,sevə-sevə nümayiş etdirərdi.Qonaqlarsa əsərlərə heyranlıqla tamaşa edərdilər.
Rəssamın yaşadığı ölkə müharibə şəraitində olduğundan oğlu cəbhəyə çağırılır.
Ata çox böyük narahatlıqla oğlunu hərbi xidmətə yola salır.
Zaman keçir. Günlərin birində ataya oğlunun ölüm xəbəri gəlir.
Xəbərdən sarsılan atanın beli bükülür.Həyat eşqi,yaşamaq həvəsi büsbütün ölür.Hamı ilə əlaqələrini kəsir,özünə qapılaraq tənha həyat yaşayır.
Bir gün malikanənin darvazası möhkəm döyülür. Heyrətlənən qoca rəssam darvazanı açır.
Ucaboy,yaraşıqlı bir gənc onunla ədəblə salamlaşır.
-Mən sizin oğlunuzun cəbhə dostuyam,-deyir.
Oğlunun adını eşitcək qocanın gözlərinə işıq gəlir.Gənci evə dəvət edir.
Tələsdiyini bildirən gənc,təşəkkür edib içəri keçməkdən imtina edir.
-Mən oğlunuzun ən yaxın dostu idim,-deyir,-onunla çiyin-çiyinə döyüşürdüm.Çox cəsarətli,mərd döyüşçü idi. Sonuncu döyüşdə…,-üzünə kədər gəlir,-mən ağır yaralanmışdım.O,məni çiyninə alıb,döyüş bölgəsindən çıxarmağa çalışırdı.Güllələr başımıza yağış kimi yağırdı.Mən ondan qaçıb xilas olmasını xahiş etdim. Nə qədər yalvardımsa,məni eşitmədi….Səngərə lap az qalmış…düşmən gülləsinə tuş gəldi.Mən xilas olsam da,o həlak oldu.
Atanın gözlərində yaş parlayır…Gənci qucaqlayıb bağrına basır,sanki ondan oğlunun ətrini alır.
-Mən peşəkar rəssam deyiləm,-gənc kövrək səslə dillənir,-amma sizə bir hədiiyə gətirmişəm,-deyib özü ilə gətirdiyi bağlamanı açır.
Bu,rəssamın oğlunun portreti idi.Gənc onu böyük məhəbbətlə çəkib ataya hədiyyə gətirmişdi.
Ata gənc rəssama təşəkkür edib,portreti malikanəsinin ən görkəmli yerindən asır.
Saatlarla ona tamaşa etməkdən,öpməkdən doymur.
Az sonra qoca rəssam xəstələnib dünyasını dəyişir.
Onun varisi olmadığından malikanəsi və qiymətli əşyaları auksiona çıxarılır.
Rəssamı tanıyanlar qiymətli rəsm əsərlərinə sahib çıxmaq üçün həvəslə auksiona toplaşırlar.Ən iri,nadir rəsm əsərləri satışa çıxarılır.
Auksionu idarə edən şəxs ilk olaraq rəssamın oğlunun portretini təqdim edir.
Heç kimdən səs çıxmır.
-Sən bizə tanınmış rəssamların,Rembrandtın,Van Qoqun əsərlərini göstər,-deyə yerbəyerdən narazı səslər yüksəlir.
Auksion idarəçisi əlindəki çəkici masaya vurub:
-Oğulu götürün!,-deyə təkid edir,-lütfən…oğulu götürün!
Heç kimdən səs çıxmır.Zalı ölü sükut bürüyür.
Auksionu idarə edən nə qədər təkid etsə də,heç kim oğulun portretinə sahib çıxmır.
Nəhayət:
-Onu mənə verin,-deyə gənc rəssam vaxtilə çəkib dostunun atasına hədiyyə etdiyi rəsmi 10 dollara alır.
-Hə,indi dünya şöhrətli əsərlərə keçin,-zaldan səslər ucalır,-bizi əsas onlar maraqlandırır!
-Onlar satılmır!,-auksionu idarə edən şəxs çəkici yenidən masaya vurur.
-Necə? Bu nə deməkdir? Belə şey ola bilməz!,-yerbəyerdən narazılıqlar səslənir.
Auksionu idarə edən şəxs cibindən vərəq çıxarıb zaldakılara nümayiş etdirir:
-Bu,rəssamın vəsiyyətnaməsidir,-deyir,-o, “Oğlu”na sahib çıxan şəxsə malikanəsini və bütün varidatını hədiyyə edir.
Zalda əyləşənlər heyrətdən donub qalırlar.
Heç kimin deməyə heç bir sözü qalmır…

GÖVHƏR RÜSTƏMOVA.(tərcümə).
www.kafiye.net