DOYMADIM

Dünyaya həm fani, yalan dedilər, 
Şahları taxtından salan dedilər, 
Bəhmən söylədilər, filan dedilər, 
Doymadım nə səndən, sənli dünyamdan!

Dedilər etibar eyləmə ona, 
Bir gündə, gecədə girər min dona. 
Sən bir sonasan, dünya bir sona, 
Doymadım nə səndən, sənli dünyamdan!

Dünyamın içində dünyamsan mənim, 
Sevgimi əks edən aynamsan mənim, 
Dünyama yarısan, yarım – sevənim, 
Doymadım nə səndən, sənli dünyamdan!

Sənə vurulduqca var oldu dünya, 
Sənlə durulduqca yar oldu dünya, 
Heyhat saraldıqca bar oldu dünya, 
Doymadım nə səndən, sənli dünyamdan!

Təvəkkül Goruslu. 14. 07. 2018
www.kafiye.net