İçimdəki Hira

Günah çəmbəridir bu fani dünya,
Dibsiz bir quyudur ,udar düşəni.
Tikanlı sarmaşıq buxovlarıyla,
Yandırıb kül edər gülü-gülşən

İyrəndim saxtakar,yalan üzlərdən.
Çəkildim içimin pak Hirasına,
Qan axan yaramı bağlamıram mən,
Qoy ahım ucalsın Haqq Minasına!

Dünya məhbəsində nə işim vardı,
Könüllərə işıq saçmasam əgər?
Verilən bu ömür nəyə yarardı,
İrfan səmasında uçmasam əgər?

İllərin kiri var üstümdə hələ,
Bu kirli dünyanı soyub əynimdən
Təmiz vicdanımla axır mənzilə—–
İlkin məkanıma tələsirəm mən.

Mən qürub çağında əriyib itən
Bir Tənha Buludam bu Yer üzündə.
Tutqun səmaların köksündə bitən
Bulud görkəmində Haqqın izində…

Tamara Rustamova Tənha Bulud 15.12.2018
www.kafiye.net