HƏSƏD.
roman.(69)

Bazar günü idi. Axşamdan bütün işlərini yoluna qoyan Arzu yenə də erkən oyanmışdı.Anasını və bacısını oyatmasın deyə, barmaqlarının ucunda gəzir, səhərin sükutunu pozmamağa çalışırdı.
Xavər xanımla görüşə məxsusi hazırlaşırdı. Bu qadına tez bir zamanda isinişməsinə, bağlılığına özü də təəccüblənirdi.Onun səmimiyyətinin, mehribanlığının qarşılığında o da eyni münasibət göstərməyə çalışırdı.Beləcə, tərəflər bir – birinə qarşı sürətlə addımlayır, doğmalaşırdı.
Arzu ütüləyib səliqə ilə asılqandan asdığı donuna baxdı. Gülümsədi.Hər dəfə bu donu geyinəndə anasının dediyi “ Arzu , sən bu görkəmdə allı – güllü çəmənlikdə çiçəkdən – çiçəyə qonan kəpənəyə bənzəyirsən” sözlərini xatırladı.
Daxilində bayramsayağı bir əhval – ruhiyyə vardı, sanki bu görüşdən qeyri – adi nələrisə gözləyirdi.
-Qızım, niyə tezdən oyanmısan?, – Zəhranın pıçıltısı eşidildi, – yatıb dincəlsənə. Dünəndən xeyli iş görüb yorulmusan.
-Mən ev işlərindən yorulmuram ana, – Arzu gülümsədi, – Sabahın xeyir olsun!
-Hər vaxtın xeyir qızım, – Zəhra məhəbbətlə ona baxdı, – adam səni görəndə bütün ağrı – acılarını unudur.
Ana – bala mehribanlıqla qucaqlaşdılar.
-Səhər tezdən yenə nə sevgi etrafıdır?, – Sevil dəhlizdə göründü, – bir – birinizi indi görürsünüz?
-Sabahın xeyir Sevil, – Arzu gülümsədi, – ana – bala sevgisinin vaxtı – vədəsi yoxdur, – deyib, Zəhranı yenidən qucaqladı.
Zəhra da qızının ipək saçlarını tumarlayıb, üzündən öpdü:
-Elədir qızım, – dedi, – Allah bu sevgini bizə çox görməsin.
Sevil əsnəyib, gərnəşdi:
-Sevgi…, – siz nə bilirsiz sevgi nədir, – astadan mızıldandı.
Anası ilə bacısı əl – üzlərini yuyana qədər Arzu mətbəxdə səliqəli bir çay süfrəsi hazırladı.Yenicə dəmlədiyi pürrəngi çayı stəkanlara süzüb süfrəyə qoydu.
-Rəfiqəngilə saat neçədə gedəcəyik?, – masa arxasına keçən Sevil soruşdu.
-Xavər xanım saat birdə maşın göndərəcək, – Arzu ötkəm cavab verdi.
Araya sükut çökdü. Sanki hərə öz fikirləri, düşüncələri ilə təkbətək qalmışdı.Biri digərinə mane olmaq istəmirdi.
Sevil qonaqlığa bir o qədər əhəmiyyət verməsə də, Zəhra da, Arzu da ürəklə hazırlaşırdı.
-Ana, – Arzu yeni donunu geyinib, güzgü qarşısında özünə baxan Zəhraya müraciət etdi, – sənin çox gözəl saçların var. İcazə versən, onları öz zövqümlə darayıb yığardım.
-Nə deyirəm, – ana gülümsədi, – mən sonuncu dəfə salonda olduğum vaxtı belə xatırlamıram.Saçımı sən boyamasan, heç yadıma da düşmür…Qadınlığımı unutmuşam…
-Eyb etməz, – Arzu onun saçlarına sığal çəkdi, – indi biz onlara tamam yeni bir görkəm verərik. Mənə sarı dön, rahat əyləş.
Zəhra sözəbaxan şagird kimi Arzunun bütün dediklərinə əməl edir, güzgüdə özünü görməyə tələsirdi.
-Elə bil toya gedirlər, – Sevir istehza ilə onlara baxdı, – şəxsən mən bər – bəzəksiz gedəcəyəm.
Ona əhəmiyyət verməyən Arzu anasının saçlarını məhəbbətlə darayır, bir yerə toplayıb, səliqə ilə yığırdı.
-Hə, – işinin uğurlu alındığını görüb sevindi, – indi baxa bilərsən. 
Çevrilib güzgüyə baxan Zəhranın təəccübdən gözləri böyüdü. İlahi, o necə dəyişmişdi! Üzünün ifadəsi də, gözlərinin baxışı da başqalaşmışdı sanki…Lap gəncliyində – xoşbəxt yaşadığı zamandakı kimi…
-Bir dəqiqə, – Arzu anasının vaxtsız qırışmış üzünə yüngülvari toxundu, – üzünə də bir balaca əl gəzdirək. Hərçənd ki, sənin bunlara ehtiyacın yoxdur, yenə də olsun.
Qızının heç bir sözünün əksinə getməyən Zəhra anbaan dəyişən görkəminə özü də heyrətlənirdi.İşini bütünlüklə bitmiş hesab edən Arzu :
-Bir bax, gör necə qadınsan!, – dedi,- Xanımlar xanımı!
Zəhra başını aşağı saldı, xəfif gülümsədi:
-Atan da elə deyərdi…, – astadan dilləndi.
Telefon zəng çaldı. Arzu qaçıb dəstəyi qaldırdı.Xavər xanım idi.
-Bəli, bəli, – Arzunun gözləri güldü, – hazırlaşırıq. Bəli, baş üstə…Aha, saat birdə. Oldu , əzizim.Mən də sizi öpürəm.
Saata baxdı. Özünün hazırlığı üçün də kifayət qədər vaxt vardı.
Çingiz mətbəxdəki qab – qacaq səsindən anasının məxsusi hazırlığını hiss edirdi.Xavərin əl qabiliyyətinə də, süfrə açıb, qonaq qəbul etmək bacarığına da yaxşı bələd idi.
Yerindən qalxıb əl – üzünü yudu. Mətbəxdə başı biş – düşə qarışan anasını yavaşca qucaqladı.
-Oyandın?, – Xavər də oğlunun boynunu qucaqlayıb üzündən öpdü.
-Bəh – bəh ! Anam nə yaman hazırlıq görür!, – Çingiz gülümsəyib gözlərini qıydı.
-Bəs necə! , – Xavər qürurlandı, – gör bir bizə kim gəlir!, – arzularımızın Arzusu! Allah sizi xoşbəxt eləsin, bala!
-Sağ ol, ana, – Çingiz astadan dilləndi, – hər şey özümüzdən asılıdır.
-Düz deyirsən, – ana çay süzüb süfrəyə qoydu, – hörmətlə dolanarsan, hörmət də görərsən. 
-Elədir, – Çingiz çaydan içdi, – mən şirkətdə olacağam. Vacib işlərim var. Sözün olsa, oraya zəng vurarsan.
-Yaxşı, – ana razılaşdı, – atan da bir neçə günə qayıdacaq. Qoy gələndə bütün işləri səliqə – sahmanda görsün.
-Əlbəttə, – Çingiz çayını içib ayağa qalxdı, – siz necə lazımdırsa, dincəlin, istirahət edin, – dəhlizə keçib ayaqqabılarını geyindi. Nə düşündüsə, – amma…mənim barəmdə…, – barmağını dodaqlarına yaxınlaşdırdı.
-Arxayın ol!, – Xavər əminliklə dilləndi, – heç nə bilməyəcəklər. 
-Ay mənim tədbirli anam!, – Çingiz anasının üzündən öpdü, sağollaşıb evdən çıxdı.
Danışıldığı kimi, saat birdə avtomobil artıq həyətdə Arzugili gözləyirdi. 
-Hə , maşın artıq burdadır, – pəncərədən baxan Arzu dilləndi, – gəlin yubanmayaq. 
Hər üçü hazırlaşıb, evdən çıxdılar. Girəcəyin yaxınlığında dayanmış par – par parıldayan qara rəngli, xarici markalı iri avtomobili görcək Sevilin gözləri böyüdü:
-Oho! Afərin! Kareta bizi gözləyir!
-Yavaş!, – Arzu narazı tərzdə dilləndi, – eşidən olar.
Onları görcək sürücü maşından düşüb ədəblə salamlaşdı və qapıları açdı.
Sevil dəvət gözləmədən tələsik keçib bəyəndiyi yerdə əyləşdi. Arzu isə anasının əlindən tutub oturacağa əyləşməyə kömək etdi.
Sifariş verdikləri şirniyyatları dükandan alıb, Çingizgilə yollandılar.
İri qonaq otağının bir tərəfində yemək , digər tərəfində isə şirniyyat masası hazırlayan Xavər qonaqlarının gəlişini səbrsizliklə gözləyirdi.
Nəhayət qapının zəngi çalındı. Gözlükdən , gələnlərin Arzugil olduğunu görən ana tələsik qapını açdı.
Zəhranı da , qızlarını da hörmətlə qarşıladı, üzlərindən öpüb otağa dəvət etdi. Arzunu bağrına basıb:
-Evimə xoş gəldin, qızım, – dedi, – qədəmlərin mübarək!
Arzu da onun boynunu qucaqladı:
-Sağ olun, Xavər xanım! Xoş günlərinizə gələk!
Otağa keçən Sevil çaşbaş qaldı.İlahi, o hara düşmüşdü? Bu, nə dəbdəbə idi? 
Qonaqlarını yerbəyer etdikdən sonra Xavər cəld mətbəxə yollandı. 
Fürsətdən istifadə edən Sevil:
-Aman Allah!, – dedi, – gör necə yaşayan insanlar var!Söz tapmıram!, – ətrafa nəzər saldı, – elə bil muzeydir!
-Ay qız, – Arzu astadan dilləndi, – sakit ol. Xavər xanım eşidər, yaxşı deyil axı…
Sevil sanki onu eşitmirdi:
-İlahi! Sən bir mebelə bax, lap qədim dövrlərdəki imarətlər kimi ! …qablar alışıb yanır. Hələ pərdələr….teatr səhnəsinin pərdələrini xatırladır! , – başını qaldırıb hündür tavandan asılmış çılçırağa baxdı, – hələ bax! Adamın gözləri qamaşır! Hər şey….hər şey bir – birini tamamlayır. Xalılar da çox gözəldir!, – ayağının altındakı yumşaq xalıya işarə etdi, – elə bil qu tüküdür.
-Hə , siz rahatlanın, – Xavərin səsi gəldi, – heç nədən çəkinməyin, özünüzü öz evinizdəki kimi hiss edin.
-Çox sağ olun, – Arzu onun yanına , mətbəxə keçdi, – bizə görə narahat olmayın. Özgə deyilik ki, gəlin birlikdə əyləşib söhbət edək.
-Əlbəttə, bu gün birlikdə olacağıq. Doyunca söhbət edəcəyik.Bizə heç kim mane olmayacaq.
Çox keçmədi ki, yüksək zövqlə bəzədilmiş , üzərinə cürbəcür şirniyyatlar, mürəbbələr, çərəzlər düzülmüş süfrəyə pürrəngi çay gəldi. 
Xavər can – başla qonaqlarına qulluq edir, xırda , bəzəkli nimçələrə şirniyyatlardan qoyur, növbənöv mürəbbələr təklif rdirdi.
-Xavər xanım, – Zəhra dilləndi, – bəs qızınız hanı? Bizi onunla da tanış etmək istəmirsinizmi?
-Qızım ? Mənim qızım yoxdur ki…Bircə oğlum var, – gülümsədi, – gözümün ağı – qarası.
-Necə? , – Arzu təəccübləndi, – bəs…axı…demişdiniz ki o, bizim şirkətdə…
-Həəə, – Xavər sanki yuxudan ayıldı, – elədir…elə demişdim, – fikrində vəziyyətdən çıxış yolu axtardı, – necə deyim, – çaydan bir qurtum içdi, – o zamankı vəziyyət bunu tələb edirdi… mən şöbəyə başqa necə gələ bilərdim?, – Arzunun çaşqın gözlərinə baxdı, – səni necə görə bilərdim?
-Məni görmək…nəyinizə lazım idi ki?, – Arzu astadan dilləndi, – biz ki, o zaman bir – birimizi tanımırdıq.
-Lazım idi, – Xavər gülümsədi, – çox lazım idi…haqqında eşitdiyin insanı görmək həmişə maraqlı olur. Güman edirəm ki…bunu mənə ciddi irad tutmazsınız , – xəfif gülümsədi , – bütün bunların çox gözəl sonluğu olacaq, – Zəhranın da , qızların da sual dolu baxışlarını hiss edib söhbətinə davam etdi, – Allahdan həmişə qız istəmişəm…Neyləyim, taleyimə yazılmayıb…Əvəzində çox qeyrətli, namuslu, ləyaqətli bir oğul verdi qurban olduğum.Şükür məsləhətinə! Onun köməkliyi ilə də…bir qız qazanaram. Qapımdan girən gəlin mənim balam, qızım olacaq. Oğlum da o evin oğlu olar, məni bağışlayın, plitədəki yeməyə baxım, gəlirəm,- deyib tələsik mətbəxə keçdi.
-Heç bir şey anlamıram, – Arzu anasına baxdı, – Xavər xanım nə demək istəyir?
-Narahat olma, – Zəhra gülümsədi, – normal haldır.
-Nəyi anlamırsan?, – Sevil çoxbilmiş görkəm aldı, – məncə…hm…özün fikirləş…, – pıçıldadı, – onun bir oğlu var…
-Hə.
-Nə hə? Özü də səni görmək üçün şöbənizə gəlib. Qızı isə…sadəcə bəhanə olub…
-Nə?…Necə?…, – Arzu qarşısındakı stəkanı əli ilə itələdi, – Məni görməkdə məqsədi nə imiş?
-Eehhh!, nə dilbilməzsən!
-Hə, yeməklərimiz də hazır oldu, – otağa keçən Xavərin səsi söhbəti kəsdi, – bir azdan yemək masasına keçərik. Sizinçün məxsusi yeməklər bişirmişəm, – gülümsədi, – biz yoldaşımın işləri ilə əlaqədar Avropa dövlətlərində də yaşamalı olmuşuq. Onların mətbəxlərindən də bəzi yeməklərin hazırlanma qaydasını öyrənmişəm. Bu gün sizi həm öz, həm də xarici mətbəxlərin təamlarına qonaq edəcəyəm.
Xavər danışır, Arzu isə…onun gözlərinə baxıb, hərdənbir gülümsəməyə çalışsa da , fikri Sevilin söylədiklərinin yanında idi.
“ Belə çıxır ki…Xavər xanım…məni oğluna…Aman Allah!!!! Yox yox ! Ola bilməz! Heç zaman ola bilməz! Mənim öz ürəyimdəki var! Öz seçimim, öz sevgim! Öz arzularım! Onlara heç kim mane ola bilməz! Heç kim! Məni Çingizdən yalnız ölüm ayıra bilər! Xavər xanıma olan sonsuz hörmətim və məhəbbətim də mənimlə Çingizin arasına girə bilməz! Heç vaxt…!”.
Arzunun əhvalındakı dəyişikliyi Zəhra bir cür, Sevil isə başqa cür yozurdu. Ananın düşüncəsinə görə qızı qəfil eşitdiyi xəbərdən sarsılmış, çaşbaş qalmışdı. Sevilin anlamına görə isə bacısı iki seçim qarşısında idi.Nə Xavərdən keçə bilirdi, nə də Çingizdən…
-Sizə söz verdiyim sürprizin də vaxtı çatıb, – deyib Xavər yan otağa keçdi.
Çox keçmədi ki, əlində səliqə ilə bükülmüş bir neçə bağlama geri qayıtdı:
İri bağlamanı Zahraya uzatdı:
-Bu, mənim əziz bacımın. Çox gözəl bir donluqdur. Əminəm ki, ürəyinizcə olacaq, açın, baxın.
Zəhranın tərəddüd etdiyini görüb, bağlamanı özü açdı. Donluq parça həqiqətən də çox gözəl idi.
-Bunlar isə…qızlarımın, – deyib, – iki eyni kosmetika dəstinin birini Arzuya, digərini isə Sevilə uzatdı, – onlar gəncdirlər. Bəzənib- düzənən vaxtlarıdır.
-Vallah, əziyyət çəkmisiniz!, – Zəhra necə təşəkkür edəcəyini bilmədi, – adam söz də tapmır.
-Heç bir əziyyəti yoxdur, – Xavər onu qucaqladı, – mən insanlara hədiyyələr bağışlamağı, könüllərini xoş etməyi çox sevirəm. Onlar razı qalanda, sevinəndə mən də sevinirəm, rahat oluram.
-Allah ürəyinizə görə versin!, – Zəhranın gözləri doldu, – yaxşılıqlarınızın birə – min əvəzini versin.
-Dəyməz, – Xavər söhbəti dəyişdi, – hə, Arzu qızım mənə kömək etmək istəyirmi?
-Əlbəttə, – Arzu dilləndi, – siz əyləşin, mən nə lazımdırsa , özüm edəcəyəm.
-Birlikdə edəcəyik, – Xavər gülümsədi, – lap ana – bala kimi.
Arzunun tutulduğunu görüb, yavaşca qoluna girdi:
-Gedək, mətbəxdəki yeməkləri gətirib masaya düzək.


ARDI VAR

Gövher Rustemova
www.kafiye.net