HƏSƏD.

roman.davamı(49)

Şənbə günü olsa da, Kamilə yuxudan erkən oyanmışdı. Fikirlər onu rahat buraxmırdı; Nübargildə söhbəti necə, hardan başlayacağını özlüyündə dönə – dönə götür – qoy edir, münasib cümlələr düşünürdü.Hətta , ailənin çox ehtiyac və səfalət içində olduğunu görərsə, ümumiyyətlə bilərzik barədə söhbət etməyəcəyini də fikirləşirdi.Əgər…həyat yoldaşı Zahidin hədiyyəsi olmasaydı…
Rəfiqə də tezdən oyanıb, qonağın gəlişinə məxsusi hazırlıq görürdü.Hərçənd ki, qadının kimliyi barədə heç bir məlumatı yox idi , amma hər halda onu yüksək səviyyədə qarşılamaq istəyirdi.
Nübarı instituta yola salıb, cəld mətbəxə keçdi. Axşamdan hazırlığına başladığı biş – düşü davam etdirməyə başladı.
Qızlar adəti üzrə metronun girəcəyində görüşüb, qatarın gəlməsini gözləyirdilər. Rəfiqəsinin qeyri – adi əhval – ruhiyyəsi Sevilin gözündən yayınmadı. Vaqonda yerlərini tutub əyləşən kimi:
-Nübar , – dedi , – bu gün gözümə bir başqa cür dəyirsən.
-Nə bilim…, – qız gülümsədi, – bu gün …qonağımız olacaq, – dönüb Sevilə baxdı, – bilirsən kim?
-Yox. Kim ?, – Sevili maraq aldı.
-Zaurun anası…Kamilə xanım.
-Xeyir ola ?, – Sevil biixtiyar dilləndi, – onun sizinlə tanışlığı var ki?
-Yox , – qız bir qədər duruxdu, – elə o məqsədlə gəlir. Zaur da , anası da ailələrimizin yaxınlığını istəyir.
-Hmm, – Sevil fikrə getdi.” İş nə yerdədir görəsən? Zaurun anasını Nübargilə getməyə nə vadar edir ? Yəqin ki…hə…başqa nə ola bilər ki…Bilərzik məsələsidir…, – gülümsədi, – əsl çaxnaşma düşəcək.
-Anam axşamdan hazırlıq görür, – Nübarın səsi onu fikirdən ayırdı, – istəsən, dərsdən sonra birlikdə bizə gedərik.
Qızın üzünün ifadəsi dəyişdi:
-Yox! Yox! , – mənim öz işlərim var ! Siz qonağınızla məşgul olun.
Özlüyündə “ Yaxşı , birdən analar bir – birinin xoşuna gəlsə? Rəfiqə xanımın səliqə – sahmanına, biş – düşünə, qonaq qarşılamağına söz ola bilməz… Kamilə xanım ailəni bəyənsə, münasibətlər getdikcə dərinləşsə.. o zaman necə olacaq?” düşündü.
Nübar isə …başqa aləmdə idi . Kamilə xanımın onlara qəfil gəlişinin məramı qıza tam aydın olmasa da , onu çox sevindirirdi. O, qonağın bugünkü gəlişindən çox şeylər gözləyirdi.Hətta Sevilin ciddi – cəhdlə “ Heç kimə heç bir söz demə ! “ tapşırığını da pozmağa qərar vermişdi. 
“ Qoy aramızda gizli heç bir şey olmasın , – düşünürdü , – Zaura hər şeyi danışacağam. Ağıllı oğlandır, bəlkə elə bir məsləhət verəcək ki, heç anama deməyə ehtiyac olmayacaq…”.
Qızlar institutun girəcəyində sağollaşıb, ayrıldılar.
Son seminar məşgələləri çox ciddi keçirdi. İl ərzində tədris olunan materiallar bütünlüklə təkrarlanıb möhkəmləndirilirdi.
Dərslərin sonuna bir neçə saat qalırdı. Zaur tez – tez saatına baxıb : “ Görəsən, anam deyilən ünvanı tapa biləcəkmi , – düşünürdü , – anasına mətləbi üstüörtülü anlada biləcəkmi ? Nübarın anası qəfil xəbəri necə qarşılayacaq ? Bundan sonra Nübarla aralarındakı münasibət hansı istiqamətə yönələcək ? Aman Allah ! , – başını əlləri arasına aldı, – Nübara xələl gətirəcək heç nə olmayaydı!”.
Saat irəlilədikcə Nübarın da həyəcanı artırdı. “ İlahi ! , – düşünürdü , – analarımız dil tapa biləcəklərmi ? Ailələr bir – birinə yaxınlaşa biləcəkmi ? Zaurla onun səadinə mane olacaq bir hadisə verməyəcək ki …?”.
Sonuncu dərsin bitməsinə bir neçə dəqiqə qalmış hər ikisi hesabatı hazırlayıb, dekanlığa yollandı. İmtahanlara hazırlıqla bağlı son məlumatı dinləyib, birlikdə institutdan çıxdılar. 
Biri digərinə həyəcanını bildirmək istəməsə də , üzlərindəki ifadədən bu, açıq – aşkar hiss olunurdu. 
Parkın içərisinə doğru bir qədər getdikdən sonra Nübar qəfil ayaq saxlayıb:
-Zaur , – dedi , – Hər gün məndən burda niyə ətrafa boylandığımın səbəbini soruşursan.
-Hə, – Zaur gülümsədi , – yenə boylanacaqsanmı?
-Bilirsən…- qız qayğılı görkəm aldı , – mən…sirr saxlamağı bacarıram…amma…bu sirr….məni incidir…
-Hansı sirr ? , – Zaur sınayıcı nəzərlə ona baxdı.
-Səbr et , – Nübar özünü ələ aldı , – indi sənə hər şeyi danışacağam.
Zaur eşitdiklərinə inanmadı. Doğrudanmı Nübar bu gün hər şeyi etiraf etmək fikrindədir ? Yəni, hadisəni olduğu kimi anlatmağa qızın cürəti və cəsarəti çatacaqmı ?
-Səni dinləyirəm , – dedi.
Nübar həmin gün , Zaurun ad günündən sonra parkda baş verənləri tam aydınlığı ilə danışmağa başladı.
Zaur eşidklərinə inanmır, tez – tez əli ilə alnını ovuşdurur , əsəbi halda qızın gözlərinə baxırdı. “ Görəsən , qız nəyi yalan , nəyi düz danışır ? “ düşünürdü. Amma onun sözünü kəsmir , səbrlə söhbətin sonunu gözləyirdi.
-Bax belə , – Nübar söhbətini yekunlaşdırdı , – indi sən hər şeyi bilirsən. Mən…o qadının halına çox acıyıram. İtki pis şeydir. Yazıq indi Allah bilir, nə çəkir, – dönüb Zaura baxdı , – nə edim , Zaur ?, – çantasından bilərziyi çıxardı , – mən bunu özümdə saxlaya bilmərəm…Mənə bir yol göstər. Anam bilsə, məni çox qınayacaq. Nahaq Sevilin sözünə qulaq asdım. Gərək elə həmin gün hər şeyi anama danışaydım.
Zaur bilərziyi ondan alıb, təkrar gözdən keçirməyə başladı. “ Demək , anasının məsələdən xəbəri yoxdur , – düşündü , – bəs…bəs…indi necə olacaq ? Anası bilərzikdən söz salarsa…?
-Nə məsləhət görürsən ? , – qızın səsinə xəyaldan ayıldı, –Hərçənd ki , Sevil “ Sən tapmısansa, demək , sənindir “ deyir, mən ona sahib çıxmaq istəmirəm. Başqasına aid olan heç nə mənə gərək deyil , – dedi. Bəlkə…parkın müdriyyəti ilə danışaq? Əlaqə telefonumuzu da verək. Hə ? Necə bilirsən?
-Nə bilim…, – Zaur könülsüz dilləndi , – üstündən gör neçə gün keçib , – Nübarın gözlərinə baxdı.
İlahi , o gözlər nə qədər məsum idi ! Qız həqiqətən də vəziyyətdən çıxış yolu tapmaq üçün çapalayırdı.Nə etməli? Səbr…yalnız və yalnız səbr !
-Sən bu işin həllini mənə həvalə et , – dedi , – söz verirəm, lap yaxın günlərdə bilərzik sahibinə qayıdacaq.
-Doğru sözündür?, – qızın gözləri parıldadı, – zarafat etmirsən ki ? , – fikrə getdi , – amma necə ?
-Mənə bir neçə gün vaxt ver , – Zaur qətiyyətlə dilləndi , – özün hər şeyin şahidi olacaqsan.
-Yaxşı , – Nübar mübahisə etmədi , – təki bilərziyin sahibi tapılsın. Onu sevindirə bilsək , nə gözəl olar ?!
-Hə , – narahat olma. 
Qızı dayanacaqdan avtobusla yola salıb, evlərinə tərəf yol aldı. İndi ona çox mətləblər aydın idi. Bütün bunlar…Sevilin qurması imiş…O Sevilin ki, addımbaşı Nübardan yalnız hörmət , sevgi, mərhəmət görmüşdü.Yaxşı , bəs səbəb nə idi ? Niyə qızın gözü rəfiqəsini götürmürdü ? Niyə ona qarşı belə bir qəddar mövqedə dururdu ? Bu qədər təmiz , saf bir qızın adına ləkə vurmaq qədər çirkin əmələ niyə qol qoyurdu ?
Demək, belə çıxır ki , hamının başı qarışıq olan məqamda Sevil büllur qabın içindəki bilərziyi götürmüş , öz çantasında gizlətmişdi. Və…parkda münasib vaxt tapan kimi yerə atıb, Nübarın onu görüb götürməsi üçün şərait yaratmışdı. “ Aydındır ! , – Zaur , – düşündü , – məqsəd …Nübarı mənim və anamın gözündən salmaq !, – İstəyinə nail ola bilməyəcəksən Sevil ! , – üzünü ovuşdurdu – sabah səninlə çox ciddi söhbətim olacaq ! “.

Ardı var.

Govher Rustamova
www.kafiye.net