HƏSƏD. roman(67)

Mətbəxi səliqəyə saldıqdan sonra yataq otağına keçən Arzu Sevili əlində kitab çarpayısında yuxulayan gördü.
Ehmalca ona yaxınlaşıb, astadan:
-Sevil, – dedi, – yatmısanmı?
Sevil gözlərini açdı. Çaşqınlıqla bacısına baxıb:
-Nə olub? , – dedi.Məni yuxu tutubmu?
Əlindəki kitabı kənara qoyub, yerindən qalxdı.
-Yəqin ki, çox yorulmusan, – Arzu onu qucaqladı, – bu günlük bəsdir, əynini dəyiş, uzan yat.
-Yorulmamışam, – Sevil bacısının qolları arasından çıxdı, – bezmişəm!
-Nədən?, – Arzu təəccübləndi.
-Hər şeydən! Addımbaşı alçalmaqdan, təhqir olunmaqdan, kiminsə qarşısında əyilməkdən….
-Anlamadım! Kimin qarşısında?
-Hamının!, -Sevil üzünü yana çevirdi, – elə bil hər şey mənim qəsdimə durub.Hamı məndən qisas almaq istəyir. Həyat hər addımda məni alçaltmağa çalışır.Sonra da deyirlər qismət belə gəldi, tale belə getdi…Bu talenin bir xoş yazısı yoxdurmu? 
-Nə olub axı?, – Arzu bir qədər fikrə getdi, – bəlkə…bu gün Nübargilə getmişdinmi?
Sevilin üzünə narazı ifadə gəldi:
-Elə yadlaşıblar ki…, – gözləri doldu, – elə bil həmin adamlar deyillər, – sözünə ara verdi, – baxışları qılınc kimi kəsirdi məni. Anası heç üzümə baxmaq istəmirdi…Evin kandarında…boynubükük qalmışdım.
-Həə, – Arzu köks ötürdü, – hər günahımızı həyatın boynuna yükləməyə adət etmişik…özümüzü isə sığortalayırıq.Heç nədə təqsiri olmayanlar kimi, – qısa ara verdi, – bilirsən, bu yaxınlarda maraqlı bir hekayətə rast gəlmişdim. Adı da…səhv etmirəmsə…” Talelər kitabı” idi.Maraqlıdırsa, qısa məzmununu danışım, anlaya bilsən doğru nəticə çıxaracaqsan.
-Danış, – Sevil könülsüz dilləndi, – yenə həyat dərsi verməyə çalışırsan.
-Qulaq as, – Nübar yerini rahatladı, – Bir gənc üzünü göyə tutub uca Yaradana:
-Doğrudurmu ki, bizim taleyimiz qabaqcadan yazılır?, – deyir. Hətta biz dünyaya gəlməmişdən o, artıq müəyyənləşmiş olur?
-Doğrudur, – qeybdən səs gəlir. Bütün insan taleləri bir kitaba yazılır – “ Talelər kitabı”na. İstəsən, baxa bilərsən.
Elə bu zaman kiçik bir kitab peyda olur.Gənc kitabı əlinə alır:
-Bu ki, kiçik bir kitabdır, bütün insan taleləri buraya necə sığışır?, – deyib, – kitabı vərəqləməyə başlayır. 
Orada həyatın bütün mərhələlərinin aydın təsvirini görür.
-İndi isə, – yenə səs gəlir, – öz səhifəni tap, aç.
Gənc vaxt itirmədən öz səhifəsiini axtarıb tapır.Elə həmin an səhifədə hərflər, hecalar, sözlər, daha sönra cümlələr yazılmağa başlayır.
-Aman Allah!, – gənc heyrətlənir, – buraya mənim taleyim yazılır!
-Bəli, – cavab gəlir, – o taleni həyat kitabına sən özün yazırsan! Öz əməllərinlə…Yaxşını da, pisi də yazan sən özünsən! Səhifənə yazılanlar da məhz sənin özündən asılıdır.Odur ki, əziz bacım, həyat kitabımızı biz özümüz yazırıq. 
-Ehh…kaş ki, insan hər şeyi qabaqcadan biləydi, – Sevil köks ötürdü, – səhvlərə yol verməzdi, həyatını öz bildiyi kimi yaşayardı.
-Hər şey qabaqcadan məlum olsa, həyat maraqsız olar, – Arzu gülümsədi, – çox şeylər insanın öz öhdəsinə buraxılır.
-Amma…mənə elə gəlir ki…mənim taleyim qabaqcadan yazılıb…özü də…
-Sevil, – Arzu ciddi görkəm aldı, – özün də bilirsən ki, olanlarda şəxsən özün günahkarsan! Hər bir əməlin cavabı var. Yaxşının da, pisin də.Bu gün yaşadıqların isə…pis əməlinin nəticəsi idi.Əgər o ailəyə qarşı dönük çıxmasaydın, naxələflik etməsəydin, təbii ki, bu gün başqa mənzərə ilə rastlaşacaqdın…Nə isə…Gecdir. Gəl yataq. Sabah şənbədir, söhbət etməyə kifayət qədər vaxtımız olacaq.
-Söhbət!, – Sevil dodaqltı mızıldandı, – söhbətlərin də ancaq məni danlamaqdır!, – gecə köynəyini geyinib, çarpayısına uzandı.
Arzu otağın işığını söndürüb, yatağına yaxınlaşdı:
-Mənim məqsədim sənə kömək etmək, doğru yol göstərməkdir.Gecən xeyrə qalsın!, – dedi.
Səhəri , istirahət günü olsa da, Arzu adəti üzrə hamıdan erkən oyanmışdı. Çay dəmləyib, səhər yeməyi hazırlmış, anasını işə yola salmışdı. 
Sevili oyatmasın deyə, otaqları, dəhlizi sakitcə yığışdırır, sahmana salırdı. 
Özlüyündə” Təmirsiz evi səliqəli saxlamaq həqiqətən də çətindir”, – düşündü. Bir anlığa duruxdu:
-Təmirsiz ev…Aman Allah! Çingiz…Çingiz bu ev – eşiyi görərsə…Göndərəcəyi elçilər…, – qızın nəfəsi darıxdı, – o zaman…nələr baş verə bilər ? Elə bir imkan sahibi gördüklərinin qarşılığında özünü necə aparacaq?, – əlindəki süpürgəni kənara qoyub, dəhlizdəki kətilə əyləşdi.Evi bir də gözdən keçirdi, – fikrindən dönəcəkmi? Ürəyində Arzuya rişxənd edib, güləcəkmi?, – gözləri doldu.
Daxilində hansısa bir səs ona sanki” Sakit ol, Arzu!, – dedi, – Çingiz sənin özünü sevib. Təmizliyinə, düzlüyünə aşiq olub. Sənin maddi imkansızlığın onu yolundan döndərə bilməz! Arxayın ol!”.
Qız dodağını dişlədi. İndi onun belə təsəlliyə çox böyük ehtiyacı vardı.Çingiz onun ürəyinin bir parçasına, həyatının mənasına çevrilmişdi. Ona bütün varlığı ilə bağlanmışdı.Gözü başqa bir kimsəni görmürdü.
-Nə oldu, nə tez yoruldun?, – Sevilin səsinə fikirdən ayrıldı.
-Yorulmadım, sadəcə evin təmiri barədə düşünürəm.
-Təmiri?, – Sevil ucadan qaqqanaq çəkib güldü, – evin təmiri? Halaldı!
-Məncə məvacibimi bir yerə toplasaq, nələrisə edə bilərik, – Arzu pərtliyini büruzə vermədi.
-Bu evi təmir etmək üçün sənin heç onillik məvacibin də yetməz!, – Sevil gülməyə davam etdi, – səhər – səhər əcəb güldürdün məni…
-Bilmək olmaz, – Arzu yerindən qalxdı, – ümid sonda ölür.
-Xülyalarla yaşama!, – Sevil əl – üzünü yuyub – quruladı, – amma öz aramızdır, , – gülümsədi, – yavaş – yavaş mən deyənə gəlirsən ha…
-Sevil, mən də , anamız da çox gözəl bilirik ki, evin təmirə ehtiyacı var. Amma səndən fərqli olaraq, biz üsyan etmirik, kimsəyə həsəd aparıb, pisliklərə əl atmırıq.Çıxış yolu axtarırıq.
-Axtarın, axtarın, – Sevil rişxəndlə bacısına baxdı. Axtaran tapar!, – mətbəxə keçib, özünə çay süzdü, – həyata açıq gözlə baxmaq lazımdır. Mümkün olmayan şeylər barədə isə…yalançı xəyallar qurmaq avamlıqdan başqa bir şey deyil.
“Nə bilim…Bəlkə də Sevil haqlıdır…”, – Arzu otağı silə – silə yenidən özlüyündə götür – qoy etməyə başladı, – amma…əlimizdən nə gəlir ki?…Bir də ki…bir də ki…əgər Çingizi bütün bunlar yolundan döndərəcəksə…bəlkə də…elə məsləhətdir.”. Gözləri doldu. Dillənən ürəyi idi…Hissləri isə…başqa söz deyirdi.

Ardı var.

Gövher Rüstemova
www.kafiye.net