YAĞIŞLA SÖHBƏT.

GÜNAH.

Pəncərəmi döyürdü,
Bayırda yağan yağış.
Sanki cağırıb məni,
Deyirdi,mənlə danış.
Boylananda astaca
Çiləndi üz gözümə.
Hər bir damlası ilə,
Söz ələdi sözümə.
Söylədim yer üzünü
Niyə yuyursan belə?
Dedi: günahlar böyük,
Yumaqla bitmir hələ.
Bürüyüb yer üzünü
Günahların izləri,
Nə yağış nə də tufan
Ayıltmır ki sizləri.
Dedim:şimşəyin nədən,
Çaxnaşdırır cahanı,
Dedi:şimşək nədir ki,
Şimşək kimi günahlar
Fəth eləyib dünyanı.
Dedim:günahlar içrə
Yoxmudur bizdə savab?
Dedi:vardır amma ki,
Qoruyub saxlamağa
Ürəklər eyləmir tab
Dedi:günahlar belə
Aparır sizi hara?
Bu bəmbəyaz dünyada
Vicdanlar geyib qara.
Nə qədər yuyulsa da
Təmizlənmir yer üzü,
Çünki vicdan yuyulmaz,
Ağarsın gərək özü.
Dedim:nəyi anlatır?
Tökdüyün sellər sular,
Dedi bunlar sel deyil,
Yerdən ərşə yüksələn
Biçarə məzlumların
Acı göz yaşı onlar.
Dedim:bu günahları,
Ərşə duran ahları,
Yuyub təmizləməyin,
Yoxmudur başqa yolu?
Dedi:vardır amma ki,
Bu da bir ahla dolu.
Tanrı hər an hə zaman,
Göstərir sizə bunu,
Kor olduqca xəliqət
Gəlir dünyanın sonu.
Hər bir insan günaha
Atır hər zaman tilov,
Yalnız bu günahları,
Unutmayın ki, yuyar
Leysan,fırtına,alov.

Müəllif.Mətanət Duyğulu.
29.10.2016.
www.kafiye.net