HƏSƏD. roman.(39)

İlahi, o , nələr eşidirdi?
Könül qadında mənfi rəy yaratmağa müvəffəq olduğunu hiss edib bir az da ürəkləndi.
-Kənardan hər şey gözəl görünə bilər, amma…-çantasından güzgü və dodaq boyasını çıxardı, – amma, daxildə vəziyyət çox fərqlidir, – dodaqlarını al qırmızı boyadı, – mən bir neçə yerə iş üçün müraciət etmişəm, ürəyimə yatanı olan kimi , təcili surətdə buralardan uzaqlaşacağam.
-Hmm… , demək belə , – oturmaq olarmı?, – Xavər yenidən əyləşdi , – bəs…bəs mənim eşitdiyimə görə…burda işçilərlə çox hörmətlə davranırlar. Əməkhaqları da digər şirkətlərə nisbətən yüksəkdir…Maraqlıdır, – fikrə getdi.
Könül nə fikirləşdisə, zəndlə qadına baxdı:
-Siz Çingiz müəllimi şəxsən tanıyırsınız ? 
-Yox , – Xavər qətiyyətlə cavab verdi, – bu gün onu birinci dəfə idi ki, görürdüm.
-Qohumluğunuz , şəxsi tanışlığınız yoxdur ki ?
-Yox , yox , – Xavər ciddi görkəm aldı, – mən …qızımın işə qəbul olunduğunu eşidib çox sevinmişdim, amma…Görünür , analıq hissiyyatım məni yanıltmayıb. Qızımdan xəbərsiz, özüm şəxsən onun işləyəcəyi yerlə tanış olmaq istədim…Bu da ki…belə…, – gözü yol çəkdi. Qısa aradan sonra , – amma…müdiriniz mənə xoş təsir bağışlamışdı, – deyib zəndlə Könülə baxdı.
-Hə…İlk baxışdan elə görünür, – Könül gülümsədi, -bir də ki … yaşlı xanım olduğunuzu unutmayın , – siyirməni açıb iri bir qovluq çıxartdı, – onun marağı gənc qızlaradır , – qovluqdakı vərəqləri gözdən keçirməyə başladı. Fikrini onlardan ayırmadan, – sizcə, bu boyda şöbəyə niyə yalnız gənc qızları toplayır?, – qadının düz gözlərinə baxdı.
-Aman Allah !, – Xavərin gözləri böyüdü , – ağlıma belə gətirməzdim…Bu cür mədəni , alicənab biri…
-Bəli…, – Könül başı ilə təsdiqlədi, -belələri cilddən – cildə girməyi məharətlə bacarırlar. Sizin o “alicənab “ bildiyiniz isə…işdən kənar saatlarda tam fərqli biridir. Gecə saatlarına qədər şirkətdən getmir , sizcə…niyə? Nə isə…, – söhbəti yekunlaşdırmaq qərarına gəldi, – məni bağışlayın, işim çoxdur. Sənədləri təsdiq etmək üçün bir neçə yerə baş çəkməliyəm. Başqa bilmək istədikləriniz var ?
-Xeyr , – Xavər ayağa qalxdı, – elə mən də gedim . Nəyi bilmək istəyirdimsə , bildim.
-Çox gözəl ! Amma …ümidvaram ki…söhbət burda qalacaq, – Xavərə baxdı, – mən sizə ürək qızdırıb, hər şeyi olduğu kimi danışdım, – qızınızın belə bir yerdə işləyib, yolunu azmasını istəməzdim, – çantasını götürdü . 
Fasilədən qayıdan qızlara :
-Mən işlə əlaqədar bir neçə saat burda olmayacağam, – dedi , – Çingiz müəllimin tapşırığıdır, – işlərinizi tamamlayın, gəlib təhvil alacağam!
Dönüb Xavərə:
-İş saatı başlayır , yəqin ki…
-Hə, hə ,..,- Xavər onu qabaqladı, – mane olmayım.Sizə də təşəkkür edirəm.
Könül qovluğu götürüb şöbədən çıxdı. Pillələri tələsik düşüb , şirkətin həyətində saxladığı avtomobilinə yaxınlaşdı. Qapısını açıb, sükan arxasına əyləşdi. Avtomobili işə saldı.
Eşitdikərinin təsirindən hələ də ayılmayan Xavər pilləkənləri ehmalca enməyə başladı. Aşağı mərtəbəyə çatanda çevrilib oğlunun kabinetinə tərəf baxdı . Ürəyi onu həmin tərəfə çəksə də, ayaqları yerimədi . Belə əhvalda onunla görüşüb nələrisə müzakirə etməyi yersiz hesab etdiyindən başını aşağı salıb , sakit , süst halda binadan çıxdı. Aramla yeriməyə başladı. Bir neçə addım getmişdi ki , 
-Dediklərimi yaxşı – yaxşı götür – qoy edin ! , – Könülün səsinə diksindi.
Qız maşının açıq pəncərəsindən onu yenidən başdan – ayağa süzdü . Maşını iti sürətlə sürüb , ordan uzaqlaşdı.
Maşının arxasınca xeyli dayanıb baxan Xavər nə edəcəyini , hara gedəcəyini bilmirdi. Ana çox sarsılmışdı. Görəsən, eşitdiklərinin hansı doğru , hansı yalan idi ? Çingizin seçimi bu idimi ? Sadə, imkansız ailədə yetimçiliklə böyüyən , abır – həyalı, tərbiyəli , mədəni qız bu idimi ? Doğrudanmı məhəbbətin gözü kordur ?
Anasından bir xəbər çıxmadığını görən Çingiz narahat oldu. Əlindəki işi kənara qoyub dəstəyi qaldırdı:
-Sənubər xanım , – dedi , -bilmirsiniz Xavər xanım hələ şirkətdədirmi ?
-Bilmirəm, Çingiz müəllim, – katibənin səsi eşidildi, – mən onu şöbəyə ötürüb geri qayıtdım, – qısa ara verib, – lazımdırsa , öyrənə bilərəm.
-Hə…zəhmət olmasa …fikirlərini bilmək istərdim.
-Bu dəqiqə! , – deyib Sənubər otaqdan çıxdı.
Çox çəkmədi ki, geri dönüb :
-Çingiz müəllim , – dedi , – Xanım şöbədə yoxdur. İşçilərin dediyinə görə, nahar fasiləsindən sonra Könül xanımla bir qədər söhbət edib, çıxıb getmişdir.
-Belə…, – Çingiz fikrə getdi , – Könül xanımı buraya çağırın.
-Könül xanım şöbədə yoxdur.
-Niyə?
-Bilmirəm. Dedilər ki, sizin tapşırığınızla harasa gedib.
-Eləmi ? , – Çingiz təəccübləndi, – hə…yadıma düşdü…elədir. Çox sağ olun.
-Buyurun.
Çingiz dəstəyi yerə qoyub düşüncələrə daldı : “ Demək belə…Anam Könüllə söhbətdən sonra xəbərsiz – ətərsiz çıxıb gedib…Belə çıxır ki…Yaxşı, bəs…Könül hardadır ? Niyə icazəsiz şöbədən çıxıb? Hara gedib?…Qəribədir…Nə baş verir ?”.
Telefonun dəstəyini qaldırıb evə zəng vurdu . Bir neçə çağırışdan sonra Xavər dəstəyi qaldırdı:
-Alo !
-Ana , Evdəsən? Niyə mənimlə görüşmədən getdin? Narahat oldum.
-M…m..nə bilim…işlərinə mane olmaq istəmədim . Söhbəti evdə də etmək olar.
-Hə…amma…kefin yoxdur nəsə….hər şey qaydasındadırmı ?
-Gələrsən , evdə danışarıq.
-Yenə də olsun . Bəlkə ucundan – qulağından…
-Ehh…
-Nə oldu axı ? , – Çingiz səbrsizləndi , – kasıb qız ürəyinə yatmadı ?
-Kasıb qızın maşınının yeli məni az qala vurub yıxacaqdı.
-Nə ?!, – Çingiz ucadan güldü , – hansı maşınının ? Yazıq hər gün avtobusda zülmlə gəlir – gedir.
-Elə “ yazıq “ları çox görmüşük bala. Nə isə…Evə gələrsən, danışarıq. Sənə başqa deyəcəklərim də var.
-Yaxşı , – Çingiz söhbəti uzatmadı, – dincəl , – bu gün həmişəkindən tez gələcəyəm. Doyunca söhbət edərik.
Dəstəyi yerinə qoyub fikrə getdi. Arada hansısa anlaşılmazlıqların olduğu açıq – aşkar hiss olunurdu. “ Maşınının yeli məni az qala vurub yıxacaqdı…”, – özlüyündə təkrarladı.Qaşları düyünləndi : “ Anam kimi nəzərdə tutur görəsən? …Dayan, dayan…Aha…anamla eyni vaxtda şirkətdən çıxan…Könül olub ! Həə…aydın oldu !” , – qalxıb otaqda gəzişdi, – maraqlıdır , aralarında nə söhbət olub ? Hər halda…anam məmnun deyil…
Qapını açıb katibəyə :
-Sənubər xanım, – dedi , – Könül xanım şöbəyə gələn kimi otağıma çağırın ! 
Katibə :
-Baş üstə! , – dedi.

Ardı var.

Govher Rüstemova
www.kafiye.net