Ürəyim

Alışa bilmirəm miskin həyata,
Necə deyim qanma, duyma, ürəyim,
Yan-yörəmi iblis, şeytan bürüyüb,
Fitnə-fəsadlara uyma ürəyim.

Könül evim günü-gündən sökülür,
Göz yaşım qələmdən axıb tökülür,
Qüssə, ələm sıxır, belim bükülür,
Yaşamağı asan sayma, ürəyim.

Maneə dəf edib, yollar keçmişəm,
Dürlü sözlər əkib, şeir biçmişəm,
Bu ağrı-əzabı özüm seçmişəm,
Məni yarı yolda qoyma ürəyim…

Çox səbəb olmuşam söhbətə, sözə,
Könlümdən keçəni demişəm üzə,
Dost yolunda fəda olan Çingizə,
Bir az möhlət elə, qıyma, ürəyim.!

Çingiz Kürdəmirli.
www.kafiye.net