İNSAN ÖMRÜNÜN ƏZABI

İllər verən yanğıdan,
Alışaraq közərmiş.
Yaşamaq üçün insan,
Min əzaba dözərmiş.

Seyrəngah axtarıbsa,
Tapıb sinə dağını.
Nəyə nail olubsa,
İtirib xoş çağını.

Can göylərə meyl edib,
Çağırıb cismi torpaq.
Deyiblər, əldən gedib,
Bəzən, çıxıbdı soraq.

Sevgi də bir tərəfdən
Alıb kəskin qılıncı.
İz saldıqca sinədən
Olub gələn bəxt acı.

Sızladan qəm oduna,
Qovrulub göz ağı da.
Yanğı bəxş edib ona
Qarlı qış sazağı da.

Sevincinə gəc olan
Əzab, köksündən vurub.
Taqəti əldən salan
Rüzgar göyə sovurub.

Taleyi gülsə üzə
Açan quruyardımı?
Xilaskar olsun bizə
İlahinin yardımı.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net