Sevgisinə zəmanət.
(Yada düşən xatirələr)

Gəl sənə sevgidən özüm dərs deyim,
Nəticə çıxarmaq istəsən, əlbət,
Atalardan qalma var belə deyim,
Mənzilinə yetər, kim etsə niyyət…

Sevirsənsə, qısqanclığın daşın at,
Dodağına şəkər, dilinə bal qat,
Könlün intizarda, həsrət ilə yat,
Yoxsa nəsibindi acı həqiqət.

Hər deyilən sözü yozma çox yerə,
İmkan vermə kimsə araya girə,
Riyakar “dostlar” yaranıb hər cürə,
Əlüstü hazırdı edə xəyanət.

Əsil sevgi bil ki gözdən başlayır,
İki kəlmə şirin sözdən başlayır,
Ruh oxşayan nəvazişdən başlayır,
Sonadək lazımdı dözüm, dəyanət.

Çingiz də eşqinin acısın duyub,
Yanıb, yanıb, külə dönüb, soyuyub,
Şeirinin misrasında uyuyub,
Təmiz qəlbi, sevgisinə zəmanət.!

Çingiz Kürdəmirli.
www.kafiye.net