Çaş kimisən.
(Mənə zarafat edən dostuma zarafatla verdiyim cavab)

Söylə, nə olub yenə, 
Bu qədər çaş kimisən?…
Dərdini söylə mənə,
Lal olma daş kimi, sən…

Çoxdu sözü böyüdən,
Nədir səni keyidən,
“Kitayski” düyüdən,
Süzülmüş aş kimisən.

Şoran yerdə əkilmiş,
Vaxtından tez tökülmüş,
Göz üstünə çəkilmiş,
Döyülmə qaş kimisən.

Çəkilib həyat yağın,
Cisminə yox dayağın,
Qalıbdır baş, ayağın,
Bir qazan xaş kimisən.

Vaxtsız qərar veriblər,
Yetişməmiş dəriblər,
Yaman yuyub-səriblər,
Görürəm yaş kimisən…..

Sanma Çingiz baş qoşa,
Daldan atılan daşa,
Sən Allah, düşmə başa, 
Dava-dalaş kimi sən…

Çingiz Kürdəmirli.
www.kafiye.net