İBRƏTAMİZ HEKAYƏ.

Gənc bir qadın müdrikin yanına gəlib hörmətlə salam verir.
-Müəllim, – deyir, yadınızdadırmı, iki il əvvəl ərimlə mənə kəbin 
kəsmişdiniz?
-Hə, yaxşı yadımdadır, – deyir müdrik.
-Elə isə, günü bu gün bizi boşayın!
-Niyə?, – qoca təəccüblənir, – Nə hədisə baş verib?
-Artıq dözə bilmirəm! Səbr kasam dolub- daşır! Belə yaşamaq olmaz! Boşayın bizi!
-Axı nə olub? Bir məni anlatsana!
-Ərim hər gün evə gec gəlir. Bu səbəbdən də ailəyə tez – tez dava – dalaş düşür. Əsəblərim tarıma çəkilib. Nə qədər dözmək olar? Mənə belə ər lazım deyil! Boşayın bizi!
-Yaxşı, – müdrik fikrə gedir, – nə deyim, boşayaram. Bir şərtim var ; Elə indicə evə qayıt. İri, dadlı, ətirli bir çörək bişir. Amma o çörəyə qatacağın unu , suyu , duzu qonşu qadınlardan istə. Səbəbini soruşsalar, hər şeyi olduğu kimi onlara söylə.Səhər bişirdiyin çörəyi də götürüb, yenidən buraya gəl.
Qadın razılaşır. Cəld evə qayıdıb, xəmir yoğurmaq üçün iri qab götürür. 
Müdrikin sözlərini xatırlayıb, qonşu qapısını döyür. ” Mənə bir stəkan su ver ” deyir.
-Məgər evində su yoxdur ? , – deyə qonşu qadın təəccüblənir,-.Axı həyətində o boyda quyu var!
Qadın məsələni olduğu kimi qonşusuna anladır.
-Ehhh,…sənin heç mənim ərimdən xəbərin yoxdur!, – qonşunun dərdi açılır, – bilsən, başım ondan nələr çəkir!, – deyib, öz əri haqda elə şeylər danışır ki, qadını dəhşət bürüyür.
Un almaq üçün başqa bir qonşunun qapısına gedir.” Evində məgər un yoxduri? , – ikinci qonşu soruşur. Ərin ki, hər gün evə əlidolu gəlir.
Qadın məsələni bu qonşusuna da danışmağa məcbur olur. Eşitdiklərindən gözləri hədəqəsindən çıxan qonşu qadın:
-Ufff!!!, – deyir, – nə qədər pis ola, mənimkindən pis ola bilməz! Ərim mənə cəhənnəm əzabı yaşadır! Ona nifrət edirəm! Uşaqlar olmasaydı, bəlkə də çoxdan özümü öldürmüşdüm!
Eşitdiklərindən bir az da sarsılan qadın, qonşudan un alıb evə gəlir.
Xəmiri yoğurarkən ona duz lazım olur. Bu dəfə də o, daha bir qonşusunun qapısını döyür. Onu gülər üzlə qarşlayan qonşu qadın gəlişinin səbəbini anlayan kimi:
-Aman Allah!, – deyir, – bir bilsən ərim mənə necə zülm edir! Gecəm – gündüzüm ah – nalə içindədir! Dözümüm , taqətim qalmayıb! Ağlamaqdan kor olmuşam! Başım bəlalar içindədir!.
Qonşudan duz alıb evə dönən qadın iri, ətirli bir çörək bişirir.
Səhər tezdən həmin çörəyi götürüb müdrikin yanına gəlir.
Ədəblə salamlaşıb, əlindəki çörəyi qocaya uzadır:
-Dediyiniz çörəyi bişirmişəm, ustad , – deyir, – alın yeyin, nuş olsun! Amma məni ərimdən boşamayın!
-Niyə? Sən ki, dünən ondan boşanmaq istəyirdin!, – qoca ona qıyğacı baxıb gülümsəyir.Nə baş verdi?
-Yox, yox ! Mən ondan boşanmaq istəmirəm! Mənim ərim ən yaxşı ərdir! Onun tayı – bərabəri yoxdur!
***************************************************
Çox vaxt belə olur; hər hansı bir məsələyə öz müstəvimizdən, subyektiv yanaşaraq səhv qərarlar veririk.Obyektiv yanaşdığımızda isə, məsələ doğru – düzgün həllini tapır.
***************************************************
Tərcümə edəni: GÖVHƏR RÜSTƏMOVA.14.08.18.