HƏSƏD. roman.(40)

İş gününün sonuna yaxın Çingiz özü şöbəyə qalxdı. Könül hələ də iş yerinə qayıtmamışdı.
Çingiz əsəbi halda otaqdan çıxırdı ki, pillələri sürətlə qalxan Könüllə rastlaşdı. Qız onu görən kimi özünü itirdi , addımlarını yavaşıtdı.Günahkar görkəm alıb , astadan:
-Salam, Çingiz müəllim , – dedi . Əlindəki qovluğu gizlətməyə çalışsa da , iri olduğundan qovluq Çingizin gözündən yayınmadı.
-Salam, – Çingiz ciddi tərzdə cavab verdi, – niyə şöbədə yox idiniz Könül xanım ?
-Mən…Mən…, -qız çaşbaş qaldı, – mən bir neçə dəqiqəliyə çıxmışdım.
-Siz bir neçə saatdır ki, şöbədə yoxsunuz ! Keçək otağıma!
-Bəli.
Hər ikisi müdirin otağına daxil oldular.Çingiz ona əyləşməyi təklif edib, özü də kreslosuna oturdu:
-Könül xanım ! , – dedi , – nə baş verir ?
-Heçç…Nə olub ki , Çingiz müəllim ?
-Nə olub ? , – Çingiz səsini qaldırdı. Qalxıb otaqda o tərəf – bu tərəfə var – gəl etdi , – o olub ki , mənim müavinim məndən xəbərsiz şöbəni tərk edir . Hara getdiyini gizlədir ! , – qovluğa baxdı, – şöbənin sənədlərini şirkətdən çıxarıb harasa aparır ! Bu nə özbaşınalıqdır ? Hə ? Sizdən soruşuram!
Çingizin əsəbi danışığını qəbul otağında eşidən katibənin rəngi ağardı. “ İlahi , nə baş verir görəsən? “ düşündü.
-Mən…Mən vacib bir iş üçün getmişdim…, – Könülün səsi titrədi , – sadəcə sizi narahat etmək istəmədim.
-Hansı vacib iş ? Bilmək olarmı ? , – Çingiz özündən çıxdı , – burda bir vacib iş var !- o da şirkətin işi ! 
-Anlayıram. Günahkaram, bağışlayın, – qız başını aşağı saldı, – anamı həkimə göstərmək lazım idi.
-Şirkətin sənədlərini də həkimə göstərirdiniz ?, – Çingiz əsəblərini cilovlaya bilmirdi , – sizin nə haqqınız var ? Kim sizə o ixtiyarı verib ?
-Mən…onları elə – belə…inandırıcı olsun deyə götürdüm. Çünki, şöbədə qızlara sənədləri təsdiqlətmək üçün getdiyimi demişdim, – gözləri doldu , – bağışlayın…
-Könül xanım , heç kim heç nədən sığortalanmayıb, – Çingiz mülayim danışmağa çalışdı, – hamımızın başına hər iş gələ bilər . Amma…bu o demək deyil ki, kim necə istəsə , elə də davrana bilər.Ananıza kömək lazım idisə , bunu mənə açıq deyib, icazə istəyə bilərdiniz . Mən ki , sizə heç vaxt heç nədə kömək etməkdən imtina etməmişəm, – sözünə ara verdi , – Şirkətdə işlədiyiniz xeyli müddətdir. Mən həmişə sizə arxalanmışam, sizə inanıb etibar etmişəm. Hər zaman fikirlərinizi dinləyib, məsləhətlərinizə qulaq asmışam. Amma…son zamanlar…son zamanlar sizdə kəskin dəyişikliklər hiss edirəm, – qızın gözlərinə baxdı, – və…bu , mənim xoşuma gəlmir ! Həyatım boyu bir kəsə zərrə qədər pislik etməmişəm. Bacardığım qədər yaxşılıq etməyə çalışmışam ! Sizə sonuncu dəfə xəbərdarlıq edirəm ! Mənim , eləcə də şirkətin işinə xələl gətirəcək bir addımınızı görsəm , düşünmədən sizi tutduğunuz vəzifədən və işdən azad edəcəyəm! Məni yaxşı eşitdiniz ?
-Bəli.
-Çox gözəl! , – keçib yerinə əyləşdi , – sizə olan inamdan , etibardan sui – istifadə etməyə çalışmayın !, – sakit danışmağa çalışdı – indi isə , qalxın şöbəyə.
-Baş üstə, – Könül səssizcə yerindən qalxdı. – icazənizlə…
-Buyurun!
Qız sürətlə müdirin otağından çıxdı. Ona təəccüblə baxan katibəyə belə məhəl qoymadan iti addımlarla şöbəyə yollandı.
Əsəbdən dil – dodağını çeynə – çeynəyə “ Ufff, hər şey Arzunun gəlişindən sonra korlandı! Qıza nifrət edirəm! “ düşündü.
Çingiz bəzi işlərini qaydaya salıb, evə getməyi qərara aldı . İş gününün sonuna onsuz da az qalırdı. Evdə də , anası ilə onu xoş söhbətin gözləmədiyini hiss edirdi.
Katibəyə bir neçə tapşırıq verdi. Otağının qapısını bağlayıb , şirkətdən çıxdı.
Xavər oğlunun gəlişinə tutarlı söhbət hazırlasa da, onun yorğun görkəmini görüb fikrindən daşındı.
Çingiz isə, əksinə , döyüşə hazır əsgər kimi , hər zərbəni qəbul etməyə hazır idi.
Əl – üzünü yuyub, otağa keçən kimi anasını qucaqladı:
-Mənim nazlı anam, duzlu anam, -dedi, – şöbəmizi bəyəndimi?
-Sənin nazlı – duzlu anan şöbəni yox , başqa nəyisə bəyənməyə getmişdi, – Xavər oğlunu qucaqladı.
-Bəyəndimi?
-Nəyi ?
-Başqa nəyisə…
-Ehh…, – Xavərin üzünün ifadəsi dəyişdi ,- atalar deyir,” Qızı özbaşına qoysan , ya halvaçıya gedər , ya zurnaçıya”…bəs…niyə demirlər ki, oğulu özbaşına qoysan nə olar , hə ?
-Səncə , nə olar ?, – Çingiz gülümsədi.
-Hər halda…yaxşı bir şey olmaz.
-Aha…, – Çingiz divana əyləşdi , – gəl müzakirəni sülh və əminamanlıq şəraitində davam etdirək, – sözünə ara verdi , – de görüm , xoşuna gəlməyən nədir ?
-Hardan başlayım…, – ana qayğılı görkəm aldı, – sənin o…Könülün…
-Könül hardan mənim oldu ?, – Çingiz maraqla anasına baxdı.
-Nə bilim…Özün deyirsən də. Çox meşşan təbiətli qızdır, Çingiz.
-Eləmi ? Maraqlıdır…-Çingiz yerindən dikəldi.
-Hə, çox maraqlıdır, – ana narazı cavab verdi, – sən onun mədəniyyətindən , tərbiyəsindən, alicənablığından agızdolusu elə danışırdın ki…Amma…amma mən…fərqli bir şey gördüm.
Hərçənd ki , Çingiz danışanda Könülü yox, Arzunu nəzərdə tutmuşdu , amma eşitdikləri onda maraq yaratdığından anasının sözünü kəsməmək, əksinə, sona qədər onu dinləmək qərarına gəldi.
Xavər əvvəl üstüörtülü danışsa da, sonradan hər şeyi olduğu kimi oğluna danışmağa qərar verdi.
Çingiz onu dinlədikcə qaşları çatılır , üzünün ifadəsi dəyişirdi. Könül anbaan onun nəzərindən düşürdü.
Ana söhbətin gərginləşdiyini görüb , bir qədər yumşaq danışığa keçdi:
-Amma…, – dedi , – bir qız çox xoşuma gəldi . Bax o , – həqiqətən də , çox gözəl ailə tərbiyəsi görmüş , mədəni , istiqanlı qızdır. Böyük – kiçik yeri biləndir . Mənə hörmətlə əyləşməyi təklif etdi . Mehriban, səmimi davrandı. Hətta mən otaqda tək qalmayım deyə, başqa işçilərə qoşulub yemək fasiləsinə də getmədi. Arzu…, – ananın üzünə xoş ifadə gəldi, – adı da gözəl , özü də…
-Eləmi ? , – Çingizin üzü güldü , – bu daha maraqlı oldu .
-Hə , – oğlunun məmnunluğunu görən ana ürəkləndi , – özü də çox işgüzardır. Başını aşağı salıb elə hey işləyir.Şirkət haqqında , şöbəniz barədə ancaq xoş sözlər danışır . İşə can yandırır. Yoxsa ki…o Könül…, – sözünə ara verdi , – şirkəti , səni …elə qələmə verir ki …
-Necə ?, – Çingizin gözlənilməz söhbətdən rəngi dəyişdi , – anlamadım. Açıq danış görüm.
-Nə danışım…, – sənə bələd olmasaydım…
-Ana , gəl hər şeyi mənə olduğu kimi danış. Özün bilirsən ki “ Örtlü bazar , dostluğu pozar.”
-Nə deyim , ay bala …Qız səni elə təsvir etdi ki …Nə biim…Qadın düşkünü…filan. 
-Maraqlıdır.., – Çingiz ciddiləşdi , – sonra ?
-Deyir qızları şöbəyə şəxsi maraqların üçün yığırsan, – ana üzünü yana çevirdi, – bunları eşitmək mənə çox ağır gəldi. Bilirəm axı elə deyil, şərdir , böhtandır !
-Belə , – – Çingiz yerindən qalxdı, əsəbiliklə alnını ovuşdurdu, – düşmən ocaq başında imiş ki… Şöbədəki qızları , qadınları mən öz doğmalarm bilirəm. Namuslarını öz namusum hesab edirəm. Bunları bilə – bilə necə belə danışmaq olar? Şirkəti , məni nüfuzdan salmaqda bu qızın məqsədi nədir axı?
-Nə isə…, – Xavər cəhd etsə də , narahatlığını gizlədə bilmədi , – seçimin səhvdir , oğul . Yaxşı düşün!
-Seçimimə heç şübhən olmasın, ana , – deyib Çingiz anasını qucaqladı, – sənin üryincə olduğuna tam əminəm.
-Bu qədər danışdıqlarım səni qane etmədimi , – ana incik halda üzünü yana çevirdi, – mən evimdə Könül kimi gəlin görmək istəmirəm.
-Lap yaxşı , görməyəcəksən də ! , – Çingiz anasının əllərini ovcuna aldı , – səni əmin edirəm.
-Oğul , mən sənin istəyinə qarşı çıxmaq istəmirəm, amma…
-Səni gözəl anlayıram, – Çingiz Xavərin boynunu qucaqladı, -mənim seçimim o deyil ana .
-Bəs…bəs kimdir ?, – ana təəccüblə oğluna baxdı.
-Sənin bəyəndiyin…, – Xavərin çaşqınlığını görüb güldü , – Bəli, Arzudur .
-Arzu ? Həmən o …
-Hə , – Çingiz başı ilə təsdiq etdi , – burda sadəcə bəzi anlaşılmazlıqlar oldu , o da , eybi yox , işin xeyrinədir. Dostumuzu – düşmənimizi tanıdıq.
-Bəs…Bəs məni şöbəyə ötürəndə niyə Könülün adını çəkdin?
-Könül mənim müavinimdir . Hər bir işin icrasını ilk öncə ona tapşırıram. Bu , vərdiş halı aldığından katibəyə də onun adını verdim. Arzunun adını deməyi isə unutdum , – gülümsədi , – yanlış da bir naxışdır . Yaxşı ki, özün hər şeyi öz gözlərinlə gördün.
-Səni şadxəbər olasan bala ! , – Xavər oğlunu bağrına basdı , – səhərdən özümdə – sözümdə deyiləm, dərd məni öldürürdü , şükür Allahın böyüklüyünə ! Arzu…, – üzü güldü , – bu qız ürəymə çox yatdı. Xeyirlisi , oğlum! 
-Sağ ol , ana , – Çingiz də gülümsədi , – onun daxili aləmi çox zəngindir.Arzu qeyri – adi qızdır.Qismətdə varsa , mən onu xoşbəxt edəcəyəm.
– Amin, oğul. O , həqiqətən də, xoşbəxt olmağa layiq qızdır . Allah xeyir versin !
-Həə, – Çingiz zarafata keçdi , – oğlan evində toydur , qız evinin xəbəri yox !
-Olar , qız evinin də xəbəri olar , – Xavər oğlunun üzündən öpdü , – hər şey yaxşı olacaq , mən buna əminəm!.

Ardı var.

Gövher Rustamova
www.kafiye.net