HƏSƏD. roman. davamı(46)

Zaur da , anası da söhbətdən sonra xeyli dinclik tapdılar. Kamilə artıq əvvəlki kimi həyəcanlı deyildi. Onu narahat edən tək bir şey, bilərziyin səssiz – küysüz geri alınması idi. Qızın rüsvay olmasını, müzakirə obyektinə çevrilməsini, nüfuzdan düşməsini birmənalı olaraq istəmirdi. “ Gəncdir , – düşünürdü , hələ çox şeyləri dərindən dərk etmir. İşi elə qurmaq lazımdır ki, adına ləkə dəyməsin. Mənliyi, şəxsiyyəti alçaldılmasın.”.
Zaur isə öz otağında sakit – səssiz oturub, hadisələri fikrində dönə – dönə götür – qoy edirdi. Qaranlıq məsələlərə səbrlə aydınlıq gətirməyə çalışırdı. Xəyalında Nübarın simasını canlandırdıqda isə…sanki başqa bir aləmə düşürdü. Qızın gülərüz çöhrəsi , ağıllı , dərin baxışları , məsum gözləri elə bil dil açıb :” Mənim heç bir günahım yoxdur , Zaur , – deyirdi”.
Həmin anda Zaur da xəyalən onunla dialoq qurur, onu sakitləşdirməyə çalışırdı. Daxilində hansısa bir qüvvə qətiyyətlə Nübarın tərəfinə keçib, onun müdafiəsində dayanırdı. Qızın günahsız olduğunu sübuta yetirməyə çalışırdı.
Səhər tezdən instituta yollanan Zaur binanın giriş qapısında mehriban söhbət edən Nübar və Sevillə rastlaşdı. Hər ikisi ilə hörmətlə salamlaşıb , dostlarının toplaşdığı yerə tərəf getdi.
Sevil Nübarın söhbətini dinləsə də , gözü Zaurda idi. Əhval – ruhiyyəsindən işin nə yerdə olduğunu təxmin etmək istəyirdi.
Zaurun həmişəki qaydada, mehribanlıqla dostlarına yaxınlaşması, onlarla şirin söhbət etməsi, deyib – gülməsi qızda bir qədər çaşqınlıq yaratdı. Onun fərziyyəsinə görə , vəziyyət getdikcə daha gərgin şəkil almalı idi . Bəs…görəsən nə baş verirdi ? Niyə Zaur əvvəlki kimi fikirli , həyəcanlı deyildi ? Niyə onun Nübarla münasibətində dəyişiklik yox idi ? Kini , nifrəti niyə yoxa çıxmışdı? Qəribədir…Yoxsa …nədənsə duyuq düşüblər? Bəlkə…bilərziyi götürüb, çantasına qoyanda onu görən olub ? Aman Allah !…Yox , yox ! Ola bilməz ! Əgər elə olsaydı , Zaurun ona münasibətində nələrsə hiss olunardı…”. Qızı fikir götürdü.
Seminar məşğələləri fərqli otaqlarda olduğundan qızlar sağollaşıb ayrıldılar. Nübar qrup yoldaşları ilə bərabər öz auditoriiyalarına tərəf getdi.
Sevil isə öz yerinə əyləşib , gözucu qapıya baxırdı, Zaurun otağa daxil olacağı məqamı gözləyirdi.
Zaur heç bir şey olmayıbmış kimi , onun yanından sakitcə ötüb, arxamasaya yaxınlaşdı. Dəftər – kitabını çıxarıb, müəllim gələnə kimi keçilmiş mövzuları təkrarlamağa başladı.
Birdən …özünə tərəf tuşlanmış iti , sınayıcı , kəskin baxışları hiss etdi . Dönüb həmin istiqamətə baxdı. Elə həmin anda da baxışları dondu; Sevilin bütün diqqəti onda idi ! Qız sanki nəfəs almadan onun bütün hərəkətlərini izləyirdi, ona göz qoyurdu.
“ Maraqlıdır , – düşündü , – Sevil niyə məni izləyir? Bu necə baxışdır?! “.
Zaurun diqqətini cəlb etdiyini duyan Sevil cəld başını çevirib, heç bir şey olmayıbmış kimi , fikrini yenicə məşgələyə başlayan müəllimə cəmlədi.
Zaurun fikri isə tam fərqli istiqamətə yönəlmişdi. “ Görəsən , Sevilin bilərzik məsələsindən xəbəri varmı? Aha…bilərzik ağzıaçıq çantadan diyirlənib yerə düşəndə, Sevil onu qaldırıb baxmış , hətta qoluna da keçirmişdi…Və…nədənsə, qız bunu hamının görə biləcəyi bir şəkildə etmişdi…Hətta gözucu Zaura tərəf də baxmışdı…Niyə ? Qəribədir…
Tənəffüsdə Zaurun tək oturub, fikirlərə qərq olduğunu görən Sevil , fürsəti əldən verməyib ona yaxınlaşdı:
-Necəsən, Zaur , – dedi , – ad günün ürəyincə oldumu?
-H…Hə , – Zaur fikirdən ayrıldı, – oldu…Əlbəttə , ürəymcə oldu.
-Anan çox yaxşı qadındır, – Sevil mülayim səslə danışmağa çalışdı, – bizi yüksək səviyyədə qəbul etdi . Hazırladıqları da ki , bir – birindən dadlı , ləzzətli idi, – sözünə ara verdi , – o da bizdən razı qaldımı ?
-Hə , çox razı qaldı , – Zaur baxışlarını kənara çəkdi.
-Bir narahatçılıq olmadı ki ?
-Yox , niyə soruşursan? Nə narahatlıq ola bilərdi ?
-Nə bilim…Ad günündən sonra , nəsə…fikirli görünürsən. 
-Fikirli deyiləm. İmtahanların yaxınlaşması ilə bağlı bir qədər həyəcanlıyam.
-Niyə ki ? Qrupda ən savadlı tələbəsən. Müəllimlər də xətrini çox istəyir. Hələ…mənim eşidib, bildiyimə görə imtahanlarda qrup nümayəndələrinə güzəştlər də olur.
-Mənə güzəşt – filan lazım deyil ! , – Zaur səsini qaldırdı, – öz halal qiymətim bəsimdir!
-Olsun, niyə əsəbiləşirsən ki? , – Sevil təmkinini pozmamağa çalışdı, – onu elə – belə , səni sakitləşdirmək üçün dedim. 
-Mən sakitəm , – Zaur daxilindəki əsəbini boğdu, – imtahanlara da bacardığım qədər yaxşı hazırlaşıram.
-Lap yaxşı , – deyib Sevil sakitcə onun yanından kənarlaşdı. Keçib yerinə əyləşdi.
“ Zaur nədənsə möhkəm narahatdır, – düşündü, – gizlətməyə çalışsa da , hiss etmək çətin deyil. Görəsən , fikrindən , xəyalından nələr keçir ? “.
Dərslərin sonuna yaxın Zaur hesabatı hazırlayıb, tələsik dəhlizə çıxdı. Pəncərənin qarşısında dayanıb, baxışlarını Nübargilin auditoriyalarına tərəf tuşladı. Qızın otaqdan çıxacağı məqamı gözləməyə başladı.
Çox keçmədi ki , Nübar da əlində hesabat vərəqi dəhlizdə göründü. Zauru görüb gülümsədi. Zaurun da üzündə biixtiyar təbəssüm yarandı. Aralarında məsafə olsa da , baxışlar onları bir – birinə yaxınlaşdırırdı.Bu baxışlarda doğmalıq , hərarət , saflıq , səmimiyyət , məkrdən, hiylədən uzaq , təmiz niyyət vardı.
Bir – birinə tərəf addımladıqca , onlara elə gəllirdi ki, bu böyüklükdə dəhlizdə onlardan savayı bir kimsə yoxdur.
Dekanlıqdakı qısa hesabatdan sonra Nübarın israrla parkda gəzişmək istəyi Zaura qəribə görünsə də, təəccübünü büruzə verməməyə çalışdı. Adətən qız belə gəzintilərdən özünü qaçırırdı.
Yenə də parkın girəcəyində Nübarın narahatlıqla ətrafı seyr etməsi gözündən yayınmadı. Qız sanki kiminləsə rastlaşacağının həyəcanını yaşayırdı. Nəyinsə baş verəcəyinə ümid edirdi.
-Nübar , – Zaur dilləndi , – bir hadisə baş vermir ki ?
-Y…Yox , niyə soruşursan?
-Mənə elə gəlir ki…Nədənsə narahatsan. Parka gəlib çatan kimi …ətrafa boylana – boylana qalırsan…
-Yox, – qızın üzü pörtdü,- heç bir yerə boylanmıram…
-Yaxşı , – Zaur söhbəti dəyişmək qərarına gəldi , – sənə bir söz demək istəyirəm.
-Buyur, – qızı maraq aldı.
-Bilirsən, sən…ehh…necə deyim…sən…mənim də , anamın da çox xoşuna gəlirsən. Anam elə hey səndən danışır.” Ağıllı, tərbiyəli , işgüzar qızdır “ deyir. Ailəvi dost olmağımızı arzulayır. Bəlkə…Bəlkə, analarımızı da bir – biri ilə görüşdürək , hə ? Necə bilirsən? 
Qız təəccüblə, həyəcandan sifəti pörtmüş , alnında tər puçurlanmış Zaura baxdı:
-Nə bilim , – çiyinlərini çəkdi , – necə ?
-Lap sadəcə , – Zaur ürəkləndi , – anam həftəsonu sizə qonaq getmək istəyir, – zəndlə Nübara baxdı , – etirazın yoxdur ki?
-Y..Y…Yoox, – qız çaşbaş qaldı , – özlüyündə “ görəsən , nə məsələdir? “ düşündü.
-Lap yaxşı , – Zaurun rəngi açıldı , – qoy ailələrimiz də bir – birini tanısın. Analarımız yaxın rəfiqə olsunlar.
Zaur özü də hiss etmədən , ürəyinin , hisslərinin əsirinə çevrilirdi. Arzularını , xəyallarını dilinə gətirirdi. 

Ardı var.

Gövher Rustamova
www.kafiye.net