Gözəl bir qış səhəri idi.

Aramla yağan qar dənəcikləri havada dövr edərək yerə enir,ağacların budaqlarına,evlərin damına qonurdular. Uçuşları xoşbəxt kəpənəklərin havadakı qayğısız rəqslərinə bənzəyirdi.
Bir-birindən ayrı düşmək istəməyən iki qar dənəciyi əl-ələ verib yanaşı uçurdu.
-Bir bax!,-onlardan biri sevinclə dilləndi,-gör biz göy üzündə necə gözəl hərlənirik!
-Yox!,-digəri etiraz etdi,-biz enirik,yerə düşürük!
-Bir azdan biz hər tərəfi bəyaz örtüyə bürüyəcəyik! Təsəvvür edirsən? Bəmbəyaz!
-Yox!Biz ayaqlar altında qalıb tapdalanacağıq!
-Biz suya dönüb ən möhtəşəm çaylara,dənizlərə qovuşacağıq,dünyanı dövr edəcəyik!
-Yox!Havalar isinən kimi biz əriyib məhv olacağıq!
Fikir ayrılıqları,həyata baxışları bu qar dənəciklərini bir-birindən ayrı saldı…
Hadisələri ,varlıqları hər birimiz duyub hiss edirik.
Onların mövcudluğunu xoşbəxtlik və ya bədbəxtlik kimi qəbul etmək isə artıq öz seçimimizdir….

GÖVHƏR RÜSTƏMOVA.

Hər birinizə xoşbəxtlik və səadət dolu günlər arzusuyla….
10.12.18.

www.kafiye.net