SEVGİNİN SİRRİ

Hər kəs sevgi üçün bir sual qurar,
Sonra bu sualın cavabın arar.
Kimisi bənzədər geniş cahana,
Kimisi bənzədər şirincə cana.
Kimisi endirər ayı,günəşi,
Kimisi vəsf edər xumar baxışı.
Amma ki,sevginin sirri çox dərin,
Onunla gülübdür üzü bəşərin.
Əgər ki,bu sirri bilmək istəsən,
Gərəkdir ki ona əməl edəsən.

Sevdiyin önündə ucaltma səsi,
Yalanla kirlətmə o saf nəfəsi.
Nədə ayağında qul ol kölə ol,
Hər sözün söz edib saç başını yol.
Bir an keçmişlərə səyahət eylə,
Dönərək bir anlıq düşün sən belə.
Qadın nə ayaqdan başdan yarandı,
Nədə yamaq olub qola calandı.
Yarandı kişinin qabırğasınnan,
Elə həmin andan canlandı cahan.
İlk sevgi məhəbbət quruldu yalnız,
Qadının kişiyə sığınmağınnan.

Sevgi müqəddəsdir deyiblər niyə?
Tanrı sevə sevə yaratdı deyə.
Tanrı sevdiyini sən də sev qoru,
Saf bulaq suyu tək saxla dum duru.
Ol hirsli anında səbrinə hakim,
Səhv etsə müəllim,ağrısa həkim.
Ağlasa silərsən göz yaşlarını,
Gülümsər tutarsan baxışlarını.
Səni səsləyəndə can deməlisən,
Hər söz danışanda dinləməlisən.
Hər addım başında sıx ki,əlini,
Ürəklə bağlasın sənə belini.

Başın ağrıyanda,könlün yananda,
Kədərli və yorğun çətin anında.
Sığınma nə mala nədə dövlətə,
Nə dosta tanışa şana şöhrətə.
Nə qədər ağırlıq çöksə beyinə,
Bir Tanrıya sığın bir sevdiyinə.
Hər an sevdiyinin qəlbini dinlə,
O zaman o ürək vurar səninlə.
Sevgi axtaranda bilərsən ki sən,
Əbədi tükənməz sevgi özünsən.

Müəllif.Mətanət Duyğulu.
16.06.2018
www.kafiye.net