DÜNYA

Sağına soluna güvənmək olmur,
Nə yaman dönükdür üzün a dünya.
Səninlə bir kərə öyünmək olmur,
Tutmur kimsələrlə sözün a dünya.

Sevincin anidir kədərin dərin,
Ömrü qısa olur tər çiçəklərin.
Nə qədər qanlara batıb əllərin,
Daha doymadımı gözün a dünya?

Söylə,daha qaldı de hansı hoqqa,
Niyə əydirirsən haqqı nahaqqa?
Səndə varlığınla borclusan haqqa,
Haqqdan yaranmısan özün a dünya.

Nə qədər məzluma verdin haray ün,
Oldumu bununla barı şad könlün.
Biz gəldi gedərik qoy fani ömrün,
Barı olsun sənin uzun a dünya.

Bir az da səbr edib gələrsən yola,
Sevgi adında bir,tikəcəm qala.
Bilirəm mənim tək salmısan yola,
Hər gündə əllisin,yüzün a dünya.

Duysan bu könlümün duyğu,niyyətin,
Görərsən günahı yox Mətanətin.
Bəlkə mən yalanam sən həqiqətin,
Bilirsən əyrisin düzün a dünya.

Müəllif.Metanet Duyğulu.
7.08.2018.
www.kafiye.net