Dünyanın

Bilmək olmur bu nə gediş, axardı
Hər addımı burulğandı, dünyanın.
Qəm atıyla hey dolanır fəlakət,
Saniyəsi ölüm, qandı dünyanın.

Soran yoxdu – alp, ərənlər bəs hanı?
Əməlində sanki, görmür nöqsanı.
Cana yığıb bezikdirib insanı
Yalan dolu vədi, andı dünyanın.

Asimanı bürüyəndə qəm odu
Qəmli könül için-için uyudu.
Arzu, istək göz açmamış qurudu,
Sandım mənə özü yandı dünyanın.

İşgəncələr əzabından usanıb,
Can əridən Mübariz, bəs, nə qanıb?
Üzə gülən baharına inanıb,
Etdiyini kərəm sandı, dünyanın.

Mübariz Hüseyn Borçalı
www.kafiye.net