Niyə bəyənmir qının?

 
(Əvvəllər dost hesab etdiyim, indi isə mənə
Yuxarıdan aşağı baxan bir şəxsin ünvanına)

Başağrısı olmasın,
Dinlə, əziz oxucum,
Dərdlərim həyuladək,
Edir üstümə hücum,
Məcburam ki, bölüşəm,
Qalmayıbdır əlacım…
Bir sirr var, istəmirəm,
Üstünü tamam açım,
Biri vardı…Demirəm,
Qardaşdı ya ki bacım,
Dəstək olmuşdum ona,
Nə qədər çatıb gücüm,
Özün toparlayandan,
Eylədi mənə hücum,
–Dedi:– “Sən kimisinə,
Yox daha ehtiyacım,
Ələnibdi ələyim,
Ovulubdu umacım,
Yolumda “göy işıq” var,
Ətək-ətək xəracım…
Yaxın gəlmə, yandırar,
Çox qızışıbdı sacım,
Bil ki, xeyir gətirməz,
Mənimlə qalmaqalın”….
Cavabın tapammıram,
Hələ də bir sualın,
Tısbağa qından çıxıb,
Niyə bəyənmir qının?…

Deyirlər mənzilindir,
Ürəyindəki niyyət,
Bu həyat verib mənə,
Bilin, hər cür əziyyət,
Qayğılı günlərim çox,
Azdır yaxşı vəziyyət,
Dözmüşəm hər əzaba,
Göstərmişəm qətiyyət,
Bir qarın yemək üçün, 
Etməmişəm itaət,
Məddahlıq qələmimə,
Eyləməyib sirayət,
Axtarıb tərif tapsan,
Şerimdə, işdi-şayət,
Bil, həqiqi olaydır,
Eyləmişəm riayət,
Bir də ki, gözəllərin,
Tərifi məndə adət…
Sadiqəm öz sevgimə,
Olmayıbdı xəyanət,
Hər zülmə tab gətirib,
Göstərmişəm dəyanət,
Bu sarsılmaz varlığım,
Dözəmmədi nəhayət,
Bircə kəlmə sözünə,
Həmin arkadaşımın…
Tısbağa qndan çıxıb,
Niyə bəyənmir qının?…

Çingiz dərdə düşəndən,
Dərd üstünə dərd gəlib,
Düşmənimdən qorxu yox,
Dost bağrını, dost dəlib,
Şeirimin hər sətiri,
Ömrüm kimi gödəlib,
Axıb gözümün yaşı,
Dərya kimi göllənib,
Bu, qəzavü—qədərdi,
Suyum çoxdan lillənib,
Zəmanənin ağrısı,
Kürəyimə şəllənib,
Cismimi tərk edib ruh,
Qəbrim hazır…Bellənib,
O kefdə,- karuseldə,
Mənim dərdim yellənib,
Baxıb üstdən aşağı ,
Bir az da çox şellənib,
Vicdanı olsaydı, gər,
Baş qaldırıb, dillənib,
Ayıldardı xəyalın, 
Zibil dolu çuvalın,
Cavabın tapammıram,
Hələ də bir sualın,
Tısbağa qından çıxıb,
Niyə bəyənmir qının?…

Çingiz Kürdəmirli.
www.kafiye.net