HƏSƏD. roman (73).

Bəli,addımlayırdılar…Birinin ürəyi nə qədər sakit idisə,digərininki az qala sinəsini dəlib deşirdi.
Arzu ətrafında heç nəyə əhəmiyyət vermədən,fikirli halda irəliləyirdi.Fikrində qəti idi;bu gün bütün gizli məqamlar aşkarlanmalı,son qərar verilməli idi.Son qərar…o qərar ki,həyatını ya bu tərəfə döndərəcəkdi,ya o tərəfə…
Havanın mülayim olmasına baxmayaraq,vücudunda naməlum bir üşütmə,gizilti vardı.Hətta ara-sıra titrətməsini gizlətmək üçün dişlərini bir-birinə sıxırdı.
-Hə,gəl elə burda əyləşək,-Çingizin səsi onu fikirdən ayırdı,-bu yeri lap uşaqlıqdan bəyənirəm.Çox vaxt işdən sonra burda əyləşib dənizə tamaşa edirəm.Ümumiyyətlə açıq havada çay içmək mənə xüsusi zövq verir.
Arzu başını qaldırıb maraqlı görünüşü olan kafeyə diqqətlə baxdı,gülümsədi:
-Bura mənim də çox xoşuma gəlir.Xavər xanımla da elə bu kafeyə gəlmişdik.
-Eləmi,-Çingiz qızın qolundan tutub pillələrlə kafeyə qalxmağa kömək etdi,-ola bilər…Görünüşü də maraqlıdır,adı da…”Mirvari”…Dəniz incisi…
Kafenin işçiləri Çingizi hörmətlə qarşılayıb həmişəki masaya əyləşməyi təklif etdilər.
Çingiz təşəkkür edib oturacaqlardan birini ehmallıca çəkdi, Arzuya əyləşməyi işarə etdi.Özü isə qarşı tərəfdə əyləşib,menyunu nəzərdən keçirməyə başladı.
Arzu yerini rahatlayıb, ucu -bucağı görünməyən,sakit,mehriban dənizə tamaşa edirdi.Daxilinə dinclik gətirən dənizə…
Xəfif meh saçlarını daradıqca qızın üzünə təbəssüm qonur,gözlərinin narahat ifadəsi tədricən dəyişirdi.
Ağ qağayıların qaqqıltısında da sanki bir sehr vardı.
“Dəniz də,qağayılar da necə xoşbəxtdirlər”,-özlüyündə düşündü,-azad,sərbəst…
-Hə,-məncə yeməklər hazır olana qədər bir təzədəm,pürrəngi çay içsək,pis olmaz.Necə bilirsən?,-Çingiz qıza baxıb gülümsədi.
Arzu bir söz deməyib,başı ilə razılıq işarəsi verdi.
Ofisianta lazımi göstərişlər verdikdən sonra Çingiz aramla söhbətə başladı:
-Hə,bax belə Arzu xanım.Başlayaq sənin istirahət günündəki qonaqlığından.Mənim qənaətimə görə, günün heç də pis keçməyib,-sınayıcı nəzərlərlə qıza baxdı.
-Hə,elədir,-Arzu da gülümsəməyə çalışdı,-nə düşündüsə…təbəssümü dodaqlarında dondu.
-Və…
-Və…hər şey yaxşı idi.
-Aha…məsələn.
-Məsələn…Xavər xanım bizi çox gözəl qarşıladı,səliqəli, zövqlü süfrə açdı,dadlı,növbənöv təamlara qonaq etdi.Hər şey gözəl idi,hər şey.Lap nağıllar aləmindəki kimi…,-özündən biixtiyar gözləri doldu.
-Maraqlıdır…,-Çingiz təmkinini pozmadı,-hər şey gözəl idi…amma…gözlər başqa söz deyir.
Arzu özü də hiss etmədən baxışlarını cəld kənara çəkdi.
Çingiz süfrəyə gələn ətirli çaydan bir qurtum içdi:
-İnsan iki halda göz yaşlarına hakim kəsilə bilmir;çox sevinəndə…bir də çox kədərlənəndə.Dilin bir söz danışsa da,baxışların başqa cür dillənir.Bu,açığını deyim ki,məni narahat edir.
-Yox…xeyr…əslində elə bir şey yoxdur,-Arzu həyəcandan buz kimi soyumuş əllərini isti çay stəkanına toxundurdu,-mən…mən…
-Arzu,-gəl belə danışaq,-Çingiz ciddi görkəm aldı,-şirkətdəki rəsmiyyəti elə ordaca qoyaq qalsın,yaxşımı? 
-Yaxşı,-qız sakitcə dilləndi.
-Elə isə,buyur.Səni diqqətlə dinləyirəm.
-Nə deyim,- qız gözlərini yerə dikdi,-Xavər xanım çox qısa müddətdə ailəmizin ən əziz adamına çevrilib.Anam da,bacım da ona xüsusi rəğbət bəsləyirlər.
-Aha.
-Dünən…bəlli oldu ki…
-Hə.
-Sən demə,onun qızı yox imiş…Gözünün ağı-qarası bir oğlu var.
-Eləmi?,-Çingizin gözləri güldü,- çox gözəl.Burda nə var ki?
-Bizim şöbəyə də qızını işə düzəltmək məqsədilə gəlməyibmiş…
-Maraqlıdır.Bəs nə məqsədlə gəlib?
-Dediyinə görə,-qızın boğazı qurudu,cəld çaydan bir qurtum içdi,-mənə…mənə baxmağa gəlibmiş.
-Həəə,-Çingiz güldü,-məsələ qəlizləşir.
“Sənə nə var ki?,-qız özlüyündə onu qınadı,-amma…mənim çəkdiklərimdən xəbərsizsən.Mən acı çəkdikcə,sən gülürsən.Çünki…əsl sevginin nə olduğunu bilmirsən.Yuxusuz gecələrin insana yaşatdığı iztirablardan çox kənarsan.”
-Sənə hansı məqsədlə baxmağa,demədimi?
-Üstüörtülü anlatdı.Elə…daxilimdəki təlatüm də bundan sonra başladı.
-Belə…səni evində gəlin görmək istəyir…Təlatümə səbəb nədir bəs?Xavər xanımı çox istəyirsən,o da səni çox bəyənir.Az-çox bildiyimdən imkanları,yaşayışları da pis deyil.Elə bir evin gəlini olmaq səni niyə bu qədər narahat edir?
“Aman Allah!Çingiz!Sən heç məni sevmirsənmiş!Məni özünə sadəcə dost bilirsənmiş!Mən…yanılmışam!İlahi,bu necə olur?,-qızın ürəyi sürətlə döyünməyə başladı,-hanı bəs mənə verdiyin vədlər?Söylədiyin şirin sözlər?Hə,Çingiz?Məni nə tez əlindən verirsən?Kimə verirsən?Niyə verirsən?Ehhh…Sevil haqlıymış…hamınız beləsiz!”.
Özündən biixtiyar yerindən qalxdı:
-Mən getməliyəm!Ötürmək lazım deyil!,-Çingizin gözlərinə baxdı,-sən..siz…
-Əyləş,-Çingiz gülümsəyib qızın qolundan tutdu,-tələsmə.Söhbətimiz hələ bitməyib.Bunlar sənin mənə deyəcəlkərin idi.Mənim sənə deyəcəklərim isə hələ qarşıdadır.Səbrli ol.
Arzu bir söz deməyib,yerinə əyləşdi.
Çox keçmədi ki,səliqəli yemək süfrəsi hazırlandı.
Çingiz isti yeməklərdən Arzunun nimçəsinə çəkə-çəkə söhbətə davam etdi:
-Gəl belə danışaq.Bir-birimizi diqqətlə dinləyək,sözünü kəsməyək,tələsik nəticələr çıxarmayaq.Hər halda,bugünkü gəzintimizin məqsədi buna xidmət edir.
-Yaxşı.
-Belə anladım ki,Xavər xanımın gəlini olmaq istəmirsən.Səbəb?
-Səbəb çoxdur.Səncə…sizcə…insanı görmədən,sevmədən ailə həyatı qurması,ömrünü-gününü tanımadığı,bələd olmadığı biri ilə bağlaması normal haldırmı?
-Ananla bacın bu məsələyə necə baxır?
-Qəribədir ki,normal baxırlar,-qızın səsi titrədi,-maddi sıxıntı içində yaşamaq onları o qədər bezdirib ki…amma…mən …
-Aydındır.Sən hisslərini heç nəyə qurban vermək fikrində deyilsən.
-Bəli.Heç nəyə!Mən qul,kölə deyiləm!Azad insanam.Həyatımı yalnız sevdiyim insanla quracağam!,-Arzu harda olduğunu belə unutmuşdu, sanki qoç döyüşünə dayanmışdı,-Xavər xanım mənə anadan artıq olsa belə,həyatımın büsbütün dəyişə biləcəyini bilsəm belə,o ailədə şahzadə kimi yaşayacağımı anlasam belə…yenə də öz sevgimdən dönməyəcəyəm!Həyatıma bir kimsəni buraxmayacağam!”.
-Afərin!Fikrimdə yanılmamışam,-Çingiz məhəbbətlə qızın inadkar gözlərinə baxdı,-sən həqiqətən də qeyri-adi qızsan.
-Mənim kimilər həyatda xoşbəxt olmurlar,Çingiz…Sonda tək-tənha qalırlar.Çünki belələrinin öz dünyası,öz aləmi olur.Oraya bir kimsə yaxın düşə bilmir.Heç…həndəvərinə belə dolana bilmir.Mənim kimilər…
-Sənin kimilər hər cür xoşbəxtliyə layiqdirlər.Yetər ki,xoşbəxt edəcək biri olsun.Nə deyim…Belə anladım ki,ürəyində kimsə var.
-Sən hər şeyi gözəl bilirsən,Çingiz,sadəcə mənim dilimdən eşitmək istəyirsən.
-Hə,elədir.Sənin etirafın mənə çox önəmlidir.
-Elə isə dinlə!Bəlkə də ürəyində mənə güləcəksən,bəlkə də qınayacaqsan…nə bilim…mən…həyatımı…yalnız…sənə etibar edə bilərəm.Vəssalam!Bu,mənim son sözümdür.Sön nəfəsimə qədər səni düşünəcək,səni sevəcək,sənə sadiq olacağam.Ya sən,ya heç kim!-,gözlərində yaş gilələndi.
-Mənim Arzum!,Çoxdankı arzum,xəyallarımın arzusu,-Çingiz onun yarpaq kimi əsən əllərini sığalladı,-darıxma,hər şey istədiyin kimi olacaq.Sən bütün sınaqlardan əzmlə çıxdın.Mən səni xoşbəxt edəcəyəm.Biz bir ömür səadət dolu günlər yaşayacağıq.Səni əmin edirəm,mənim əzizim.Hər ikimiz təmiz sevgimizi qoruyub saxlayacağıq,inamımızı,etibarımızı daha da möhkəmlədəcəyik.Ailəmizin təməlini elə sütunlar üzərində quracağıq ki,onları nə boran,nə tufan yerindən tərpədə bilməyəcək.
Çingiz danışdıqca Arzu onu hərisliklə dinləyir,hər kəlməsini yaddaşına həkk edirdi.Cisminin,ruhunun o sözlərə o qədər ehtiyacı vardı ki…Onu bax beləcə aylarla,illərlə,hətta bir ömür boyu dinləyərdi.
-İndi isə,keçək əsas məsələyə,-Çingiz gözucu ona baxdı,-sənin təəccübünü görmək mənə çox maraqlı olacaq.Hazırsanmı?
-Hə,-Arzu fikrini bir yerə topladı,-hazıram!
-Elə isə…başlayaq ondan ki,…sənin sevimli Xavər xanımın…mənim anamdır!
Qızın nitqi tutuldu.Heyrətdən gözləri böyüdü.Dünya başına hərləndi:
-Nə?Necə?
-Lap sadəcə.Onun əziz-xələf oğlu da ki, mənəm.Gördüyün Çingiz!
-Aman Allah!Sən nə danışırsan?Bu ola bilməz!
-Gördüyün kimi,olanda olur.Anam səni həqiqətən çox istəyir.Səni öz balası bilir.Uzun illər qız həsrəti ilə yaşamış anam səninlə dinclik tapır.Son zamanlar üzü-gözü gülməyə başlayıb.Sənin gəlişinlə evimizin hər guşəsi güləcək,Arzu.
-Elə bil yuxudayam,-Arzu astadan dilləndi,-Xavər xanım,sən…Aman Allah!Kimin ağlına gələrdi?Kim bilərdi…
-Həyat gözlənilməz hadisələrlə doludur,əzizim.Acısı da var,şirini də.Bax,bu da mənim sənə demək istədiklərim. Zənnimcə,narahatlığına qismən də olsa,son qoyuldu.

Ardı var.

Gövher Rüstemova
www.kafiye.net