Gəldim

İçimdəki səssiz təlatümləri
Toplayıb gözümün yaşına, gəldim.
Tutub cilovundan günah yelinin
Daş basıb bağrımın başına, gəldim.

Köksüm fırtınalar yatağı kimi,
Yatmış bir vulkanın ocağı kimi.
İradəm arzuma bir yağı kimi…
Beləcə özümün xoşuma gəldim.

Xəzan gülləritək solsam da yenə,
Ömrə dərddən naxış salsam da yenə,
İçimdə uşaq tək qalsam da yenə,
Ömrün müdrikləşən yaşına gəldim

Əsir-yesir oldum hicran əlində,
Sözüm düyünlənib qaldı dilimdə,
Qarış-qarış gəzib günah elində,
Ya Rabbi ,mən sənin qarşına gəldim

Tamara  Rustamova Tenha Bulud/03.06.2017″Xəzinə-2″ dən
www.kafiye.net