HƏSƏD  roman.(38)

Nahar fasiləsinə az qalmış Sənubər daxili telefonu qaldırıb:
-Çingiz müəllim , – dedi.
-Bəli, – Çingizin səsi eşidildi.
-Bir xanım təkidlə sizinlə görüşmək istədiyini deyir, amma adı qəbulunuza yazılanların siyahısında yoxdur.
-Eləmi ? Kimdir o xanım ?
-Adı Xavər xanımdır , dediyinə görə siz onu tanıyırsınız. 
Çingiz özünü gülməkdən zorla saxladı. “ Ay səni ana…Hövsələsi çatmayıb,durub bura gəlib”.
-Hə…Bəli…Ötürün, içəri gəlsin, – Çingiz ciddi danışmağa çalışdı.
Çox keçmədi ki , Xavər qapıda göründü. Çingiz anasını görən kimi yerindən qalxıb, ona tərəf getdi. Boynunu qucaqlayıb kresloya əyləşməyi təklif etdi:
-Bizim Xavər xanımdan nə əcəb ? , – deyib gözlərini qıydı, – şirkətin işləri ilə maraqlanmağa başlayıbmı?
Ana oğlunun eyhamını başa düşüb gülümsədi:
-Şirkətin işləri özünüzə qalsın. Məni maraqlandıran başqa işlərdir.
-Həə, – Çingiz təbəssümlə siyirmədəki şokolad qutusunu açıb stolun üstünə qoydu , – elə isə, ağzımız şirin olsun!
-Ağzımızın şirinliyi üçün bəzi məsələlər həll olunmalıdır, Çingiz müəllim, -ana oğluna zəndlə baxdı.
-Nə deyirəm, olsun!, – Çingiz dəstəyi qaldırıb , – Sənubər xanım, bizə çay gətirin! , – dedi.
-A bala , – Xavər səsini qaldırdı, – sən şirinçay içməyə hazırlaşırsan?
-Niyə də yox ? , – Çingiz ucadan güldü . Neçə illərdir o şirinçayın həsrətindəsən?
-Çay hələlik gözləsin , -Xavər qaşlarını qaldırdı, – evdən çıxanda içmişəm. Yaxşısı budur , məni şöbənlə , ən əsası da…əsərin qəhrəmanı ilə tanış et, – amma…ehmalca, – gülümsədi.
-Anladım, – Çingiz anasına baxıb bic – bic güldü , – nə dil bilsin , nə dodaq.
-Hə, – Xavər fikrə getdi , – ağlıma belə bir fikir gəlib.. Deyim ki, qızım şöbənizdə işə düzəlib. Mən onun iş şəraiti və icra edəcəyi işlə , alacağı məvaciblə maraqlanıram. Hə, necə fikirdir?
-Əla! Bundan gözəl fikir ola bilərmi ? Belə fikirlər…, – katibənin çay gətirdiyini görüb ciddiləşdi.
Sənubər otaqdan çıxdıqdan sonra cümləsini tamamladı, – belə fikirlər ancaq Xavər xanıma məxsus ola bilər.
-Sən nə vaxt ciddi olacaqsan?, – Xavər çaydan bir qurtum içdi, – Mən fikirdən səhərə qədər yatmamışam, bu öz kefindədir, – Yaxşı , nə deyirsən ? Şöbəyə qalxımmı? , – yerindən qalxdı, – yoxsa başqa vaxta qalsın?
-Niyə ki ?, – Çingiz də yerindən qalxdı, – madam ki, gəlmisən, risk edək, – düyməni basdı, – Sənubər xanım, zəhmət olmasa bura gəlin , – dedi.
Sənubər “ Baş üstə! “ deyib otağa daxil oldu.
Çingiz ciddi tərzdə:
-Sənubər xanım ,- dedi, – xahiş edirəm , Xavər xanımı şöbəmizlə tanış edin. Könül xanıma deyin ki, xanımın qızı işə qəbul olunub. Ana onun iş şəraiti , məvacibi , görəcəyi işin xarakteri ilə maraqlanır.Mümkünsə, onu məlumatlandırsın.
Sənubər :
-Bəli , – dedi.
Xavər yenidən oğluna baxdı:
-Təşəkkür edirəm, Çingiz müəllim, – dedi.Hələlik.
-Buyurun, Xavər xanım, – deyib Çingiz onlarla bərabər dəhlizə çıxdı.
Anası ilə Sənubəri şöbəyə ötürəndən sonra kabinetinə qayıdıb yerinə əyləşdi.” Ax qadınlar, qadınlar! Necə də qəribə varlıqdırlar ! , – düşündü , – tamaşa qurmaq əllərindədir”.Birdən nə düşündüsə…
-Vayyy, – dedi, -mən ona Arzunun adını demədim axı…, – güldü, – orda o qədər qız var ki…Ay səni , ana …Özünü də çaşbaş qoyub, məni də…
Sənubər şöbənin qapısını açıb , əvvəlcə Xavərə yol verdi, arxasınca da özü otağa daxil oldu.Qızlar hərəsi öz işi ilə məşğul idi. Otaqda tam sakitlik hökm sürürdü.
Sənubər Könülün masasına yaxınlaşıb, salam verdi.
-Könül xanım, – dedi , – tanış olun, bu Xavər xanımdır. Qızı şöbənizdə işə qəbul olunub. Xanım qızının işi və iş şəraiti ilə maraqlanır. Çingiz müəllim tapşırdı ki, onu maraqlandıran bütün məsələlərə şəxsən özünüz aydınlıq gətirəsiniz.
Könül qadını təpədən – dırnağadək süzüb, ağızucu :
-Yaxşı, – dedi, -Çingiz müəllim tapşırıbsa , aydınlıq gətirərik.
Sənubər sağollaşıb otaqdan çıxdı.
Könül qaşlarını qaldırıb əda ilə:
-Sizi məhz nə maraqlandırır? , – soruşdu .
-Bilirsiz…, – Xavər sözə başladı, mənim…
Nahar fasiləsinin başladığını bildirən zəng səsi onun sözünü ağzında qoydu.Könül saata baxıb:
-Nahar fasiləmiz başladı, – dedi, -bir saat gözləməli olacaqsınız, – deyib qadının əyin – başını, taxdığı qızıl – zinət əşyalarını süzdü , – fasilədən sonra görüşənədək.
Otaqdan çıxıb yeməkxanaya yollandı. 
Xavər pərtliyini büruzə verəməkdən ötrü ətrafa nəzər saldı. Özlüyündə “ Hmm…, – düşündü , – Çingiz bayaq katibəyə qızın adını gərək ki …” Könül xanım” dedi, – dodağını dişlədi, – bu , həmin Könül xanımdırsa , vay halımıza!”.
Könül yeməkxanada nahar edə – edə fikrə getmişdi :” Anlamadım…bizim şöbəyə işçi tələb olunmurdu axı…Bu qadının qızı işə necə qəbul olundu ? Özü də məndən xəbərsiz ? Qəribədir…Demək, Çingiz artıq mənə etibar etmir , mənimlə məsləhətləşməyi lazım bilmir.Eh…Çingiz, Çingiz…qızları şöbəyə yığmaqda məqsədi nədir görəsən ? Arzu az idi , bu da bu yandan çıxdı. Qadın…geyim – keçimindən varlı – hallı adama oxşayır. Gözəgəlimlidir. Demək, qızı da xoşagəlimli qızdır. Bir rəqib daha artdı ! Yox, çalışmaq lazımdır ki, iş barədə verilən məlumatlar qadını qane etməsin. O zaman bəlkə də , qızının bizim şöbədə işləməsini istəməz.Hə, doğru fikirdir , bacardığım qədər onu şöbədən narazı salmalıyam.”
Işçilər bir – bir şöbədən çıxdıqdan sonra Xavər otağa maraqla göz gəzdirdi.Könülün saymazyana davranışından tutulsa da , şöbənin səliqə – sahmanı, otağın ümumi görünüşü xoşuna gəldi .
Qayıdıb Çingizin otağına getmək istəyirdi ki , yaxınlığındakı masanın arxasından hənirti hiss etdi. Maraqla həmin tərəfə baxdı. 
İşçilərdən bir nəfər işləməklə məşğul idi. Xavəri onun nahar fasiləsinə getməməsinin səbəbi maraqlandırdı. Sakitcə ona yaxınlaşıb:
-Qızım , – dedi , – siz də bu şöbənin işçisisinizmi ?
Qız fikrini işdən ayırıb səs gələn tərəfə baxdı . Qarşısında səliqəli geyimli , gülərüz , xoşagəlimli qadını görüb gülümsədi:
-Bəli, – dedi , – bu şöbənin işçisiyəm, – ətrafa baxdı , qalxıb stul gətirdi. Masasının yaxınlığında qoydu, – ayaq üstə dayanmayın, buyurun, əyləşin , – dedi.
Xavər stulu çəkib əyləşdi:
-Çox sağ ol , qızım , – dedi , – bəs sən nahar etməyəcəksənmi ?
Qız gülümsədi :
-Əlimdə vacib bir iş var , – dedi, – mən onu günün sonuna qədər təhvil vermək istəyirəm. Sona çatdırmağıma lap az qalıb. 
Qızın mehriban , şirin danışığı Xavərin xoşuna gəldi.
-Adın nədir, qızım?, – soruşdu.
Qız mülayim baxışla ona baxdı:
-Adım Arzudur .
-Nə gözəl adın var. Mənim adım Xavərdir.Qızım elə sən yaşda olar. Çingiz müəllim onu şöbənizə işə qəbul edib. Ana kimi övladımın iş şəraiti ilə maraqlanıram.
-Lap yaxşı, – Arzunun gözləri güldü , – demək , rəfiqəmizin sayı artdı. Heç nəyə görə narahat olmayın. Şöbəmizin işçiləri bir – birindən yaxşıdır. İşgüzar, mehriban kollektivimiz var. Çingiz müəllim də çox gözəl insandır, hər bir işçinin qeydinə qalır. İşə münasibəti ciddi olsa da , qayğıkeş , rəhmlidir. 
-Eləmi? , – onu maraqla dinləyən Xavər dilləndi, – mənə bir qədər zəhmli göründü.
-İşinin xarakteri elə tələb edir, amma çox mədəni , istiqanlı insandır, – nəsə fikirləşib, – sizə gördüyümüz işlər barədə də qısa məlumat verimmi?
-Yox qızım, özünü yorma. Yaxşısı budur, sən də hamı kimi yeməkxanaya get. İş qaçmır, fasilədən sonra davam edərsən.
-Sizi burda tək qoya bilmərəm, – Arzu mehribanlıqla ona baxdı, – narahat olmayın, bir azdan qızlar qayıdacaqlar. O zaman mən nahar edərəm.
Xavər bir söz deməyib, Könülün masasına tərəf baxdı:
-Bəs …Könül? Məncə bu qız çox təkəbbürlüdür.
-Yox, – elə deyil, Xavər xanım, – Arzu gülümsədi, – Könül yaxşı qızdır, mehribandır. Qızlar onun xətrini çox istəyir.Savadlı, bacarıqlı işçidir. Hamıya kömək edir, şirkətin işinə çox can yandırır.
Könül nahar yeməyini bitirib, yeməkxanadan çıxdı. Otağa daxil olduqda . qadının Arzu ilə şirin söhbət etdiyini görüb istehza ilə gülümsədi.
-Qızım , get yeməyini ye, mən artıq tək deyiləm, – Xavər mehribanlıqla Arzuya baxdı. Könül xanımla da bir az söhbət edib gedəcəyəm.
-Yaxşı, – Arzu razılaşdı, – sizinlə tanış olmağıma çox şad oldum. Qismət olarsa , yenə görüşərik. Qızınıza görə isə narahat olmayın, hər şey yaxşı olacaq. Ümidvaram ki, biz onunla rəfiqə olacağıq.
Xavər yerindən qalxıb Arzuya yaxınlaşdı. Üzündən öpüb:
-Çox sağ ol, qızım , – dedi. Ürəyim sakitləşdi. Qızımın belə rəfiqəsi olacağına lap sevindim. Sağ ol, mənim balam.
Arzu da da onu öpüb otaqdan çıxdı.
Kənardan bütün bunları seyr edən Könül rişxəndlə Arzunun arxasınca baxıb:
-Hmm, – dedi, – özünün gəldiyi beş gündür, elə danışır , elə bil şöbənin sahibidir!
-Könül xanım, siz fasilədə olduğunuz müddətdə mən şöbənizlə tanış oldum, – Xavər təmkinini pozmadı, – məncə çox gözəl kollektiviniz var.
-Bunu sizə Arzu dedimi?, – Könül gözlərini süzdü, – siz ona çox da qulaq asmayın. Qeybətcil, aravuranın biridir. Qızlar onu heç xoşlamırlar. Açığını deyim ki, mən bu şirkətdə işləməyimə çox peşimanam.
-Niyə?
-İş çox, məvacib aşağı. Müdir isə…qadın düşkünü…
Xavərin qaşları çatıldı.

Ardı var.

Govher Rüstemova 
www.kafiye.net