HƏSƏD.
roman. ( 53 )

Xavərin ürəyinə elə bil su çilənmişdi. Arzu ilə söhbəti zamanı ürəyindən keçirdiyi “ Kaş adamın belə gəlini olaydı…Kaş ki, Çingiz Könülü deyil, Arzunu bəyənəydi “ fikrini sanki Allah eşitmişdi.
Qadının üzünə razılıq , məmnunluq ifadəsi gəlmişdi. O da həmişə evində, ocağında gəlin kimi görmək istədiyi surəti məhz Arzunun simasında tapmışdı.
Stəkanlara çay süzüb süfrəyə qoyarkən nə düşündüsə:
-Çingiz , – dedi , – sən Arzuya mətləbi necə anlatmaq fikrindəsən?
-Nə bilim…, – Çingiz gözünü televizordan çəkdi , – açığı , hələ o barədə düşünməmişəm, – fikrə getdi , – düzü , hardan , necə başlayacağımı bilmirəm . Arzu həssas qızdır , onunla çox səliqəli davranmaq lazımdır, – gülümsədi, – bilməzdim ki , bu iş …belə qəlizmiş…
-Qəliz niyə olur ?, – ana süfrəyə mürəbbə , cürbəcür şirniyyatlar düzdü , – gənc oğlanın gənc qıza sevgi etirafında anlaşılmayan nə var ki ? , – oğluna baxıb gözlərini qıydı , – ürəkli ol, cavan oğlan!
Çingiz ucadan güldü. Anasını qucaqlayıb:
-Bəlkə bu işdə mənə kömək edəsən , – dedi , – işi necə başlamısan, eləcə də sona çatdır.
Xavər stul çəkib əyləşdi:
-Nə deyirəm , başlamışam , sona da çatdıraram , – fikrə getdi , – bəlkə…sabah işin sonunda maşınla şirkətinizin yanından keçim ? Hə ? Necə bilirsən ?, – Çingizin bir şey anlamadığını görüb, izahata keçdi , – guya ki , təsadüfən ordan keçirdim , Arzunu görüb dayandım.
-Sonra…, – Çingiz gülümsədi, – nə maraqlıdı…
-Ardına qulaq as , – Xavər işgüzar görkəm aldı , – ona birlikdə gəzinti təklif edərəm. Bir qədər şəhərdə gəzib – dolanarıq.
-Aha…
-Nə “ aha “ ?. Razılıq versə, kafedə qəhvə və ya çay içməyi təklif edərəm. Beləcə, bir – birimizə bir az da yaxınlaşıb, isinişərik.
-Çox gözəl , – Çingiz çaydan bir qurtum içdi , – tutaq ki , isinişdiniz, sonra ? , – anasına baxdı.
-Sonra…sonra evlərinə ötürərəm. 
-Vəssalam? , – Çingiz yenə güldü , – ay səni !…
-H…Hə…Yol boyu da…vəziyyətə uyğun bəzi söhbətlər etmək olar.
-Əla! , – Çingiz çayını içib ayağa qalxdı, – mənim gözəl anam nəyi necə məsləhət bilirsə , elə də olsun.
-Sən mənim bacarığıma heç şübhə etmə! , – Xavər qaşlarını qaldırdı , – gör bütün işləri necə yoluna qoyuram!
-Sənə şübhə edənə min lənət ! , – Çingiz anasının boynunu qucaqladı , – Mənim anamdan yoxdur !, – üzündən öpdü , – sənə fəaliyyətində uğurlar!
Xavər də oğlunun boynunu qucaqladı:
-Allah işimizi avand eləsin , bala ! Hər işin xeyirlisi ! Məndən asılı olan nə varsa , canla – başla hər şey etməyə hazıram. Təki siz xoşbəxt olasınız. Ata – anaya bundan savayı nə lazımdır ? 
-Bilirəm , ana. Yəqin ki, zənnimizdə yanılmarıq. 
Arzu Çingizin davranışından , bəzi eyhamlı danışığından nələrisə anlasa da , işin ciddiliyini o qədər də qəbul etmirdi. Onun düşüncəsinə və kiçik də olsa , həyat təcrübəsinə görə, zəngin , imkanlı insanlar sadə insanları öz çevrələrinə yaxın buraxmır , onlara yuxarıdan aşağı baxır , öz üstünlüklərini sübuta yetirməyə çalışırlar. Bəs…bəs…Çingiz ? Kasıb , sadə , yetimçiliklə böyüyən bir qızda nə görmüşdü ? Nə tapmışdı ? Nələrə işarə vururdu ? Əgər…fikri…yox …yox! , – özünü qınadı , – Çingiz kimi insanlarda çirkin niyyət ola bilməz ! Həm də ki…özü söylədi axı…” qonaqlarınız ola bilər”…Demək ki …Aman Allah! O , elçi göndərmək fikrindədirmi? , – gözləri doldu , – belə şeylər yalnız nağıllarda , filmlərdə olur axı…Fikirləri çox qarışmışdı. Belə məqamlarda insan bölüşməyə , məsləhət almağa ən əziz bir insanı arzulayr. Amma…anasına… bütün bunları necə danışsın ? Çingizə qarşı baş qaldıran hisslərini, duyğularını daxilində necə boğmağa çalışdığını hansı yolla anlatsın?Axı…onların arasında heç vaxt açıq söhbət olmayıb , hər zaman pərdəli dolanıblar.Qız nə edəcəyini bilmirdi. Son zamanlar özündə də hiss etdiyi bəzi dəyişikliklər onu qorxutmağa başlamışdı. İstəməsə də , tez – tez Çingizin siması fikrində canlanır , hətta qulaqlarında da onun səsi , şirin gülüşü eşidilirdi.Ürəyinə yatan hər hansı bir mahnını dinlədikdə belə , gözləri yol çəkir, sözlərdə də , melodiyada da Çingizi axtarırdı.İlahi , bu…bu nə idi , görəsən?.
-Yox , – üzü ciddiləşdi , – bütün bu düşüncələri özümdən kənarlaşdırmalıyam! Mümkün olduğu qədər onu az düşünməliyəm.Hisslərim dərinləşdikcə, mənə əzab verəcək. Həyatım işgəncəyə , zillətə dönəcək. Mən…mən…unutmalıyam onu…, – gözlərində yaş gilələndi, – kasıbların hətta…sevmək hüququ da yoxdur, – birdən rəngi dəyişdi , – Sevili niyə qınayram ki…Belə çıxır ki…dediklərində həqiqət var.Ehh…
Özünü qat – qarışıq düşüncələrin məngənəsindən xilas etmək üçün yatağına uzandı. Yorğanı üzünə qədər çəkib, yuxulamağa çalışdı. 
Amma …gözlərinə yuxu getmədi…Ürəyində özünə də məlum olmayan , qeyri – adi bir narahatlıq var idi. Nəfəsi darıxdığından yorğanı üzündən çəkdi. Yatağında bir neçə dəfə o tərəf – bu tərəfə fırlandı:
-Eh…həyat, həyat…Mənə zülm etmə , nə olar…Kifayət qədər əziyyət görmüşəm. İndi də məni bu yolla incitmə. Ürəyimə baş tuta bilməyəcək bir sevdanının toxumunu əkmə.İztirablara düçar etmə…
Səhər yuxudan çox əzgin oyandı. Yerindən könülsüz qalxsa da, işə getməyə həvəslə hazırlaşmağa başladı. Hətta…Çingizi görmək istəyini də özündən gizlətmədi. 
Şirkətin girəcəyində Çingiz digər şöbənin müdiri ilə nə barədəsə qızğın söhbət edirdi. Danışıqları eşidilməsə də, işgüzar söhbət etdikləri aydın anlaşılırdı. 
Arzu onların bərabərinə çatanda astadan:
-Sabahınız xeyir, – deyib başını yerdən qaldırmadan oradan uzaqlaşdı.
-Sabahınız xeyir, – Çingiz ona cavab verdi. Bir anlığa nə barədə danışdığını belə unutdu.Həmsöhbətinin səsinə fikirdən ayrılıb söhbətini davam etdirməyə başladı.
Arzu pillələri qalxdıqca dizlərinin titrədiyini, ürəyinin sürətli döyüntüsünü hiss edirdi. Artıq…onun sözlərinə, qərarlarına məhəl qoymayan ürəyinin…
İş gününün sonuna qədər heç kimlə kəlmə kəsmədən, fasiləsiz işlədi. Sanki, nicat yolunu özünü xarici aləmdən təcrid etməkdə görürdü. 
Artıq qızlar bir – bir yığışıb şöbədən çıxırdılar. Arzu əlindəki işi yekunlaşdırıb qovluğa qoydu. Güzgü qarşısına keçib , saçlarını daradı , özünü sahmana saldı. Çantasını götürüb, qızlarla sağollaşdı. Pillələri aramla enməyə başladı. Özündən biixtiyar dönüb Çingizin otağına tərəf baxdı.Dəhlizdə heç kim yox idi.
Şirkətdən çıxıb asta addımlarla dayanacağa tərəf getməyə başladı. Bir neçə addım getmişdi ki, yaxınlığında xarici markalı, qara rəngli avtomobil dayandı. Arzu əhəmiyyət vermədən yoluna davam etdi. Avtomobil onunla bərabər asta sürətlə irəliləyirdi. Bu , qızı hövsələdən çıxarırdı ki, maşının arxa pəncərəsindən tanış səs eşidildi:
-Xoş gördük, Arzu!
Qız bir anlığa özünü itirdi. 
-Mənəm , Xavər xanım, – qadın gülümsədi , – burdan keçirdim, səni görüb sürücüdən maşını əyləməyi xahiş etdim.
-Xoş gördük , Xavər xanım! , – qızın üzü də, gözləri də güldü.Sizi yenidən görməyimə şad oldum.
-Mən də qızım. Gəl , gəl yanımda əyləş, – deyib, maşının arxa qapısını açdı , – həm söhbət edək , həm də səni evinizə qədər aparaq.
-Zəhmət çəkməyin, – qız tərəddüd etdi , – siz gedin, yolunuzdan qalmayın. İndi mənim də avtobusum yaxınlaşacaq.
-Nə zəhmət qızım, – Xavər təkid etdi , – tələsmirsənsə, şəhərdə də birlikdə gəzib , söhbət edə bilərik.
-Nə deyim…, – qız duruxdu.
-Səni kafeyə də dəvət edə bilərəm. Hə…nə deyirsən?…Gəl , gəl qızım…sən ki …mənim qızımla rəfiqə olmaq fikrindəsən…, – gözlərini qıydı.
Arzu etiraz etməyin yersiz olduğunu düşünüb , maşının arxa oturacağında , Xavər xanımın yanında əyləşdi.
Maşın dənizkənarı bulvara tərəf yol aldı.
Bütün bunları pəncərədən izləyən Çingiz özünü gülməkdən zorla saxladı.” Ay səni , ana ! , – deyib , – əllərini bir – birinə vurdu , – təcili fəaliyyətə keçib …”.

Ardı var.
www.kafiye.net