GETDİ

Həyat yolumuzda qurdu min tələ,
Atdı hərəmizi başqa bir elə.
Düşsə də eşqimiz çox dildən dilə,
Sağır qulaqlara çatmamış itdi,
İyirmi beş ilimiz beləcə getdi.

Bəlkə,uşaq idik uyduq min sözə,
Bəlkə də sevgimiz gəldi pis gözə.
Həsrətin oduna biz dözə dözə,
Boşuna gəncliyin zamanı bitdi,
İyirmi beş ilimiz beləcə getdi.

Çıxdı əlimizdən kələfin ucu,
Bilmədik bu işdə kimin var suçu.
Sizin sevginizə kimin nə borcu?
Deyərək,hər kəs öz başından etdi,
İyirmi beş ilimiz beləcə getdi.

Kim görə bilmədi göydə Allahı?
Aldı üzərinə böyük günahı.
Bir eşqin fəryadı,bir eşqin ahı,
Ucalıb göylərə Tanrıya yetdi,
İyirmi beş ilimiz beləcə getdi.

Sanmayın keçmişlə beyin yoruram,
Daha gələcəyə xəyal qururam.
Bircə sualım var onu soruram,
Həyat,iki aşiq sənə nə etdi?
İyirmi beş illəri boşuna getdi.

Müəllif.Metanet Duyğulu.
22.06.2018.
www.kafiye.net