HƏSƏD. roman (59)

Nahar fasiləsindən qızlarla bərabər şöbəyə qayıdan Arzu otağa daxil olduqda duruxdu. Könül başını masanın üzərinə qoyub, gözlərini yummuşdu.Arabir sakitcə içini çəkirdi.
Qızın bu halı onu narahat etdi.Ehmalca masaya yaxınlaşıb astadan:
-Könül xanım, – dedi.
Könül gözlərini açdı, başını masadan qaldırdı, ətrafa göz gəzdirdi.Şöbənin qızları deyə – gülə yerlərinə keçir, işlərini davam etdirirdilər. Təkcə o, hamıdan, hər şeydən kənar düşmüşdü. Təkcə onu hiss edən , duyan yox idi…Daxilindəki tufandan , fırtınadan hamı bixəbər idi.Qəribədir, qızların bu qayğısız durumuna həsəd aparırdı. Bir anlığa onlar kimi fikirdən, xəyaldan kənar, məkrdən, hiylədən uzaq bir aləmə düşmək istəyirdi.Hər şeyi unutmaq, həyat kitabçasını yeni, ağ vərəqdən başlamaq istəyirdi.
Arzu bir də təkrarən:
-Könül xanım, – dedi, – özünüzü necə hiss edirsiniz?
Könül sanki yuxudan ayıldı. Heç nə anlamırmış kimi çaşqın- çaşqın qızın gözlərinə baxdı. “ İlahi, – düşündü, – bu qızın nə qədər saf qəlbi , ayna kimi təmiz gözləri var!”
-Yaxşı, – astadan cavab verdi, – necə məgər?
-H…heç…, – Arzu gülümsədi, – nahar fasiləsinə getmədiniz…həm də…
Könül çantasından güzgü çıxarıb, diqqətlə özünə baxdı.Qarşısındakından fərqli olaraq, güzgüdən ona küskün, acıqlı, sərt baxışlı bir cüt göz baxırdı…Ağlamaqdan qızarmış, şişkin, qəzəbli , bir cüt göz…
-Hə , – güzgünü kənara qoydu, – aclığım yoxdur, – yenidən Arzuya baxdı, – narahat olma, hər şey qaydasındadır, – dedi. Bir balaca başım ağrıyır.
-Bəlkə…icazə alıb, evə gedəsiniz?, – Arzu qayğılı görkəm aldı, – mən sizi əvəz edə bilərəm.
“Mən sizi əvəz edə bilərəm!”. Bu nə demək idi ? Arzu onun yerinə göz dikirdimi?Ona aid olan hər şeyi əlinə keçirmək fikri vardımı?, – zəndlə qıza baxdı, – Yoox! Bircə onu görməyəcəksən!”
-Ehtiyac yoxdur!, – soyuqqanlılıqla cavab verdi, – özümü normal hiss edirəm. Keç …yerinə və işi günün sonuna qədər təhvil verməyə çalış.
-Yaxşı, – Arzu razılaşdı, – işin əsas hissəsini görmüşəm, kiçik detallar qalıb, – dedi, – yenə də olsun…nəsə lazım olsa, deyin.
Keçib öz yerinə əyləşdi və yarımçıq qalmış işi tamalamaq üçün bütün diqqətini səfərbərliyə aldı.
Könül də özünü işlə məşğul kimi göstərməyə çalışdı. Birdən, bir qədər əvvəl Çingizin ona dediyi sözləri xatırladı:”Günün sonunda təhvil verilmiş işləri bir qovluğa yığıb, Arzuya verin!”.
“Aman Allah!, – qaşları çatıldı, – belə çıxır ki…, – başını çevirib Arzuya baxdı, – yerimə namizəd hazırlanır…”.
Əlindəki qələmi acıqla masaya çırpdı. Başını əlləri arasına aldı.Bayaq Çingizlə aralarında olan söhbət kino lenti kimi gözləri önündə canlandı.Onun sərt, ötkəm danışığı, iti baxışları yenidən qəlbini didib- parçalamağa başladı.Nə etməli? Arzunu yolunun üstündən necə kənarlaşdırmalı?Bu qızın həyatda varlığını necə unutmalı? …Necə?
Bir anlığa gözlərini yumdu. Budur, Arzu işdən çıxır. Yorğun halda dayanacağa doğru gedir. İri magistral yolda avtomobillər iti sürətlə hər iki istiqamətdə şütüyürlər…Arzu yolun yarısını ehtiyatla keçib, ortada gözləyir.Elə bu zaman…Uzaqdan çox sürətlə gələn bir avtomobil…onu vurur…və gözdən itir !…Al – qan içində çapalayan Arzu yolun bir tərəfində qalır…” Aman Allah!” , – Könül özündən biixtiyar çığırdı. Ona tərəf tuşlanan çaşqın baxışlara məhəl qoymadan yenidən başını tutdu.” Bu nə fikirlərdir? İlahi !…Mən nələr düşünürəm?!Məni qansızlığa , hətta…cinayətə sürükləyən bu fikirlərdən canımı necə qurtarım?”.
-Könül xanım, sərin sudur, için, – Arzunun səsinə sanki vahiməli, dəhşətli yuxudan oyandı.
Bir qıza , bir də əlində tutduğu stəkana baxdı.
-İçin, – Arzu təkrar etdi, – yəqin ki, işlərin çoxluğundan yorulmusunuz. Dincəlsəniz yaxşı olar.
Könül sudan bir qurtum içib, stəkanı masanın üzərinə qoydu.
Günün sonunda işçilər bir – bir Könülün masaına yaxınlaşıb, işləri təhvil verirdilər.Könül heç bir söz demədən işləri gözdən keçirir , bir qovluğa yığırdı.
Arzu da hazır işi təhvil vermək üçün masasına yaxınlaşdıqda, astadan:
-Arzu , – dedi, – sən getmə, gözlə.
Qız “ Yaxşı “ deyib, yenidən yerinə əyləşdi. 
Şöbə tamam boşaldıqdan sonra Könül əlindəki iri, qalın qovluğu ona uzatdı:
-Buyur, apar Çingiz müəllimə təhvil ver!
-Mən?, – qızın təəccübdən gözləri böyüdü.
-Hə, sən.
-Necə?
-Lap sadəcə. Çingiz müəllimin göstərişidir.
-Axı…
-Qərar müzakirə olunmur! Al, apar təhvil ver!
Heç bir şey anlamayan Arzu yerindən qalxıb , Könülə yaxınlaşdı:
-Çingiz müəllim özü…
-Bəli, özü…Yubanma! 
Söhbətin ciddiliyinə bir o qədər də inanmayan Arzu , sorğu – sualın mənasız olduğunu görüb qovluğu Könüldən aldı. Çantasını da götürüb , sağollaşıb şöbədən çıxdı.
Sənədləri yerbəyer edən katibə Arzunu görcək gülümsədi:
-Hə , vaxtında gəlmisən, Arzu, – dedi, – Çingiz müəllim gözləyir. Keç, işi təhvil ver.
Arzu qapını ehmalca açıb, içəri nəzər saldı.
-Gəl, Arzu, – Çingiz mehribanlıqla onu otağa dəvət etdi, – qovluğa özün baxmısanmı?
-Mən?
-Bəli, sən. Bu gündən etibarən şöbənin işlərinə nəzarət edəcək, günün sonunda mənə məlumat verəcəksən.
-Axı…, – qızın dili dolaşdı, – axı…
-Dediyimə əməl et , – Çingiz gülümsəyib qovluğu ondan aldı, – sən işi tam mənimsəmisən. Elə bir çətinliyin olmayacaq.
-Çingiz müəllim…
-“ Müəllim”siz…, – Çingiz güldü, – danışmışdıq axı.
Arzu da biixtiyar gülümsədi:
-Öyrəşə bilmirəm nəsə…
-Eybi yox, tədricən hər şey yoluna düşəcək, – Çingiz saata baxdı, – gedək, səni evə yola salıb, yenidən şirkətə qayıdacağam.
-Yox, yox! , – Arzu özü də hiss etmədən səsini qaldırdı, – mənə görə narahat olmayın.Avtobusla gedəcəyəm.
-Gedək!, – Çingiz bir də saata baxdı, – başqa şöbənin müdiri ilə də vacib görüşüm var.
Birlikdə şirkətin binasını tərk etdilər. Çingiz avtomobilin arxa qapısını açıb, Arzuya əyləşməyi təklif etdi. Arzu könülsüz halda keçib arxa oturacağa əyləşdi.
Hər ikisi öz avtomobilində əyləşib, onları izləyən Könüldən xəbərsiz idi.
Maşın dönüb iri magistral yola çıxdı. Çingiz güzgüdə Arzuya baxıb:
-Nədən narahatsan?, – soruşdu. Açığını deyim ki…, – işıqforda maşını əylədi, – sənin avtobusla gedib – gəlməyin ürəyimcə deyil.
-Mənim başqa nəqliyyat vasitəm yoxdur, – Arzu gülümsədi.
-Hə, – Çingiz də gülümsədi , – elə o üzdən də…mənim avtomobilimə minməyə məhkumsan, – deyib ucadan güldü.
Arzunun sıxıldığını görüb:
-Arzu , – dedi, – məncə ciddi danışığın məqamı yetişib, – sözünə ara verdi. Özün də yəqin ki, nələrisə anlayırsan, uşaq deyilsən. Mənim…fikrim ciddidir.
Arzunun ürəyi əsdi. Rəngi avazıdı.
-Nə barədə? , – səsi titrədi.
-Evlənmək barədə, – Çingiz ucadan güldü, – “ Mus – mus “ deyincə , birdəfəlik “ Mustafa “ deyim, ikimizin də canı qurtarsın.
Arzunun üzünə soyuq tər gəldi.Nə deyəcəyini, nə edəcəyini bilmədi.
-Mən hər şeyi yaxşı başa düşürəm, – Çingiz ciddi görkəm aldı, – mənimlə gedib – gəlməyə nədən tərəddüd etdiyini də gözəl anlayıram.Elə o səbəbdən də…məsələnin həllini, – güzgüdə yenə Arzuya baxdı, – təcili həllini sənin öhdənə buraxıram. Düşün – daşın, etirazın olmasa, mən adamlarımı göndərib, münasibəti rəsmiləşdirməyə hazıram.
-Axı…, – Arzu çaşbaş qaldı, – axı…biz…fərqli mövqelərin insanlarıyıq…
-Biz hamımız insanıq, – Çingiz binanın həyətində maşını saxladı, – hər birimizin də xoşbəxt olmaq haqqımız var, – arxaya çevrildi, – məndən bundan artıq izahat istəmə. Seçim özümündür.Evdə də söhbəti açıb danışa bilərsən. Qorxmadan, çəkinmədən, – maşından düşüb arxa qapını açdı. Arzuya düşməyə kömək etdi, – Hələlik. Gələn həftə elçilərimi göndərəcəyəm.
-Hələlik, – Arzunun səsi titrədi.
-Darıxma, – Çingiz onun əllərini ovcuna aldı, – hər şey yaxşı olacaq.Sənə söz verirəm.
Arzu cəld əllərini onun ovcundan çıxarıb, binanın girəcəyinə tərəf qaçdı. Pillələri sürətlə qalxıb, qapını açdı. Dəhlizdəki divara söykənib gülümsədi. İndi o, dünyanın ən xoşbəxt insanı idi. Uçmağa qanadı yox idi. Çingiz onunla ailə qurmaq istəyirdi! Onun aləmində bu , həqiqətən möcüzə idi , möcüzə!.

Ardı var.

Govher Rustamova 
www.kafiye.net