HƏSƏD. roman(62)

O ki qaldı Nübara, – bacısının gözlərinə baxdı, – yubatma, günü sabah evlərinə gedib, üzr istə.Heyf…çox heyf…Nübar itirilməli dost deyildi.
-Dərdimi təzələmə, – Sevil başını aşağı saldı, – onsuz da özümə yer tapa bilmirəm.Bundan sonra onun gözlərinə necə baxacağam?
-Onu əvvəldən düşünməli idin.Bilməliydin ki, insanın qarşısına həmişə Nübar kimi etibalı, sədaqətli, təmənnasız dost çıxmır.Doğrudur, bizi çoxlu sayda insanlar əhatə edir, amma onların hər birinə dost demək olarmı?, – arxasını yastığa söykədi, – bir oğlanın çoxlu sayda dostları olur. Hər gün vaxtını onlarla keçirir, onlarla əylənir, şənlənir.Hər sözünü – söhbətini onlarla bölüşür.Həmişə , hər yerdə dostlarının çoxluğundan danışır, fərəhlənir, qürrələnir.
Oğlanın evlənmə zamanı yetişir. Toy üçün böyük hazırlıq işləri görülür. Hərə bir işdən yapışır. Dostlara dəvətnamə yazıb, paylamağı atası öz üzərinə götürür və oğlunu tam əmin edir ki,onun bütün dostlarını toya özü şəxsən dəvət edəcək.
Toy günü yetişir, dəvət olunmuş qonaqlar arasında dostlarını görməyən oğlan həyəcanlanır. Çox keçmir ki, dostlarından bir nəfər məclisə gəlir və oğlanı təbrik edib, yanında əyləşir.Qalan dostları isə toyda iştirak etmir.
Bundan çox pərt olan oğlan atasına:
-Mənim dostlarımı toya dəvət etməmisənmi?, – soruşur.Axı mən sənə arxayın idim!
-Narahat olma, – ata təmkinlə cavab verir, – dostlarının hər birinə ayrı – ayrılıqda dəvətnamə vermişdim. Amma orada “ Toya gəlin” əvəzinə “ Kömək lazımdır, köməyə gəlin “yazmışdım..Budur , bax, köməyinə gələn əsl dostunu tanı, – deyib, həmin o bir nəfərə işarə edir, – sözünə ara verdi, – demək istədiyim odur ki, əziz bacım, Nübar həmin o sədaqətli dostlardandır. Şad günündə də, dar günündə də çiynini çiyninə söykəyən qızdır.Özü də, ailəsi də…həmişə səni özlərinə doğma biliblər ,əzizləyib, qeydinə qalıblar…
-Mən çox pis haldayam, Arzu , – Sevil kövrəldi, – bir anın içərisində bütün var – dövlətini itirib müflisləşmiş biri kimiyəm. Sanki dünya bomboş boşalıb…və mən o kimsəziz dünyada tək – tənha qalmışam. İstiqamətini itirmiş gəmi kimi , hansı tərəfə , necə gedəcəyimi bilmirəm…Nübar həqiqətən də həyatda mənim böyük dayağım imiş…Onun yoxluğuna tab gətirə bilmirəm.
-Nə deyim, – Arzu köks ötürdü, – Hər halda…vəziyyəti olduğu kimi izah edib günahlarını etiraf etməlisən. Bu, sənə sonrakı həyatını yaşamaq üçün çox vacibdir. Ən azından çiynindəki yükdən azad olarsan.Sonrası…zaman keçdikcə bəlli olacaq, – divar saatına baxdı, – gecdir, yatmaq vaxtıdır.Məncə, bu günlük yetər. Söhbətimizi sabah davam etdirərik, – gülümsədi, – təbii ki, əgər istəsən.
-Yaxşı, – Sevil başı ilə təsdiqlədi, – Nübar…məni anlayacaq…
-Gecən xeyrə qalsın, – deyib Arzu otağın işığını söndürdü.
Bir müddət sonra o, özünü yatmış kimi göstərsə də, Sevilin yatağında narahatlıqla qurcalandığını hiss edirdi. Qızın sarsıntıları ürəyini ağrıtsa da, özünü soyuqqanlı göstərməyə çalışırdı.” Qoy silkələnsin, mürgüləmiş vicdanını yuxudan oyatsın!, – düşünürdü, – bu, ona yaxşı dərs olacaq. Dost itkisinin acısını yaşamasa, dost qədrini bilməyəcək.”.
Nübarın son günlər fikirli , süst davranışı Rəfiqənin gözündən yayınmırdı.Səbəbini soruşmağa tələsməsə də, özlüyündə narahatlıq hissi keçirirdi.Həmişə deyib – gülən, həyat eşqi ilə coşub – çağlayan bu qız birdən – birə çox dəyişmişdi…Heç kimlə dinib – danışmır, sakitcə öz otağına çəkilir, saatlarla oradan çıxmırdı.Hətta yemək yeyərkən də başını aşağı dikir, həvəssiz bir neçə tikə yedikdən sonra “ İştaham yoxdur, ana. Yemək istəmirəm!, – deyib süfrədən qalxırdı.
Günortaya yaxın olsa da, qız hələ də yuxudan oyanmamış, otağından çıxmamışdı. 
Rəfiqə adəti üzrə təzə çay dəmləyib, səhər yeməyi üçün süfrəyə cürbəcür təamlar düzmüşdü.
Nübarın isə otaqdan çıxmaq fikri yox idi. 
Ana narahatlığına son qoymaq qərarına gəlib, sakitcə qızının otağına yaxınlaşdı. Qapını azca aralayıb, Nübarın yatağına tərəf baxdı. 
Qız yastığını qucaqlayıb, için – için ağlayırdı.
Ananın həyəcanı daha da artdı. Qaşları düyünləndi. Cəld otağa keçib, qızını bağrına basdı:
-Nübar!…Mənim balam! Nə olub sənə ? Niyə belə edirsən?
-Ana! Ana!, – deyib qız hönkürdü, – pisəm, ana! Çox pisəm!
-Sakit ol!, – Rəfiqə qızının üzündən öpdü, – Özünü ələ al! Mən səninləyəm!, – deyib qızınnın saçlarını tumarladı.Yanaqlarına süzülən göz yaşlarını silməyə başladı.
Nübar anasına bir az da bərk qısıldı.Başını onun sinəsinə söykəyib, gözlərini yumdu. Sakitləşməyə çalışdı.
Rəfiqə nə isə ciddi bir hadisə baş verdiyini hiss edirdi, amma təmkinini pozmurdu. Artıq suallar verib, qızının ürəyini daha da yaralamaqdan ehtiyat edirdi.
Çox keçmədi ki, Nübar gözlərini açıb, anasına baxdı:
-Bağışla ana, – dedi, – əsəblərim gərgindir. Özümü idarə edə bilmədim.Səni də həyəcanlandırdım.
-Özünü ələ al, qızım, – Rəfiqə onu təkrar öpdü, – hərçənd ki, nə baş verdiyini bilmirəm, amma sənə kömək etməyə həmişə hazıram.Özün ki , bunu bilirsən, – deyib barmağını qızının burnuna toxundurdu, – biz ki, ana – balalıqdan əlavə, həm də rəfiqəyik.
Nübarın azacıq gülümsədiyini görüb, ürəkləndi:
-İndi isə, qalx, əl – üzünü yu. Birlikdə səhər yeməyi yeyib, çay içəcəyik. Atanı işə yola salandan bəri sənin oyanmağını gözləyirəm ki, süfrəyə birlikdə əyləşək. Sənsə qalxmaq bilmirsən, – gülümsədi, – ay şeytan! Qalx , qalx qızım, gecdir.
Nübar bir söz deməyib, yerindən qalxdı. Əl – üzünü yumaq üçün otaqdan çıxdı. Dəhlizdəki iri güzgünün yanından keçəndə, gözü oradakı əksinə sataşdı.
İlahi, bu bir neçə günün ərzində o, necə dəyişmişdi! Rəngi avazımış, iri qara gözləri çuxura düşmüş, siması xəstəhal görkəm almışdı.
Qız yuyunub, özünü sahmana salanadək Rəfiqə çayları süzdü, süfrədəki təamların üzərinə saldığı təmiz, bəmbəyaz dəsmalı səliqə ilə büküb, kənara qoydu.
Birlikdə çay süfrəsinə əyləşdilər. Hər ikisi susurdu. Süfrə arxasında lal bir sükut hökm sürürdü.
Heç biri o sükutu pozmaq istəmirdi.Sanki bu missiyanı ana balaya, bala isə anaya həvalə edirdi.
Qızının yenə həvəssiz çay içdiyini görən Rəfiqə:
-Qızım , – dedi, – çayını iç, çörəyini ye. Qarşıda hələ neçə imtahanın var. Gücünü, qüvvəni bir yerə cəmlə. İnsan düşdüyü bütün çətinliklərə rəğmən, ayaq üstə durmağı bacarmalıdır.Çıxış yolu tapmalıdır, yoxsa məhv olar, – sözünə ara verdi, – Bəzən övladların sarsıntı içində yaşamalarının ən böyük günahkarı valideynləri olur. Uşağı əzizləməklə, hər bir şeyi ona çəhrayı rəngdə təqdim etməklə, yaşadığı cəmiyyətdəki mənfiliklərdən mühafizə etməklə, özləri də bilmədən övladlarına zərbə yetirmiş olurlar. Dünyanın yalnız yaxşılıqlardan ibarət olduğunu zənn edən uşaq cəmiyyət içində natarazlıqlarla üzləşdikdə çaşbaş qalır, özünü itirir, stress yaşayır.
-Ana, – Nübar astadan dilləndi, – sən sanki mənim sarsıntılarımdan xəbərdarsan.
-Mən anayam!, – Rəfiqə qızının gözlərinə baxdı, – sənin keçirdiyin hər bir hissi gendən duyuram.
-Qəribədir, – Nübarın qaşları çatıldı, – demək o məlumat doğru imiş…
-Hansı məlumat?
-Televizorda eşitdiyim…Xoşagəlməz də olsa , deyəcəyəm. Alimlər ana – bala arasındakı qeyri – adi bağlılığı sübuta yetirmək üçün belə bir qəddar eksperiment keçirmişlər: Ana dovşanı dənizin sahilində saxlayıb, balasını suyun lap dərin qatlarına aparmışlar. Sahildə özünü çox sakit aparan ana dovşan, suyun dərinliyində balasının başı kəsilən zaman, qəflətən haray salmış, özünü qayalara çırpmış, fəyad qoparmışdır…Ana ilə balanın bağlılığı öz elmi sübutunu bax beləcə tapıb, – onu diqqətlə dinləyən anasına baxıb gülümsədi, – səndən heç nə gizlətməyəcəyəm ana, hər şeyi biləcəksən.

Ardı var.

Govher Rüstemova
www.kafiye.net