SEVGİ NAĞILI

25 il sevə sevə ayrı düşmüş bir sevginin vüsala yetdiyi günün ildönümünə həsr olunub.

O. Salam olsun sənə vəfasız yarım,

Mən. Nə bildin pozuqdur əhdim
ilqarım?

O. Sən məni tərk edib getmişdin ərə.

Mən. Qayıtmaq lazımsa ötən günlərə,
Dinlə,mən söyləyim sənsə as qulaq,

O. Çoxdan gözləyirdim səndən bir soraq.

Mən. Kim oldu vəfasız kim əhdi 
pozdu?

O. Bu sirri hərə bir tərəfə yozdu.

Mən. Bildinmi o günüm yas oldu ya toy?
Susmuşam bir daha danışmayım qoy.

O. Mənə dedilər ki, özün getmisən, 
Sevgi bağımızı viran etmisən.

Mən. Əgər yadındasa o son gedişin,
Keçmişlə bir daha olmasın işin.

O. Yadımdadır, mənim sevgili yarım,
Vaxtsız xəzan olan o ilk baharın.

Mən. Bəs niyə baharı eylədin xəzan?

O. Bəlkə belə yazmış taleyi yazan.

Mən. İndi keçmişinlə qayıtdın yenə.

O. Nə olar gəl unut, zülm etmə mənə.

Mən. Bildinmi sənsiz heç nələr çəkmişəm?
Hər gün sevinc əkib kədər biçmişəm.

O. Mən də sənsizliyin çəkdim cəzasın,
Amma heç yıxmadım ümid dünyasın.

Mən. Bir acı dastanmış nakam sevgimiz, 
Qoşa döyünürmüş hər an qəlbimiz.

O. Hər şeydən güclüdür bir onu bil ki,
Otuz il ürəkdə yaşayan sevgi.

Mən.Vaxtsız dönüşünə indi nə deyim?

O. Sən sual et mənsə cavab söyləyim.

Mən.Uyutdun bu eşqi otuz il niyə?

O. Bizdən fərqli cavan qalsın o deyə.

Mən. Axı ömrümüzün payız fəslidir,

O. Nə olsun,sevgimiz xoş nəfəslidir.

Mən.Onda sevgimizə bir ad qoy əzəl,

O. Qoymuşam adını mən,”Yatmış gözəl”

Mən. Bundan sonra ömür edərmi vəfa?

O. Bilməm, o sirr yalnız məxsus Allaha.

Mən. Tanrı yenə bizi ayırsa birdən?

O. Artığıqmı Məcnun, ya da Leylidən?

Mən. Mən həyatın çox sərt üzünü gördüm,
Nə rahat yaşadım, nədə ki, öldüm.

O. Sənin çəkdiyini çəkmişəm mən də,
Amma, arzuları yaşatdım səndə.

Mən. Daha o illərə dönmək çətindir,

O. Bax bizim sevgimiz bahardı indi.

Mən. Nələr yaşamadıq qaralı ağlı,
Beləcə yaratdıq sevgi nağılı.

O. Yaşatdı əsirlər Leyli Məcnunu,
Təəssüf o sevginin puç olmuş sonu.

Mən. Biz qırıb bu yolda çox tilsimləri, 
Yıxdıq önümüzə çıxan divləri.

O. Oyatdıq sonunda yatmış gözəli,
Başladı bu eşqin son yox əzəli.

Biz. Keçəcək fəsillər keçəcək illər,
Bu sevgi əbədi yaşayacaqdır. 
Bəlkə bizdən sonra gələn nəsillər,
Bizim bu nağılı oxuyacaqdır,
Sevgi nağılını oxuyacaqdır.

Müəllif.Metanet Duyğulu.
17.08.2018
www.kafiye.net