H a q q g ə l m ə d i

Mizan-tərəzi qurub,
Quşu gözündən vurub,
Ağlayana bir durub,
Kim gözünü sıxdı ki?

Kim yaxan,kim yaxılan,
Kimi şişə taxılan,
Hey mərd oldu yıxılan,
Kim namərdi yıxdı ki?

Bu nə alın,nə yazı?
Yazım bir qış ayazı,
Var dindirdi qanmazı,
Kim ağzını tıxdı ki?

Duman ağa,çən ağa,
Dönüb gün bir yumağa,
Dil mıxlanıb damağa,
Bu mıx çıxan mıxdı ki?

Nə çığır,nə bağırdı?
Düzün qəlbi yağırdı,
Məzahir haqq çağırdı,
Haqq da gəlib çıxdı ki?!

Məzahir İsgəndər
www.kafiye.net