SƏNİ, SƏNSİZLİYƏ ATDI, BU SEVDA

Sonsuz məhəbbətə qoydun məhəl, az.
Göstərdin ədalar, yersiz işvə – naz.
Söylədim. Ey gözəl, bu qədər olmaz
Artıq, son həddinə çatdı bu sevda
Səni, sənsizliyə atdı bu sevda.

Demək, aldanmışam səni seçimdə,
Bu necə, eşq imiş belə biçimdə?
Fəda etdim canı yandım içimdə
Sönük duyğularda yatdı, bu sevda
Səni, sənsizliyə atdı, bu sevda.

Uduzar qərarı tələsik alan,
Özgə fitvasından asılı qalan.
Sahilə çıxmağı mümkünsüz olan
Kədər ümmanında batdı, bu sevda
Səni, sənsizliyə atdı, bu sevda.

Olmadın qərarın adil hakimi.
Bir zaman qəlbinin göynəyər simi.
İşində yarıtmaz bir tacir kimi
Dəyərə – dəyməzə satdı bu sevda
Səni, sənsizliyə atdı, bu sevda.

Mübariz Hüseyn Borçalı
www.kafiye.net