HƏSƏD. roman (68)

Mətbəxdəki qab – qacaq səsinə yuxudan oyanan Zaur saata baxdı.” Bu gün istirahət günüdür, anam nə tezdən oyanıb?!” , – düşündü.
Yerindən qalxıb, dəhlizə keçdi. Mətbəxə tərəf boylandı. Kamilə yır – yığışla məşğul idi.
-Ana, – Zaur astadan dilləndi, – niyə dincəlmirsən?
-Səni oyatdımmı?, – Kamilə gülümsədi, – vərdişdr. Bu vaxtlar yata bilmirəm. Özümdən biixtiyar oyanıram. Ürəyimdə o qədər götür – qoy edirəm ki, yuxum qaçır.
-Maraqlıdır, – Zaur da gülümsədi, – nəyi götür – qoy edirsən?
-Hm…, – Kamilə cavab verməyə tələsmədi, – əl – üzünü yu gəl hələ.
-Yaxşı, – Zaur razılaşdı.
Oğlu yuyunana qədər ana ona gözəl bir süfrə hazırladı, təzədəm çay süzdü:
-Hə, – dedi, – gəl bir söhbət edək.
-Edək, – Zaur məhrəbanı yerinə asıb, masa arxasına əyləşdi.Çaydan bir qurtum içdi, – sözlü adama oxşayırsan.
-Qardaşından məktub gəlib, – deyib Kamilə süfrənin altındakı zərfi çıxartdı, – sonuncu imtahanını da uğurla verib.
-Nə yaxşı, – Zaurun gözləri güldü, – Afərin!
-Hə…, – Kamilə də gülümsəməyə çalışdı.
-Bəs …niyə fikirlisən?, – Zaur anasına zəndlə baxdı, – sevinsənə!
-Əlbəttə , sevinirəm…amma…
-Ana, – Zaurun səbri tükəndi, – nə amma? Səni narahat edən nəsə varsa, açıq söylə.
-Narahat deyəndə ki…, – Kamilə söhbətə başladı, – deyirdim oxuyub gələr. Yaxşı bir iş tapar.
-Aha, – Zauru maraq aldı.
-Evləndirərik, – Kamilə davam etdi.Hətta…qız da gözaltı eləmişdim.
-Lap yaxşı, – Zaur iştahla yeməyə başladı, – burda nə var ki?
-Nə olacaq? Yaxşı deyirlər ki, “ sən saydığını say…”
-İndi keçək fələyin saydığına, – Zaur güldü.
-Yazıb ki, göstəricilərim yüksək olduğuna görə, məni burada saxlamaq istəyirlər, – ananın səsi titrədi.
-Əla! , – Zaur sevincək cavab verdi, – bu ki əla oldu! Elə bir nüfuzlu universitetdə oxuyub işləmək hər adama nəsib olmur.
-Orası elədir, – Kamilə köks ötürdü, – amma…mən anayam. Övladımı gözümün qarşısında görmək istəyirəm. Arzu – kamla toy edib, gəlin gətirmək istəyirəm.
-Nə olar, məzuniyyətə gələndə bu barədə onunla danışarsan.
-Ehh…vəziyyət başqa cürdü.
-Nə cür?
-Yazıb ki, bəyəndiyim qız var. Özü də…xarici…
-Doğru sözüdür?, – Zaur tikəsini uddu, – sağ ol, qaqa!
-Sən nəyə sevinirsən?, – Kamilə qayğılı görkəm aldı, – xaricidən adama gəlin olar?, – sözünə ara verdi, – düz deyirlər ki, uşağı gərək gözündən kənara qoymayasan. Böyük olsaq da , hərdənbir özümüzdən böyüklərin məsləhətini dinləyək gərək.
-Ana, – Zaur anasına təsəlli verməyə çalışdı, – burda narahat olası bir şey yoxdur.Könül sevən göyçək olar. Yəqin ki, ürəyinə o yatıb.Bir də ki, – gülümsədi, – o sənə gəlin yox, özünə həyat yoldaşı seçib.Öz həyatını kiminlə bağlamaq istəyirsə, qoy bağlasın.Sənin gözaltınsa, – gülümsədi, – sənin seçimindir, onun yox.
-Düz deyirsən, amma…hər halda öz millətimizdən olsaydı, yaxşı olardı.
-Seçimi öz öhdəsinə burax.Hər bir kəsin həyatını öz istədiyi şəkildə yaşamaq haqqı var.
-Hə…gələn ay məzuniyyətə gələcək. Yerli – yataqlı söhbət edərik, – fikrə getdi, – Orxanın da əsgəri xidmətini bitirməsinə az qalıb. Sağ – salamat qayıtsın bircə…Amma gözaltımı əldən vermək fikrində deyiləm, – xəfif gülümsədi, – məqam tapıb, Orxana göstərəcəyəm. Qız ürəyimə elə yatıb ki…Kaş bu evdə elə bir gəlinim olaydı.Ağıllı , kamallı, gözəl – göyçək, yerini bilən.Hələ ailəsini demirəm! Necə yüksək mədəniyyət sahibidirlər! Əsl özümüzə, ailəmizə uyğun!
-Ana, – Zaur dilləndi, – sən hansı zamanədə yaşayırsan? Çadranı başına salıb, qız bəyənmək dövrü arxada qalıb.
-Məsləhətli don gen olar.
-Razıyam. Böyük məsləhəti faydalı olur, amma ana, inan mənə seçim insanın öz ürəyicə olmalıdır.
-Olsun da. Bəlkə elə görən kimi bir könüldən – min könülə aşiq olacaq? O qızı bəyənməmək olar?, – Kamilə gözucu oğluna baxdı, – huri – mələkdir. Kimliyi sənə maraqlı deyil?
-Tanıdığımız adamdır?, – Zaur maraqla anasına baxdı.
-Əlbəttə. Tanımadığımızı bu qədər tərifləyərəmmi?
-Kimdir?
-Yaxşı düşün. Gör ağlına kim gəlir?
-M…m…, – Zaur fikrə getdi, – nə bilim…elə bir adam fikrimə gəlmir, – gülümsədi, – mənim camaatın qızı ilə nə işim var axı?
-Həə, – Kamilə oturacağa söykəndi, – ipucu verirəm. Sən onu hər gün görürsən. Xətrini çox istəyirsən. Ad günündə də bizdə olub, – nə fikirləşdisə, üstündən tez ötməyi qərara aldı, – bir sözlə, yaxşı qızdır.
“Aman Allah!, – Zaurun boğazı qurudu, – yoxsa…yoxsa anam…Nübarı nəzərdə tutur?”.
Anasının gözlərinə baxdı. “ Həə, deyəsən elədir!”.
-Yaxşı, – Kamilə oğlunu çox gözlətmədi, – onu da qoy deyim, siz bir yerdə oxuyursunuz.
-Ana!, – Zaur sanki diksindi, – sən nə danışırsan?, – özü də hiss etmədən səsini qaldırdı.
-Nə oldu?, – Kamilə çaş – baş qaldı, – pis qızdır ki? Kaş hər evə o cür gəlin nəsib olaydı. Siz otaqda şənlənəndə burda, mətbəxdə mənə o qədər kömək etdi ki….Necə səliqə – sahmanlı qızdır. Heç deməzsən ki, o cür kübar ailənin yeganə övladıdır. Əziz – giramisidir. Halal olsun o cür qız böyüdən anaya! Rəfiqə xanım özü də bir başqa aləmdir. Yox, bu cür ailəni, o cür qızı əldən vermək olmaz.
-Demək…Nübar da , ailəsi də ürəyinə çox yatıb, – Zaur gülümsədi.
-Hə, çox! Özü də lap çox! , – Kamilə qətiyyətlə dilləndi, – Onu əldən verən deyiləm!
-Olsun. Vermə!, – Zaur ucadan güldü.
-Nəyə gülürsən?, – ana təəccübləndi, – Orxanıma da yaraşar!
-Sənin Orxanının öz gözaltısı var, – Zaur yenidən güldü, – məlumun olsun.
-A…necə yəni?, – Kamilə çaşqınlıqla oğluna baxdı, – necə yəni…sən…nə…
-Ana, özü gələndə sənə hər şeyi izah edəcək. Onlar məktəb illərindən bir – birinə söz veriblər. Hələlik bu qədər, – deyib Zaur yerindən qalxdı.
-Dayan görüm a bala, – Kamilə oğlunu əylədi, – kimdir? nəçidir?
-Artıq heç bir şey söyləməyəcəyəm, – Zaur ciddi görkəm aldı, – qardaşımın mənə etdiyi etibarı itirmək fikrində deyiləm.
-Yaxşı bəs…, – Kamilə oğluna baxdı, – bəs…Nübar? Mən o qızı balam kimi sevdim. Xəyalən onu bu evdə gəlin gördüm,ailəsini özümə doğma bildim, – gözləri doldu, – niyə belə oldu axı?
-Nə oldu ki?, – Zaur anasını qucaqladı, – məncə…elə ciddi bir şey olmayıb.
-Olub, – Kamilə köks ötürdü, – mən onu çox bəyənirəm.
-Lap yaxşı edirsən, – Kamilənin üzündən öpdü, – elə də davam et.
-Eh…xeyri nədir…, – ana məyus – məyus oğluna baxdı, – xəyallarım puç oldu.
-Olmayıb, narahat olma.
-Olub, olub, – əlindəki çay dəsmalını yüngülcə oğlunun kürəyinə vurdu, – böyümüsünüz, ana sözünə baxmırsız.
-Mən baxıram, – Zaur gülümsədi, – nə desən, razıyam.
-Ehh…vaxtı çatanda sən də qulaq asmayacaqsan.
-Asacağam. Söz verirəm, – Zaur güldü, – hərçənd ki, vaxtı deyil…amma…
-Nə demək istəyirsən?, – Kamilə sanki yuxudan ayıldı.
-Demək istəyirəm ki…
-Hə….
-Demək istəyirəm ki.., – rəngi alındı, – sənin…hələ bir oğlun da var.
-Nə…harda…, – Kamilə özünü itirdi.
-Ehtiyatda, – Zaur ucadan güldü, – yoxsa məni hesaba almırsan?
-Sən…sən…a bala…
-Bir söz idi dedim, – anasının yanağından öpdü, – səni məyus edə bilmərəm.Arzuna çatmağın üçün əlimdən gələni edəcəyəm.
-Bıy…, – Kamilə nə deyəcəyini bilmədi, – sən..Nübar…dayan görüm.
-Gedim imtahan suallarına baxım, – Zaur dəhlizə çıxdı, – dönüb mat qalmış anasına baxdı, – istəyin nə vaxtsa gerçəkləşə bilər.
Kamilə bir söz deməyib, yenidən oturacağa əylşdi. “ Zaman nə tez ötdü, – düşündü, – Zaurum da böyüyüb sən demə…Qız bəyənib, – gülümsədi, – özü də…Nübarı! “.
-Hə , yaxşı yadıma düşdü, – Zaur yenidən mətbəxdə göründü, – o da səni çox istəyir. Bax, görürsənmi, – dodağı qaçdı, – hər şey qarşılıqlıdır.
-Belə görürəm ki, torbada pişik var, – ananın gözləri güldü, – deyəsən sən hamıdan qabağa düşəcəksən.
-Yox ana, – Zaur mehribanlıqla anasına baxdı, – mənim təhsilimi başa vurmağım, əsgəri xidmətə getməyim üçün zaman lazımdır. O vaxta qədər qardaşlarım da evlənər. Mən sənin sonbeşiyinəm, önə keçmək fikrim yoxdur.
-Bəs…Nübar…istəyəni olsa, o zaman…necə olacaq?
-Ürəyindəyəmsə…gözləyər.
-Özü ilə bu barədə danışmısanmı?
-Hələ ki…yox.
-Danış…mütləq danış.
-Məncə…o da eyni fikirdədir.
-Bu gündən sabaha etibar yoxdur, – ana qayğılı görkəm aldı, – həm də bir yerdə oxuyursunuz. Gec – tez məsələ üzə çıxacaq. Qızı evlərinə ötürmək, gəzintiyə dəvət etmək istəyəcəksən.
Zaur dillənmədi.
-Qızın adına söz gələ bilər axı…Ailəsi də narahat olar.
-Olmaz. Biz heç bir qəbahətə yol vermirik. Sadəcə tələbə yoldaşıyıq, vəssalam.
-Xeyirli olsun, bala, – Kamilənin gözü yol çəkdi, – təki hər şey könlümüzcə olsun.Qardaşların da gələr, bir yerə toplaşıb, qərar qəbul edərik.
-Nə qərar?, – Zaur güldü, – qərar qətidir.
-Onu demirəm…, – Kamilə də güldü, – deyirəm bəlkə…Rəfiqə xanımla danışım…bir üzük də olsa…
-O sonranın işidir. Mən sənin narahatlığına son qoymaq üçün bunları söylədim.Sonrasını isə…zaman göstərər.

Ardı var.

Gövher Rüstemova
www.kafiye.net