DARIXIRAM KƏNDİMİZ ÜÇÜN

Hər gün yuxularım ərşə çəkilir,
Çünki darıxıram kəndimiz üçün.
Həsrəti yalnızca çəkənlər bilir,
Yaman darıxıram kəndimiz üçün.

Hərdən xəyallarım düşür kəməndə,
Mənimlə danışır, saçımda dən də.
Hardasa mələyən əmlik görəndə,
O an darıxıram kəndimiz üçün.

Gözlərim dikilər uca dağlara,
Hərdən də meyvəli, barlı bağlara.
Əllərim toxunsa buz bulaqlara,
O an darıxıram kəndimiz üçün.

Çox aldı qoynuna məni kənd, şəhər,
Onlara alışdım, amma birtəhər.
Hər an boğazımı yandırıb qəhər,
Çünki, darıxmışam kəndimiz üçün.

O dağlar, qayalar qürur mənbəyi,
Başında saxlayar bəyaz örpəyi.
Nə zaman görərsəm təndir çörəyi,
O an darıxıram kəndimiz üçün.

Sevirəm dağlarda dumanı çəni,
Bəlkə o, dağlar da qınayır məni.
Görəndə nərgizi, qanlı laləni,
O an darıxıram kəndimiz üçün.

Keçsə də aradan, çox il, çox zaman,
Xəyalı gözümdə gəzir an-ba an.
Cənnətdə olsa da, yenə də bu can,
Hər an darıxacaq kəndimiz üçün.

Yağı əlindədir, gedə bilmirəm,
Düşmənin bağrını didə bilmirəm.
Könlümü şadiman edə bilmirəm,
Hər an darıxıram kəndimiz üçün.

Oradan başlayıb, xoş arzu-niyyət,
Oradan qanıma hopub sədaqət.
Harada olsa da, bil ki, Mətanət,
Yenə darıxacaq kəndimiz üçün.

Müəllif.M.Duyğulu.
06.12.2018.
www.kafiye.net