Yaxşı ki, vaxtında bir az sevmişik

Yaxşı ki, vaxtında bir az sevmişik,
Bəlkə bir çoxunun yadında qalır,
Bu şablon həyatdan tamam bezmişik,
Yaşamaq həvəsi , vallah, azalır.

Mavi ekran, tapıb cütlük gətirir,
Ətalət gətirir, kütlük gətirir,
Rədd edir həyanı, lütlük gətirir,
Xalqa necə “sevməyi” başa salır.

Sevgidən danışır elə bil xəstə,
Alqışlayır onu böyük bir dəstə,
Formula yaradıb, çevirib “test”ə,
Həll edən, ordaca “həri”sin alır.

İnternet soxulub həyatımıza,
Qəsd edir laylaya, bayatımıza,
İkrahla baxdırır, öz zatımıza,
Keçmişə xor baxan, sonda alçalır.

Verlişlər bayağı, zözlər bayağı,
Surətlər bayağı, gözlər bayağı,
Sevgimiz də olub, lap qərbsayağı,
Rahat oynayırıq, – kim necə çalır.

Ayrı düşüb ocaq , daha közündən,
Bədgümandır indi çoxu özündən,
Çingiz bu zözləri deyir həzindən,
Fikri cavan qalır, özü qocalır.

ÇİNGİZ  KÜRDƏMİRLİ.
www.kafiye.net